Media kapitanları və kitab naşirləri yeni qanundan MƏMNUNDUR - SORĞU

3 Dekabr 2021 15:43 (UTC+04:00)

Bildiyimiz kimi, Milli Məclisin bu gün keçirilən iclasında Vergi Məcəlləsinə dəyişiklik layihəsi III oxunuşda müzakirəyə çıxarılıb. Dəyişikliklə siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən təsdiqlənən kütləvi informasiya vasitələri məhsullarının və kitabların, (elektron kitablar istisna olmaqla) habelə dərslik komplektlərinin idxalı və satışı, həmin malların istehsalı (nəşri) ilə bağlı rulon və ya vərəqə şəklində kağızın idxalı və satışı, mətbu kütləvi informasiya vasitələri məhsullarının və kitabların, o cümlədən elektron kitabların, habelə dərslik komplektlərinin istehsalı ilə bağlı redaksiya, nəşriyyat və poliqrafiya fəaliyyətindən (reklam xidmətləri istisna olmaqla) ƏDV tutulmayacaq. Dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib. Bəs gəlin görək məlum qərara media kapitanlarının, kitab yazarlarının baxışı necədir? SİA məsələ ilə bağlı onların fikrini sizə təqdim edir.

Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli: "Ölkədə çap məhsullarının istehsalı, yayımı və hazırlanması üzərində güzəştlərin tətbiq olunması ilə bağlı təşəbbüslər uzun müddətdir ki, davam edir. Onun sözlərinə görə, çap məhsullarının həmçinin kitab ləvazimatlarının üzərindən ƏDV-lərin ləğv edilməsi sevindirici haldır. Yəni çap məhsullarına, o cümlədən kitablara, qəzetlərə və digər çap versiyasında olan və insanların məlumatlandırılmasına, maarifləndirilməsinə xidmət edən məhsulların insanlar üçün əlçatan olması olduqca müsbət haldır. Bununla bağlı ölkədə uzun müddətdir ki, təşəbbüslər həyata keçirilir. Bir daha vurğulayıram təkcə kitablar üçün deyil ümumilikdə çap formasında hazırlanan və yayılan bütün məhsullar üçün o cümlədən qəzetlər üçün də müəyyən güzəştlərin olması təşəbbüsləri ortalıqdadır. O baxımdan kitablarla bağlı belə bir addımın atılması sevindirici haldır. İnsanları həvəsləndirmək, onlarda kitablara maraq yaratmaq, mütaliənin artması üçün bu cür tətbiqlərin həyata keçirilməsi olduqca müsbət haldır və hesab edirəm ki, bu hallar ölkədə maarifləndirmə, məlumatlandırma işinə müsbət təsir göstərən amillərdir. Arzu edirəm ki, bu hallar ardıcıl olaraq həyata keçirilsin. Başqa formalı hallarda da tətbiq olunsun ki, çap məhsullarının artmasına və insanlar üçün faydalı bir əmsala çevrilməsinə təsir göstərsin".

“Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev: “Bəzi məhsullara ƏDV-nin ləğvi barədə qəbul olunmuş qərar çoxdan gözlənilən idi. Xüsusilə də bunun ölkəmizdə çap mediasının müəyyən komponentlərinə aid olan hissələri ilə bağlı məsələ bizim üçün də çox maraqlı idi. Çünki illərdir ki, ölkəmizdə çap məhsullarının qiymətinin məhz idxal rüsumları və ƏDV üzündən xeyli dərəcədə yuxarı olduğu ilə bağlı narahatlıq var idi. Hətta dəfələrlə idxal olunmuş çap məhsullarına və eləcə də qəzet kağızına əlavə dəyər vergisinin götürülməsi ilə bağlı dəfələrlə biz hakimiyyət strukturlarına müraciət etmişdik. Hər dəfə bu məsələ məqbul qarşılansa da amma onun barəsində qərar qəbulu illərlə uzanaraq nəhayət gəlib indiki həddə, indiki dövrə təsadüf etdi. Çox yaxşı bir qərardır.

Biz əlbəttə onun praktikada müsbət nəticələr verəcəyini gözləyirik. Ancaq təəssüf ki, bu qərarın qəbul olunması ilə bağlı söz-söhbətlər və müzakirələr başlayandan gələcəyə yönəlik ümidverici vəziyyətin yaranmağı ilə bərabər eyni zamanda narahatlıqlar da baş qaldırıb. Məsələn, qəzet kağızına əlavə dəyər vergisinin götürülməsi ilə bağlı qərar bir sıra çap media ilə bağlı insanlarda ümidlər yaradırdı ki, qəzetlərin çapı, qəzet kağızı xeyli dərəcədə ucuzlaşacaq. Amma hələ bu qərar qüvvəyə minməmiş artıq indidən bir sıra qəzet kağızının satışı ilə məşğul olanlar avtomatik şəkildə qiyməti qaldırıblar. Məsələn, mən sizə deyim ki, əgər yayın ortalarında qəzet kağızının bir tonu hardasa 650 dollara yaxın idisə, bugün 5-3 dollar aşağı-yuxarı olmaq şərtilə 850 dollar civarındadır. Bu olduqca gözlənilməz və məntiqsiz bir prosesdir. Çünki, ölkədə hər kəs kağıza, bir sıra məhsullara o cümlədən də kağıza digər çap məhsullarına ƏDV-nin götürülməsinin müsbət tendensiya doğuracağını gözlədiyi bir halda birdən-birə bu qərar qüvvəyə minməmiş məsələn, qəzet kağızının qiyməti bu dərəcədə bahalaşır. Sözsüz ki, qəzet kağızı ilə bərabər digər çap ləvazimatları da yəqin ki, bahalaşdırılacaq. Heç şübhə yoxdur ki, bu müəyyən işbazların işidir. Onlar ƏDV-nin ortadan qaldırılacağı ana qədər artıq bazarda indikindən çox-çox fərqli və yüksək şəkildə, səviyyədə oturuşmuş bir qiymət formalaşdırmaq istəyirlər. Aydın məsələdir ki, bu yaxşı niyyətli proses deyil. Ona görə də əlavə dəyər vergisinin götürülməsi ilə əlaqədar sahələrdə pozitiv və müsbət dəyişikliklərin başlanmasında gərək hökumətin özü də maraqlı olsun ki, qəbul olunmuş bu müsbət niyyətli qərar son nəticədə ancaq və ancaq işbazlara fayda gətirməsin. Cəmiyyətin ən geniş təbəqələri bundan fayda götürə bilsin. Təkrar edirəm ki, çox gözlənilməzdir ki, ƏDV-nin götürülməsi ilə bağlı qərar hələ qüvvəyə minməmiş artıq bəzi çap məhsullarına, o cümlədən qəzet kağızının qiyməti az qala 25-30 faiz bahalaşdırılıb. Bu olduqca anormal bir prosesdir”.

525-ci qəzetin baş redaktoru Rəşad Məcid: “Bu məsələnin Vergi Məcəlləsinə dəyişikliklə bağlı müzakirəsində Milli Məclisin İqtisadiyyat Komitəsində mən də iştirak edərək orada fikirlərimi bildirmişdim. Qəzetlərin çapında ƏDV yoxdur. Bu çoxdan yığışdırılıb. Qəzetdə yalnız kağıza ƏDV var. Bunun da ləğv olunmasının ağır iqtisadi vəziyyətdə olan qəzetlərə yüngül təsiri olacaq. Amma burada əsas kitab çapıdır ki, bilirik kitab satışı da azalıb. Kitab çapı və kitab satışında olan ƏDV idi ki, bununla da bağlı nəşriyyatlar neçə vaxtdır müzakirələr aparırdılar.

Çox müsbət haldır ki, bu cənab Prezidentin tövsiyyəsi ilə ƏDV ləğv olunur. Hesab edirəm ki, bu kitab satışına, qəzetlərə və yazılı mətbuata təsir göstərəcək. Arzu edərdik ki, kitabların satışına və qiymətlərinə müəyyən təsir göstərsin”.

“Şərq” qəzetinin baş redoktoru Akif Aşırlı: “Kağız məmulatları üzərindən ƏDV-nin götürülməsi qəzetlərdə müəyyən qədər maliyyə imkanı yaradacaq. Bilirsiniz ki, qəzetlər kağızla çap olunur. Ölkədə də kağız istehsal olunmur və xaricdən gətirilir. ƏDV-nin götürülməsi və hətta çap məhsulları üzərindən 18 faizin bütövlükdə götürülməsi müsbət dəyərləndirilməlidir. Bu da qəzetlərin əmtəə dəyərinin azalmasına gətirib çıxaracaq. Həm də kitab bazarının inkişafına öz müsbət təsirini göstərəcəyindən əminəm”.

"Qanun" nəşriyyatının direktoru Şahbaz Xuduoğlu: “Bu böyük bir işdir. Kitabın qiyməti 15-20% ucuzlaşacaq, kağız gətirilməsi asanlaşacaq. Nəşriyyatların sayı artacaq. Bu sahə inkişaf edəcək. Kitab dükanlarının da sayı artacaq. Rəqabət olacaq. Yazıçıların da sayı artacaq. Bu həm də dövlətin kitaba olan xoş münasibətinin göstərişidir”.

Ayşən Vəli