Ermənistan Qərbi bura qatmaq niyyətindədir - QHT RƏSMİSİ MÖVQE BİLDİRDİ

6 Dekabr 2021 12:20 (UTC+04:00)

"Mənə elə gəlir ki, Ermənistanın indiki siyasi rəhbərliyi artıq dalana dirəndiyini hiss edib. Bütün hallarda həm sülh sazişinə gedən yolda delimitasiya və demarkasiya proseslərini həyata keçirəcək, həm də Zəngəzur dəhlizinin açılmasını reallaşdıracaq. Nəhayət, sülh sazişinin imzalanmasına məcbur olacaq. Bu qaçınılmazdır". Bunu SİA-ya açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, Hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə deyib.

O, qeyd edib ki, bilirsiz, burada məsələ təkcə Ermənistanın nə istəməsindən asılı deyil. Artıq bütün dünya Ermənistana deyir ki, Qarabağ Azərbaycan torpaqlarıdır, siz vaxtilə Qarabağı və onun ətraf rayonlarını işğal etmisiz. İndi isə Azərbaycan öz ərazilərini işğaldan azad edib və normal qonşuluq münasibətlərini davam etdirmək istəyir. Bundan ötrü də Azərbaycan sərhədlərin tanınması niyyətindədir. Amma çox təəssüf ki, Ermənistan tərəfi bu məsələdən qaçır. Baxın, bizim xarici işlər nazirimizin Cenevrədə görüşü zamanı daha bir təxribat törədildi. Ermənistan parlamentinin nümayəndə heyəti Qarabağa səfər etdi. Baxmayaraq ki, hansısa ölkənin rəhbərlikləri digər ölkənin ərazisinə hansı məqsədlə və yaxud qarşı tərəfi məlumatlandırılmadan necə gedə bilərdi. Bu hərəkətə görə, Azərbaycan XİN-i çox haqlı olaraq görüşdən imtina etdi və bunu birbaşa Ermənistan tərəfinin təxribatı ilə əlaqələndirdi. Bu çox haqlı addım idi. Ümumiyyətlə, Ermənistanın hər bir təxribatçı hərəkətinə çox ciddi cavab verilməlidir. Əslində, Ceyhun Bayramovun görüşdən imtina etməsi, Cenevrədə olanların hamısının diqqətini o məsələyə yönəltdi ki, Ermənistan təxribatçı hərəkətlər törədir və bu cür insanlarla danışıqların mənası yoxdur.

Çingiz Qənizadə bu barədə fikirlərini belə izah edib: "Amma nə baş verir? Noyabrın 26-da Soçidəki görüş mənə elə gəlir ki, bir çox məsələləri həll etdi. Artıq Putun açıq şəkildə Zəngəzur dəhlizi ifadəsini işlətdi. Sərhədlərin delimitasiya və demarkasiyasını Azərbaycan və Ermənistan tərəfindən yaradılmış kommisiyaya həvalə olunduğunu qeyd etdi. Burada da tərəflər arasındakı bu proseslərin reallaşması missiyasında vasitəçi kimi Rusiyanın iştirak edəcəyini qeyd etdi. Amma Ermənistan bütün hallarda prosesləri uzatmaq istəyir. Mənə elə gəlir ki, Ermənistan qərbi bura qatmaq niyyətindədir. Çünki Rusiyanın vasitəçiliyi ilə, 10 noyabr bəyanatındakı imzalarla o, bilir ki, bizim dediyimiz bütün bu məsələlər həll olunmalıdır. Bu siyasi bir naşılıq və yaramazlıqdır. Üzərinə götürülən məsuliyyətdən qaçmaq siyasi əxlaqsızlıqdır. Ermənistan bu cür davranır. Mənə elə gəlir ki, Minsk qrupu və digər təşkilatları bu prosesə cəlb etməklə, son anda belə Qarabağda ermənilər üçün hansısa statusun alınması üçün çalışacaq. Amma bunlar uğursuz cəhdlərdir.

Mən belə hesab edirəm ki, Ermənistanın bu yaramaz siyasətinə son qoyulmalıdır. Hətta səhv etmirəmsə, bu yaxınlarda Ermənistanın birinci prezidenti Petrosyan dili ilə dedi ki, bütün dünya artıq deyir ki, Qarabağ Azərbaycan torpağıdır. Yəni bu cür ifadələrdən siyasi liderlərin, ölkəyə rəhbərlik etmiş şəxslərin dilindən belə ifadələr onu göstərir ki, ermənilər reallıqla barışmalıdır. Amma cığallıq edir, oyundan qaçır, yenə də təxribatçı hərəkətlər edir. Beləliklə prosesi uzatmağa çalışır. İçində bunların nə varsa, ancaq bunu özləri bilə bilər. Sadəcə, biz kənardan baxıb deyə bilərik ki, bu əxlaqsız siyasətdi, beynəlxalq hüquqa və imzalanmış sənədlərə və imzalarına hörmətsizlikdir. Amma bunun nəticəsi yoxdur. Ermənistan yenə də bu hərəkətləri ilə özünün beynəlxalq aləmdəki imicinə çox ciddi zərbələr vurmağa davam edir. Ümid edək ki, hər şey yaxşı olacaq. Ermənistan nə qədər bu proseslərdən qaçmağa cəhd etsə belə, Azərbaycanla sərhədlərin delimitasiya və demarkasiya prosesini həyata keçirəcək. Zəngəzur dəhlizi açılacaq. Sonra isə böyük sülh sazişi imzalamaqla, Azərbaycanın ərazi bütövlüyünü tanıyıram deməklə bu məsələlərə artıq nöqtə qoyulmuş olacaq".