Rusiya XİN ermənilərin "Lavrov planı" hədyanına cavab verdi

3 Dekabr 2021 23:15 (UTC+04:00)

Rusiya Xarici İşlər Nazirliyi Ermənistan Parlamentinin sədri Alen Simonyanın "Lavrov planı" haqqında bəyanatına münasibət bildirib.

SİA xəbər verir ki, Rusiya XİN bəyan edib ki, reallıqda olmayan, təxəyyül məhsulu olan nəyisə şərh etmək çətindir.

Qeyd edək ki, daha əvvəl Rusiya KİV-ləri ilə görüş zamanı Ermənistan Parlamentinin sədri Alen Simonyan hansısa "Lavrov planı"nın adını çəkərək "Qarabağın təhvil verilməsi"ni Rusiya ilə əlaqələndirib.

Rusiya XİN-dən bildirilib ki, söhbət Dağlıq Qarabağ münaqişəsinin mərhələli şəkildə həllindən gedib. Bildirilib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri sonuncu nizamlanma planını tərəflərə 2019-cu ilin iyununda təqdim edib.

Plana əsasən, ilkin mərhələdə Azərbaycana beş rayonun, ikinci mərhələdə isə Dağlıq Qarabağın statusu müəyyənləşdilməklə iki rayonun qaytarılması nəzərdə tutulurdu:

"Sülh yolu ilə nizamlanma üzrə xeyli sayda imkanlar əldən verilib və bu, Rusiya Federasiyasının günahı üzündən baş verməyib. 44 günlük müharibənin dayanmasına yardım, 9 noyabr 2020, 11 yanvar və 26 noyabr 2021-ci il tarixlərində imzalanması və həyata keçirilməsi də daxil olmaqla, Rusiya Federasiyasının bütün səyləri özü danışır. Rusiya ermənilərə və azərbaycanlılara münasibətlərinin ağrılı səhifələrini çevirməkdə, Cənubi Qafqazda sülh, sabitlik və rifahı təşviq etməkdə son dərəcə maraqlıdır".