Mohaç döyüşünün getdiyi bölgə aşkarlanıb

2 Dekabr 2021 22:24 (UTC+04:00)

Osmanlı İmperatorluğunun Avropa torpaqlarında ən mühüm zəfərlərindən biri sayılan və Macarıstanın Osmanlı hökmranlığına girməsi ilə nəticələnən Mohaç döyüşünün keçirildiyi ərazi aşkar edilib.

SİA xəbər verir ki, qanuni Sultan Süleymanın komandanlığındakı Osmanlı ordusu ilə Macarıstan kralı II Layoş komandanlığı altında 29 avqust 1526-cı ildə baş verən və iki saat kimi qısa bir müddətdə sona çatan Mohaç döyüşünün keçirildiyi bölgə macar alimləri tərəfindən aşkarlanıb.

Macar Elmlər Akademiyasının təmin etdiyi araşdırma fondu ilə 2018-ci ildə Pecs Universiteti və Sosial Elmlər Araşdırma ərkəzinin təşəbbüsü ilə başladılan layihəyə başçılıq edən Professor Doktor Norbert Pap “Mohaç döyüşü indiki Macarıstanın Mohaç şəhərinin cənubunda bir yerdə baş verib, lakin döyüşün dəqiq yeri ilə bağlıMacarıstanda yüz ildir tarixi müzakirələr gedirdi" deyib.
Müharibənin Földvar kəndi ətrafında aparıldığının müəyyən edildiyini vurğulayan Pap apardıqları araşdırmaların nəticələrinə görə Földvar kəndinin Borza-Major bataqlığı ətrafında olduğunu və apardıqları geofiziki araşdırmaların bir bölgədə Orta əsrə aid böyük bir yaşayış yerinin qalıqlarını göstərdiyini söyləyib.

“Földvar kəndinin tapılması ciddi hadisədir. Orada arxeoloji qazıntılara ehtiyac var”, - deyə o bildirib.

Macarıstan kralı II Layoşun şimaldakı Csele bölgəsindəki bataqlıqda boğulduğunu vurğulayan Pap deyib:

“Biz də araşdırmalarımızda bu yeri də aşkarladıq. Bir çox türk qaynağı bunu təsdiqləyir''.

Bölgədə insan sümüklərinin basdırıldığı daha iki yer müəyyən etdiklərini də əlavə edən Pap bu bölgədə aparılan qazıntılar zamanı kütləvi məzarlıqların tapılma ehtimalının yüksək olduğunu bildirib.