“Azərbaycanda bütün xalqların milli mədəniyyəti qorunur” - MÜNASİBƏT

4 Dekabr 2021 09:58 (UTC+04:00)

“Azərbaycanın qədim, rəngarəng mənəvi dəyərləri, mədəni irsi hazırda xalqın fəxr mənbəyi və dünya mədəniyyətinə töhfəsi qismində çıxış edir” Bu sözləri SİA-ya açıqlamasında deputat Ülviyyə Həmzəyeva bildirib.

Onun sözlərinə görə, əsrlərdir dinindən, dilindən, milli mənsubluğundan asılı olmayaraq ölkəmizdə yaşayan hər bir xalqa məxsus olan mədəni, dini abidələr yüksək səviyyədə qorunub: “Tarixi-dini abidələr xalqın təkcə tarixi deyil, həm də mənəvi, ruhani yaddaşını hifz edən müqəddəs məkanlardır.Bu sahəyə dövlət qayğısı və beynəlxalq təcrübənin tətbiqi istiqamətində görülən işlər günü-gündən artmaqdadır. YUNESCO ilə sıx əlaqələrimiz milli- mənəvi dəyərlərimizi dünyada tanıtmaq sahəsində əhəmiyyətli rol oynayır. Artıq mədəni irsimizin qiymətli nümunələri bu təşkilatın Qorunan Mədəni İrs siyahısında yer alıb.
Tarixi Azərbaycan torpaqları üzərində yoxdan dövlət yaratmaqla çalışmaqla bərabər mədəni irsimizi mənimsəmək, azərbaycanlıların musiqi, mətbəx ənənələrini də oğurlamağa çalışan Ermənistan isə Azərbaycana qarşı mədəni soyqırımı həyata keçirmişdir. Azərbaycan torpaqlarını işğal etdikləri vaxt ermənilər çox sayda məscidləri dağıtsalar da heç bir beynəlxalq təşkilat Ermənistanı qınamır. Azərbaycan isə hər zaman humanist mövqe nümayiş etdirmiş, heç bir erməni tarixi abidəsini dağıtmamışdır çünki multikultural dəyərlər Azərbaycan milli mədəniyyətinin ayrılmaz keyfiyyətidir. Bütün dövrlərdə Azərbaycan dözümlülük, tolerantlıq məkanı olmuşdur. Azərbaycanda yaşayan bütün xalqların milli mədəniyyəti qorunur. Müxtəlif mədəniyyətlərə və milli-dini azlıqlara hörmət Azərbaycan xalqının milli xüsusiyyətidir. Artıq dünyada multikulturalizm sahəsində ən optimal model kimi Azərbaycan nümunəsi öyrənilir.
Lakin 44 günlük Vətən müharibəsi dövründə ölkəmizə qarşı bəzi qeyri səmimi yanaşmaların şahidi olduq.
Belə ki, Azərbaycanın haqq savaşı dövründə bir çox dövlətlər və beynəlxalq təşkilatlar yalançı erməni təbliğatına uyaraq ölkəmizə qarşı qərəzli mövqedən çıxış etməyə cəhd göstərdilər. Təəssüf ki, həmin təşkilatlar sırasında YUNESKO da yer almış və 20 noyabr 2020-ci il tarixli mətbuat konfransında erməni çağırışlarına cavab olaraq YUNESKO tərəfindən “əhəmiyyətli mədəni sərvətlərin ilkin inventarizasiyasını aparmaq üçün müstəqil ekspertlərdən ibarət nümayəndə heyətinin yaradılması” təklif edilmişdir.
Ancaq Vətən müharibəsindən əvvəlki dövrlərdə Azərbaycan bölgəyə – işğal edilmiş torpaqlarımıza missiyanın göndərilməsi ilə bağlı UNESCO-ya dəfələrlə müraciət etsə də, müsbət cavab ala bilməmişdi.
Bütün bunlara baxmayaraq, Azərbaycan dövləti ölkəmizin maraqları çərçivəsində öz həqiqətlərini dünyaya çatdırmaq məqsədilə UNESCO ilə əlaqələrin inkişafı üçün əməkdaşlığı davam etdirmişdir.
Bildiyimiz kimi, 30 noyabr – 1 dekabr 2021-ci il tarixlərində UNESCO-nun Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin mühafizəsi üzrə 1954-cü il Haaqa Konvensiyasının İkinci Protokoluna tərəf dövlətlərin 9-cu iclası keçirilib.
İclas çərçivəsində UNESCO-nun Silahlı münaqişələr zamanı Mədəni Mülkiyyətin Qorunması üzrə Komitəsinə seçkilər keçirilib. Komitə üzvlüyünə Azərbaycan Respublikasının da namizədliyi irəli sürülüb və səsvermədə iştirak edən dövlətlərin mütləq əksəriyyətinin dəstəyi ilə Azərbaycan Respublikası növbəti 4 il müddətinə Komitəyə üzv seçilib.
Bir müddət bundan əvvəl isə Azərbaycan Respublikası 2021-2025-ci illər üzrə UNESCO-nun İcraiyyə Şurasına da üzv seçilib.
Düşünürəm ki, ölkəmizə qarşı qərəzli münasibətdə olan dövlət və beynəlxalq təşkilatlar Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə müzəffər ordumuz tərəfindən həyata keçirilmiş qurtuluş savaşı sonrası dağıdılmış ərazilərimizi gördükcə erməni vandalizminin miqyasını dərk edir və ölkəmizin haqq səsinə səs verməyə məcbur olurlar”.