Şəhid övladı ilə görüş keçirilib - FOTOLAR

2 Dekabr 2021 17:13 (UTC+04:00)

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və “Neftçi” Peşəkar Futbol klubunun birgə təşkilatçılığı ilə Vətən Müharibəsi şəhidi “Qarabağ” ordeni, “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif olunmuş Ramid Hacıyevin oğlu Əli Hacıyevin istəyi ilə görüş keçirilib. SİA-nın verdiyi məlumata görə, “Neftçi” Peşəkar Futbol klubunun təlim-məşq bazasında ilk olaraq balaca Əli komandanın məşqini izləyib. Məşqdən sonra klubun rəsmiləri Əlini məşçi korpusu və futbolçularla tanış edib.

Səmimi söhbət zamanı Baş İdarənin əməkdaşı Anar Əsədov görüşdə iştirak edən “Neftçi” komandasının üzvlərinə Əli Hacıyevin şəhid övladı olduğu barədə məlumat verib.

Klubun baş məşqçisi Samir Abasov şəhidin övladına onun adı yazılmış forma, Əlinin ən çox istədiyi futbolçu Emin Mahmudov isə öz formasını və imzalı topu hədiyyə edib.

Sonra Əlinin istəyi ilə meydançada Emin Mahmudov və diğər futbolçularla qapıya zərbələr vurulub. Sonda klub rəsmiləri və şəxsən Emin Mahmudov dekabrın 5-də keçiriləcək Neftçi-Sumqayıt oyununa Əlini dəvət ediblər.

Görüşün sonunda şəhid övladı ilə xatirə şəkilləri çəkdirilib.