Bu aksiya nəyə və kimə lazım idi?

3 Dekabr 2021 16:59 (UTC+04:00)

Müşfiq Məmmədli

Milli Məclisin deputatı

Noyabrın 30-da Qaraheybət” poliqonunda təlim uçuşu edən hərbi helikopterin qəzaya uğraması xəbəri hər birimizi dərindən sarsıtdı. Qəza nəticəsində Dövlət Sərhəd Xidmətinin 14 hərbi qulluqçusu həlak oldu, 2 hərbi qulluqçu yaralandı. 44 günlük Vətən müharibəsindən sonra itgilərimizin olması ürəyimizə dərin iz saldı. Bu arzuolunmaz hadisə hər bir vətəndaşımız tərəfindən hüznlə qarşılandı. Həyatını itirmiş zabitlərimiz üçün ən yüksək səviyyədə vida mərasimi təşkil olundu. Yaramızın hələ isti olduğu bir dönəmdə destruktiv müxalifət yenə “iş başına” keçdi. Bu dövlətin, bu millətin ağır gününə saymamazlıq etmək, ondan öz məkrli planları üçün istifadə etmək ən azı siyasi etikaya sığmır. Həqiqətənmi öz ambitsiyalarını kənara qoyaraq planladığınız icazəsiz aksiya fikirindən daşınmaq çətin idi? Suala cavab bəllidir. Əlbəttəki mümkün idi. Heç bir qayda qanuna riayət etməmək, dünyada tüğyan edən pandemiyanı nəzərə almamaq, tətbiq edilən karantin qaydalarını heçə saymaq, 14 hərbçimizin həyatını itirməyini görməmək, onların ailə üzvlərinin, eləcə də bütün xalqın hüznünə hörmətsizlik etmək tamamilə əndazəni aşmaq deməkdir. Ölkə öz şəhidlərini dəfn etdiyi, yas içində olduğu məqamda bu aksiya nəyə və kimə lazım idi?

Məlum olduğu kimi, son günlərdə Azərbaycan beynəlxalq müstəvidə çox mühüm addımlar atdı. Noyabrın 26-da Rusiyanın Soçi şəhərində imzalanmış üçtərəfli sənədin diplomatiyamızın növbəti uğuru kimi qiymətləndirməliyik.

Belə ki, imzalanmış sənəddə “dəmir yolu və nəqliyyat əlaqələrinin açılmasına” dair bəndlərin yer alması Zəngəzur dəhlizinin açılması istiqamətində irəliləyişin olmasından xəbər verir. Şübhəsiz ki, bu da cənab prezident İlham Əliyevin diplomatik qələbəsidir.

Eyni zamanda Türkmənistanın paytaxtı Aşqabad şəhərində keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XV Zirvə Toplantısı böyük tarixi əhəmiyyət kəsb etməklə yanaşı, Azərbaycanın haqlı mövqeyinin beynəlxalq səviyyədə qəbul olunmasında yüksək rol oynadı. Cənab prezidentin həm toplantıdakı çıxışı, həm də üzv dövlətlərin liderləri ilə təkbətək görüşü zamanı bir daha regionda yaranmış yeni reallıqları qiymətləndirdi.

Ölkənin ictimai-siyasi həyatında çox mühüm hadisələrin baş verdiyi fonunda, həmçinin dekabrın 15-də Brüsseldə keçiriləcək Şərq Tərəfdaşlığının Zirvə Görüşü qabağı bir qrup şəxslər tərfindən düzənlənən səviyyəsiz siyasi şounun bir adı var: kimlərinsə əlinə oynamaq, havadarlarının verdiyi tapşırığa əsasən oturub durmaq. Azərbaycana qarşı yönəlmiş bu kimi sui-istifadə hallarını şiddətlə qınayır, aparılan məqsədyönlü diplomatiyamıza qarayaxma kimi qəbul edirəm. Azərbaycan dövləti istər xarici istərsə də daxildə olan qara qüvvələri tam zərərsizləşdirmək, apardığı məqsədyönlü siyasətlə susdurmaq iqtidarındadır. yap.org.az