Çində “Boeing 737 MAX”ın uçuşlarına qadağa götürülür

4 Dekabr 2021 01:37 (UTC+04:00)

Çin 2018 və 2019-cu illərdə iki ölümcül qəzadan sonra dayandırılmış “Boeing 737 MAX” markalı sərnişin təyyarələrinin təkrar istifadəsini təsdiqləyib.

SİA xəbər verir ki, Çin Mülki Aviasiya İdarəsindən yayılan açıqlamada təyyarənin qəzalara səbəb olan avtomatik uçuş idarəetmə sistemindəki səhv əlavə proqramlarla düzəldildikdən sonra uçuşlara başlaya biləcəyi ifadə edilib.

Açıqlamada o da bildirilib ki, çinli pilotlar kommersiya uçuşları başlamazdan əvvəl sistemlə bağlı yeni təlim keçməlidirlər.

Çin, ABŞ, Avropa, Braziliya və Kanadadan sonra “Boeing 737 MAX” markalı sərnişin təyyarələrinin yenidən uçmasına icazə verən geniş miqyaslı aviasiya bazarına malik sonuncu ölkə oldu.

ABŞ 2020-ci ilin dekabrında, Avropa isə 2021-ci ilin yanvarında kommersiya uçuşları bərpa etmək qərarına gəlib.

Qeyd edək ki, "Boeing"in ən çox satılan modeli olan "737 Max"ın uçuş idarəetmə sistemindəki nasazlıq 2018 və 2019-cu illərdə iki faciəli qəzaya səbəb olmuş, beş ay fasilə ilə 346 nəfər həlak olmuşdu.