Azərbaycanın ali təhsil sistemi dünyada ciddi qəbul ediləcək - TƏHSİL EKSPERTİ ŞƏRH ETDİ

6 Dekabr 2021 12:21 (UTC+04:00)

"İlk növbədə qeyd edim ki, Azərbaycan-Türkiyə təhsil əlaqələri hər il yüksələn xətt üzrə artır. Xatırladım ki, Azərbaycan hələ sovet dönəmi zamanından Türkiyə ilə ali təhsil sahəsində əlaqələr yaratmağa başlamışdır. Lakin bu əlaqələr mövcud dövrün siyasi tələblərinə uyğun aparılmış və müstəqil olmayıb. Şübhəsiz ki, bu da iki qardaş xalqın milli maraqlarının təmin edilməsi istiqamətində çox mənfi hal olub. Amma müstəqilliyi bərpa olunduqdan sonra Azərbaycan Türkiyə ilə təhsil sahəsində əməkdaşlığa daha böyük önəm verib". Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.

Onun sözlərinə görə, 1992-ci ilin 16-23 may tarixində Ankarada türk dövlətlərinin təhsil nazirlərinin toplantısı keçirildi və bu yığıncaqda təhsil sahəsindəki əməkdaşlıqdan, onun qarşısında duran problemlərdən bəhs edildi: "Belə ki, bu toplantıda qardaş dövlətlərin təhsil işində bir-birlərinə yaxından kömək etməsi, təhsil ocaqlarının qarşılıqlı təşkili, bu işlərdə qarşıda duran problemlər və bu problemlərin birgə aradan qaldırılması və s. məsələlər geniş müzakirə edilərək lazımi qərarlar verilmişdir".

"Azərbaycan Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında təhsil sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün sonrakı illərdə də siyasi və hüquqi bazanın möhkəmləndirilməsi istiqamətində xeyli tədbirlər həyata keçirilmişdir".

"Son illərdə görülən işlərin nəticəsində Türkiyə tərəfinin yeni təlim texnologiyaları sahəsindəki bilik və bacarıqlarını Azərbaycan tərəfi ilə bölüşməyi, dərs vəsaitlərinin hazırlanmasında və müəllimlərin bu sahədə ixtisasartırmaları istiqamətlərində, həmçinin Azərbaycan tərəfinin Dünya Bankı və başqa beynəlxalq qurumlarla həyata keçirəcəyi layihə fəaliyyətlərinə hər cür texniki yardım göstərməsi olduqca müsbət haldır.

"Bir məqamı qeyd edim ki, Türkiyənin Qazaxıstan və digər bir neçə ölkə ilə birgə universiteti fəaliyyət göstərir. Bütün sahələrdə Azərbaycanla qardaşlıq münasibətində olan dost ölkənin ortaq ali təhsil müəssisəsi yaratması çox mühüm hadisədir. Qeyd edim ki, hazırda Türkiyədə 21 min azərbaycanlı gənc ali təhsil alır. Digər tərəfdən isə Türkiyə universitetlərinin əksəriyyəti dünya reytinqində öncül yerlərdədir və məzunları müasir standartlara, əmək bazarının tələblərinə tam şəkildə uyğun gəlir. Ona görə də onların təcrübəsindən yararlanmağa böyük ehtiyac var".

"Mövcud qanunvericiliyə görə Azərbaycan və Türkiyə birgə universitet yarada bilər. Belə bir ali məktəbin yaradılması üçün iki ölkə arasında təhsil müqavilələri olmalıdır ki, Azərbaycan və Türkiyə arasında da kifayət qədər çox istiqamətli müqavilələr var. Azərbaycanın birgə universitet təsis etmək təcrübəsinin olduğunu xüsusi ilə qeyd etmək istəyirəm. Belə ki, hazırda Azərbaycan və Fransa birgə universiteti – UFAZ yaradılıb və fəaliyyət göstərir. Türkiyə və Azərbaycanda təhsil sahəsində islahatlar həyata keçirilir".

Ekspert sözlərinə belə davam edib: "İnanıram ki, Azərbaycan-Türkiyə birgə ali məktəbin yaradılmasına dair danışıqlar olacaq və müsbət həll olunacaq. Xarici ölkə universitetlərinin olması ölkədə ali təhsil müəssisələri arasında rəqabət mühitini də formalaşdıra bilər. Eyni zamanda, xarici ölkə təcrübəsinin ölkəmizə gəlməsinə şərait yaradacaq. Digər tərəfdən Türkiyə universitetlərinin, özəl məktəblərinin əksəriyyəti dünya reytinqində öncül yerlərdədir. Məzunları müasir standartlara, əmək bazarının tələblərinə tam şəkildə uyğun gəlir. Ona görə də onların təcrübəsindən yararlanmağa böyük ehtiyac var".

"Mövcud qanunvericiliyə görə, Azərbaycan və Türkiyə birgə universitet və orta məktəb yarada bilər. Belə bir ali məktəbin yaradılması üçün iki ölkə arasında təhsil müqavilələri olmalıdır. Azərbaycanın birgə məktəb təsis etmək təcrübəsi var. Bakıda, “Ağ Şəhər” adlanan ərazidə Bakı Fransız Liseyi və UFAZ universiteti var. Bir neçə ölkə ilə birlikdə Azərbaycanda məktəblər yaradılıb. Seçinov adına Moskva Tibb Universitetinin, Lomonpsof adına Moskva Beybəlxalq Universutetinin Azərbaycanda filialları var. Azərbaycan-Türkiyə birgə məktəbi ölkədə orta təhsil müəssisələri arasında rəqabət mühitini də formalaşdıra bilər. Eyni zamanda xarici ölkə təcrübəsinin ölkəmizə gəlməsinə şərait yaradar".

"Yəni Türkiyədə bir neçə universitet var ki, bu və ya digər göstəricilərinə görə dünyada ciddi qəbul edilmiş universitetlərdəndir. Məsələn, Boğaziçi və Koç kimi universitetlər var ki, onları bitirmiş şəxslər, hətta İngiltərədə, Amerikada hər hansı imtahan vermədən işə girə bilərlər. Bu da həmin universitetlərdə tədrisin necə keyfiyyətli olduğunu göstərir. Hesab edirəm ki, Azərbaycanın da yeni ali təhsil müəssisələrinə ehtiyacı var. Təəssüf ki, Azərbaycanda hazırda dövlət, özəl və xüsusi xidmət universitetləri ilə birlikdə 50-dən çox ali təhsil müəssisəmiz var. Lakin biz beynəlxalq reytinqdə o qədər də ciddi qəbul edilən universitet imici formalaşdırmamışıq. Bunun əsas səbəbi ali təhsil müəssisələrimizin keyfiyyətli kadr hazırlamaması ilə yanaşı maddi-texniki bazasının zəif olması, eyni zamanda laboratoriya, yataqxana kimi resusların olmamasıdır. Bunlar birmənalı şəkildə prosesə təsir göstərir".

Kamran Əsədov son olaraq da bunları qeyd edib: "Hazırda Bakı şəhərində məkan, yer problemi var. Tələbə şəhərciyinin, eyni zamanda universitet kampusunun yaradılması o qədər də real deyil. Digər tərəfdən isə bunun üçün böyük vəsaitlər lazımdır. Lakin işğaldan azad edilmiş ərazilərin bərpası üçün Türkiyə nümunəsində universitet kampusları da olacaq. Çünki Türkiyənin 210-a yaxın universiteti var və demək olar ki, onların hər birinin kampusu var. Türkiyə universitetləri bizdəki kimi yalnız binadan ibarət deyil. Türkiyə universitetlərinin laboratoriyaları, yataqxanaları, təhsil alan tələbələrin yaşaması üçün bütün şərait var. Türkiyənin birbaşa, yaxından iştirakı ilə yaradılacaq universitetlər Azərbaycan təhsil sisteminin dünyaya inteqrasiyasına gətirib çıxaracaq. Azərbaycanın ali təhsil sistemi dünyada ciddi qəbul ediləcək".

"Hesab edirəm ki, biz bundan sonra rəqəmsal, eyni zamanda “ağıllı universitet” layihələrinə keçməliyik, hansı ki, bu artıq Türkiyədə var. Eyni zamanda, biz işğladan azad edilmiş ərazilərdə daha çox tədqiqat universitetləri yaratmalıyıq. Düşünürəm ki, işğaldan azad edilmiş tarixi torpaqlarımızda universitet yaratmaq xatirinə universitet açmamalıyıq. Keyfiyyət əsas meyar olmalıdır. Bu nöqteyi-nəzərdən Türkiyənin yaxından iştirakı ilə yaradılacaq universitetlər daha çox gələcəyin ixtisaslı kadrların yetişdirilməsinə kömək olacaqdır".

"Eyni zamanda buraya xarici tələbələrin cəlb edilməsi üçün də imkanlar yaradılmalıdır. Ümumiyyətlə, Türkiyə-Azərbaycan iş birliyinə böyük ümidlərim var. İnanıram ki, istər Azərbaycan ali təhsil sisteminin təkmilləşdirilməsində, istərsə də maddi-texniki bazasının təkmilləşdirilməsində Türkiyə nümunəsində Azərbaycan universitetləri dünya reytinqində irəliləyə biləcəklər".

Ayşən Vəli