Əlillərin sosial müdafiəsinə, reabilitasiyasına və cəmiyyətə inteqrasiyasına xüsusi qayğı göstərilir

3 Dekabr 2021 15:12 (UTC+04:00)

Bu gün 3 dekabr Beynəlxalq Əlillər Günüdür. Ölkəmizdə əlillərin sosial müdafiəsi ilə bağlı həyata keçirilən geniş miqyaslıi tədbirlərin əsası Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulub və Cənab Prezidentimiz İlham Əliyev, Birinci vitse-Prezidentimiz Mehriban Əliyeva tərəfindən də uğurla davam etdirilir. Azərbaycanda əlilliyi olan şəxslərin sosial müdafiəsi və tibbi-sosial reabilitasiyası dövlətin sosial siyasətinin mühüm tərkib hissəsidir. Onların sosial müdafiəsinə, reabilitasiyasına və cəmiyyətə inteqrasiyasına xüsusi qayğı göstərilir.

Bu gün rəhbəri olduğum “Ailə Dünyası” Ailələrə Hüquqi Yardım İçtimai Birliyinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin maliyyə dəstəyi ilə Bakının Suraxanı rayonunda və Ağsu şəhərində Sağlamlıq imkanları məhdud uşaqlar üçün Sosial Reabilitasiya Mərkəzlərimizin fəaliyyəti bunun bariz nümunəsidir. Bu tipli Mərkəzlərin yaradılmasında əsas məqsəd xüsusi qayğıya ehtiyacı olan, xüsusilə də son illər Azərbaycanda sayı artmaqda olan autizmli və daun sindiromlu uşaqlar da daxil olmaqla 100 uşağa sosial reabilitasiya xidmətlərinin göstərilməsi, onların müdafiəsini təşkil edərək xidmət və resurslardan yararlanmaq imkanlarına nail olunması, xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə inteqrasiya sahəsində ailələrin bilik və bacarıqlarını inkişaf etdirməkdir. Bu gün Sağlamlıq imkanları məhdud uşaqlar üçün Sosial Reabilitasiya Mərkəzləri demək olar ki, Azərbaycanın bütün rayonlarında fəaliyyət göstərir.

Bizim Mərkəzimizdə sosial xidmət sifarişi çərçivəsində xüsusi qayğıya ehtiyacı olan uşaqlara sosial-psixolji və tibbi reabilitasiya, abilitasiya, ailəyə dəstək və ailənin maarifləndirilməsi xidmətlərilər göstərilir, onların istirahətinin, asudə vaxtlarının səmərəli keçməsi üçün gəzintilər təşkil edilir, tədbirlər, müsabiqələr həyata keçirilir.

Gülayə Səfərova

“Ailə Dünyası” Ailələrə Hüquqi Yardım İçtimai Birliyinin rəhbəri