Günahsız insanların ölümünə səbəb olan adam necə demokrat ola bilər? - JURNALİST MÖVQE BİLDİRDİ

6 Dekabr 2021 13:10 (UTC+04:00)

"Ermənilər mina xəritələrini Azərbaycanla alver predmetinə çeviriblər. Halbuki mən onlarda dəqiq mina xəritələrinin olduğuna şübhə edirəm. İndiyə kimi verdikləri mina xəritələrinin yalnız 20 faizi düz çıxıb. Bu isə o deməkdir ki, ermənilərdə minalanmış ərazilərin dəqiq xəritəsi yoxdur. Sadəcə olaraq, məsələnin həssas olduğundan sui-istifadə edir, əllərindəki yarasız xəritələrin hesabına Azərbaycandan nələrsə qoparmaq istəyirlər". Bunu SİA-ya açıqlamasında Jurnalist Araşdırmaları Mərkəzinin sədri, Yenisabah.az saytının baş redaktoru Seymur Verdizadə deyib.

O, qeyd edib ki, Ermənistanın mina xəritələrini alver predmetinə çevirməsi qeyri-insani davranışdır. Bu, erməni xislətinin nəticəsidir. Dinc insanların minaya düşüb ölməyindən ancaq ermənilər kimi bəşəri faciələr törətmiş adamlar zövq ala bilərlər.

Seymur Verdizadə bu barədə fikirlərini belə izah edib: "Beynəlxalq ictimaiyyət mina xəritələrini Azərbaycana verməsi üçün Ermənistana təzyiq etməlidir. Paşinyan özünü beynəlxalq aləmə demokratik kimi sırımaq istəyir. Günahsız insanların ölümünə səbəb olan adam necə demokrat ola bilər? Onun hərəkətinin adı cinayətdir. Paşinyanın mina xəritələrini verməməsinə göz yuman beynəlxalq ictimaiyyət də onun cinayətlərinə şərikdir. Bəlkə də Paşinyan “Demokratiya sammiti”ndə onun-bunun üzünə irişəndə, Azərbaycanda hansısa günahsız insan minaya düşüb, ya həlak olaacq, ya da şikəst qalacaq. Təkcə 2021-ci ilin iyun ayında Azərbaycanda 8 mülki, bir hərbi şəxs mina qurbanı olub. Bu adamların hamısının qanı Paşinyanın və Ermənistanın hakimiyyətinin vicdanına yazılır. Onlar bu cinayətlərinə görə mütləq cavab verəcəklər".