Əli Kərimli ilə bağlı deyilənlər bu gün də gündəmdədir TƏRS BAXIŞ

6 Dekabr 2021 10:57 (UTC+04:00)

Mərhum AXCP funksioneri: “Təxribatlar törədib suyu bulandırmaq varsa, bu, xarici kəşfiyyata işləmək deməkdir”

AXCP sədri Əli Kərimlinin fəaliyyəti və partiyadaşlarına münasibəti haqqında bu günə qədər kifayət qədər insan çoxsaylı fikirlər səsləndiriblər. Maraqlıdır ki, onların həmin fikirlərinə rəğmən, Əli Kərimli hələ də siyasi səhnədə qalmaqda davam edir, üstəlik, hakimiyyətə qarşı sərsəm iddiaları ilə gündəm saxlayır, bu cəhdlərini təxribatçı əməlləri ilə davam etdirir.

Yeri gəlmişkən, bu xüsusda AXCP-nin veteran üzvlərindən olmuş, artıq bu gün həyatda olmayan mərhum Seyid Mir Feyzullahın Əli Kərimlinin fəaliyyəti haqqında son fikirlərini xatırlatmaq olar. SİA xəbər verir ki, o, mənsub olduğu partiyada baş verənlər, təşkilatda üzləşdiyi durum və başqa məsələlər haqda danışıb. Seyid Mir Feyzullah deyib ki, Naxçıvandan olduğu üçün hər zaman AXCP sədri Əli Kərimlidən ögey münasibət görüb. O, partiya daxilində olan haqsızlıqlardan, sədr Əli Kərimlinin partiya üzvləri arasında yerlipərəstlik və bölücüluk etməsi faktlarından ətraflı fikirlər ifadə edib.

“Müharibənin gedişində və sonrasında ayrı-ayrı münasibətlər nümayiş etdirdi”

Sabiq cəbhəçi Kərimlinin Elçibəyin adı və imzası altında özünə xal topladığını da xatırladıb və onun sözlərinə görə, əgər Əli Kərimli bu gün Əbülfəz Elçibəyin məzarına gül qoyub özünü reklam etdirirsə, kənarda fərqli münasibət göstərir, onu ittiham edir, partiyanın uğursuzluqlarının təməlinin məhz mərhum Elçibəyin səhvləri üzündən yaşandığını iddia edir ki, bu da illər əvvəl öz liderinin “torbasını” söyüş və təhqirləri ilə tikən Kərimlinin aşkar simasını ortaya qoyur.

Lakin onun barəsində digər fikirlərin də səslənməsi maraq doğurur. Mərhum AXCP-çi Qarabağın işğaldan azad olunması yönündə davam edən 44 günlük müharibə dövründə Əli Kərimlinin davranışlarını belə şərh edib: “Əli Kərimli əvvəlcə “dəstək veririk” deyə bir ifadə səsləndirdi. Müharibənin gedişində və sonrasında ayrı-ayrı münasibətlər nümayiş etdirdi. Bu gün də cəbhəçi dostlarıma faktı deyirəm, amma anlamaq istəmirlər. Niyə? Bizim partiyada belə bir ənənə var. Hakimiyyətə qarşı hamı tənqidlər, ittihamlar səsləndirir. Amma partiya daxilində olan haqısızlıqları heç kim deyə bilmir. Mən xəstə olanda Aydın Məmmədov maddi dəstək göstərdi, amma partiyadan mənə bir qəpik də köməklik göstərmədilər. Halbuki, mənə dəfələrlə digər münasib işlər təklif edirdilər, amma mən partiyanı atıb-getmədim. Bunun müqabilində Əli Kərimli, ümumiyyətlə, məni saya-hesaba almadı”.

“Mən indiyə qədər onun bu sözlərinin şokundan ayıla bilmirəm”

Sabiq cəbhəçi xatırladıb ki, bir dəfə “Milli Şura”nın toplantısında çıxış edib və hər kəs onun çıxışını alqışlayıb, lakin sonradan Əli Kərimli onunla söhbətində bildirib ki, belə çıxışlar etməsin, çünki AXCP sədri digər cəbhəçilərin reputasiyalarının onunkundan üstün olmasını həzm edə bilmirdi: “O, mənə dedi ki, sən mənim çəkdiyimdən qabağa gedirsən. Mən indiyə qədər onun bu sözlərinin şokundan ayıla bilmirəm. Dəhşətə gəlirəm ki, bir insan bu qədər qısqanclıq göstərsin. Halbuki evdə qardaşlarım məni iddiam edirdilər ki, sən Əli Kərimlini bizdən çox istəyirsən, mən də deyirdim ki, siz ev üçün çalışırsınız, o isə el üçün. Amma indi görürəm ki, qardaşlarım haqlıymış. Əgər özünü lider hesab edən kəs demokratik ənənələrə sadiqlik göstərmirsə, ona əməl etmirsə, onun “demokratiyası” demiokratiya ola bilməz”.

Mərhum cəbhəçi ölümündən az əvvəl verdiyi müsahibəsində AXCP üzvlərinə müraciət də ünvanlayıb: “Əgər bu gün Qarabağ alınıbsa, bu ətrafda siyasət qurmaq və dəstəklər göstərmək lazımdır. Amma təxribatlar törədib suyu bulandırmaq varsa, bu, xarici kəşfiyyata işləmək deməkdir”.

Rövşən RƏSULOV