Bəs, görəsən, Əli Kərimli bu faktları necə izah edə bilər?

3 Dekabr 2021 16:49 (UTC+04:00)

“Azərbaycan xalqı Əli Kərimlinin daha bir xəyanətinə də şahidlik etdi. Təsəvvür edirsinizmi, şəhid ailələri faciə səbəbindən acı içində, şəhid ailələrinin üzüntüsündən ictimaiyyətimiz çaşqın vəziyyətdə olarkən, cəmiyyətimiz Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzaya uğraması nəticəsində şəhid olan hərbi qulluqçuları ilə vidalaşarkən, xalq qəhrəman zabitlərini namaz qılıb, ruhuna dualar oxuyub son mənzilə yola salarkən Əli Kərimli və onun dəstəsi ictimai-siyasi sabitliyi pozmaqla, erməni dairələrindən verilmiş siyasi tapşırıqları yerinə yetirməklə məşğul idi. Ermənipərəst mənbələrdən alınan qrantlar, ianələr hesabına 40-50 nəfərlə şəhərin mərkəzində, insanların gediş-gəlişinin sıx olduğu ərazidə qarşıdurma yaratmaqla həm vətəndaşların rahatlığını pozmaq, sahibkarlara ziyan vurmaq, polislə qarşıdurma yaratmaq, həm də baş vermiş faciə ilə əlaqədar şəhidlərimizə olan diqqəti yayındırmaq və bununla da onların ruhuna, ailələrinə hörmətsizlik etmək niyyətini reallaşdırmağa cəhd etdilər”. SİA-nın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.

Ramil Vəlibəyov bildirib ki, şəhidlərin ruhuna və ailələrinə hörmətsizlik etməklə ictimai-siyasi sabitliyi pozmağa çalışan Əli Kərimlini və dəstəsi məqsədinə çata bilmədi: “Çünki qarşıdurma və gərginlik yaratmaq niyyəti saxta bəhanə əsasında həyata keçirilirdi. Guya AXCP üzvü Saleh Rüstəmli adlı birisi 25 gündür aclıq edir. Bu qədər yalanı ancaq Əli Kərimli cəbhəçi trollarına sırıya bilərdi. Axı harada görünüb ki, insan 25 gün quru aclıq etsin, qidadan, sudan imtina etsin, amma sağ qalsın. Görünür, cəbhəçilər tiktok ulduzu Rəşid Mahmudovun “nağıllarına” çox qulaq asırlar. İnsan susuz cəmi 3-5 gün qala bilər, ondan sonra artıq həyat əlamətləri itir. Lakin cəbhəçilərin “sponsoru” olmuş Saleh Rüstəmli 25 gün susuz, qidasız nəinki zəifləyir, hətta həbsxanadan bəyanatlar da səsləndirə bilir”.

“Bəs, görəsən, bu Saleh Rüstəmli manipulyasiyası və spekulyasiyası nə üçündür? Bu məqamda bu gün “qəhrəman” obrazı yaradılan Saleh Rüstəmlinin istintaqa ifadəsi yada düşür” – deyən Ramil Vəlibəyov əlavə edib ki, o, istintaqa verdiyi ifadədə Əli Kərimli və Qənimət Zahidə Rusiyadan külli miqdarda pul göndərdiyini etiraf edib: “O, deyirdi: “Vəsaiti Bakıda ya Aqil Məhərrəmli götürürdü, ya da Ruslan Nəsirli. Olub ki, Babək Həsənov da götürüb. Qənimət Zahidə 2000-2500 dollar vəsait göndərirdik. Bakıya – Əli Kərimliyə göndərilən vəsait isə 20-30 min dollar olurdu. Sonra Əli Kərimli mənə “whatsapp”da yazırdı ki, “sağol, bəy, çatdı”. İndi bildinizmi heç yerdə işləməyən, qanuni gəliri olmayan Əli Kərimli nəyin hesabına iki uşağını xaricdə oxutdurub, özü isə keçmiş dostu Sahib Kərimlinin dediyi kimi, “lordlara xas həyat tərzi keçirir?". Bildinizmi ki, sadə cəbhəçilər normal qidalanmağa pul tapmadığı halda, Əli Kərimli hansı vəsaitlə yekəpər cangüdənlər saxlayır? Adi cəbhəçilər avtobusla getməyə 20 qəpik tapmayanda, Əli Kərimlinin ailə üzvləri nəyin hesabına Bakı-London, hazırda isə həm də Bakı-Nyu-York reysini su yoluna döndərir? İndi aydın olurmu ki, Əli Kərimli və onun dəstəsi niyə “Saleh Rüstəmli” oyunu qurublar? Hətta, bu gün müəyyən məlumatlar da ortaya çıxır ki, Saleh Rüstəmli Rusiyada yaşayarkən oradakı bazarlardan hər ay 500 min dollar pul toplayırdı, özü də hüquq-mühafizə orqanlarının dəstəyilə. Bəs, görəsən, Əli Kərimli bu faktları necə izah edə bilər? İllərlə hər ay Saleh Rüstəmlidən aldığı 20-30 min dolları nə üçün qəbul edirdi? Şəxsi istifadəsi üçün, yoxsa ölkədə qarışıqlıq yaratmağa? Bəlkə Əli Kərimli həmin pulların qarşılığında hansısa öhdəlik götürüb? Bəlkə Əli Kərimlinin sosial şəbəkələrdəki şüvənliyi bu öhdəlikdən irəli gəlir? Bəlkə Əli Kərimlini və ailəsini illərdir yedirdənlər indi də Saleh Rüstəmliyə görə tələblər irəli sürürlər? Suallar çoxdur, amma ünvan birdir: Əli Kərimli bu suallara cavab verməlidir...”. yap.org.az