Sərnişinlərə əxlaqsız təklif edən taksi sürücüləri ilə bağlı araşdırmalara başlanıldı

4 Dekabr 2021 11:26 (UTC+04:00)

Son günlər sosial şəbəkələrdə paytaxtda bəzi taksi sürücülərinin xanım sərnişinlərinə müxtəlif məzmunlu, eləcə də əxlaqsız təkliflər etdikləri əks olunan videogörüntülər paylaşılır.

DİN-in Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov SİA-ya bildirib ki, qeyd edilən görüntülər ictimailəşdikdən sonra DİN-in 102 zəng mərkəzinə, polis orqanlarına, eləcə də DİN-in sosial şəbəkələrdəki rəsmi səhifələrinə xanım vətəndaşlar tərəfindən çoxsaylı şikayətlər, müraciətlər daxil olmaqdadır.

Müraciətlərin hər biri qeydiyyata alınaraq barələrində müvafiq araşdırmalar aparılır və nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.