Döyüşdəki qalibiyətimizin diplomatiyada davamının gəlməsini istəməyənlər....

2 Dekabr 2021 17:04 (UTC+04:00)

Dünən istər xalq, millət, dövlət, istərsə də toplum və ya ayrı-ayrı fərd olaraq ürəklər yandırıb-yaxan böyük bir faciənin ağrı-acısını yaşadıq. 30 noyabr 2021-ci il tarixdə Xızının Qaraheybət hərbi poliqonunda təlim zamanı baş verən qəza zamanı şəhidlik şərbətini içib, şəhadətə ucalan 14 igid qəhrəmanımızı haqqın dərgahına uğurladıq. Onları 44 günlük Zəfər yürüşündə itirsəydik, bəlkə də bu qədər alışıb yanmazdıq. Çünki Vətən Müharibəsi dövründə 3 minə yaxın şəhid verən başda başımızın tacı olan şəhid ailə üzvləri olmaqla uşağından böyüyünə qədər hamımız “təki Vətən sağ olsun!” dedik. Dünən qəzada itirdiyimiz 14 qəhrəmanımız təkcə 14 ailə, 14 ev, 14 el-obanın deyil, bütövləşmiş, 10 milyonluq Azərbaycan xalqının, dövlətinin ağır və ağrılı faciəsidir.

Vətən müharibəsində böyük uğurlara imza atan, od-alovdan sağ qurtulan, ixtisaslı peşəkar kadr kimi yetişməsinə illər sərf etdiyimiz aviasiya zabit heyətinin bir anda ehtiyatsızlıqdan və ya texniki nasazlıqdan baş verən qəza nəticəsində itirilməsindən dəhşətli bir şey ola bilməz. Ancaq bir qrup radikal kəsimin xalqın, şəhid, qazi ailələrimizin faciəsindən özlərinin çirkin məqsədlər üçün istifadə edib, şou təşkil etməsi və orada yaşananlar isə xalqımızın yox, elə onu düzüb-qoşanların adına böyük eybəcərlik idi. Bəli, səhv eşitmədiniz məhz şou... Müqəddəs şəhidlərimizin torpağa tapşırıldığı saatlarda şəhərin mərkəzində - Fəvvarələr Meydanında 45-50 nəfərlik bir qrup yolunu azmışların tez-tələsik, razılaşdırılmamış, əsrin bəlasına çevrilmiş Covid-19 pandemiyasının karantin qaydalarını kobud şəkildə pozulmasına hesablanan etiraz aksiyası keçirməyə qərar verməsi xaricdəki ermənipərəst qüvvələrin sifarişini yerinə yetirmək, həssas dönəmdə xalqın sosial təbəqəsinin bir anda diqqətini belə süni vasitə ilə özlərinə cəlb etməkdən başqa bir şey ola bilməzdi. Çünki Ali Baş Komandan ətrafında “Dəmir Yumruq” olan Azərbaycan xalqının qalib gəlməsini təkcə ermənilər deyil, elə onların havadarları, o cümlədən yolunu azmışlardan Azərbaycan dövlətinə, onun birinci şəxsinə qarşı “maşa” kimi istifadə edən, öz şəxsi istəklərini demokratiya dəyərləri altında zəif və zərif beyinlərə yeridənlər də həzm edə bilmir. Sahədəki qalibiyətimizin diplomatiya masasında davamının gəlməməsi üçün əllərindən gələni edirlər. Başqa sözlə, dekabrin 15-də Brüseldə Azərbaycan və Ermənistan rəhbərliyinin görüşünü təşkil edən qərb dairələri hər vəchlə dövlət başçısı cənab İlham Əliyevi Soçi görüşündə qazandığı və daha da möhkəmləndirdiyi üstünlüklərdən məhrum etmək istəyirlər. Bunun da yeganə yolu daxili çaxnaşma ilə birliyimizi parçalamaq, bizi 90-cı illərdəki ab-havaya qaytarmaqdır. Təbii ki, dünənki aksiyada kim və kimlər tərəfindən və kimliyindən asılı olmayaraq Azərbaycan vətəndaşına qarşı yol verilən istənilən fiziki zorakılıq qəbul edilən deyil. Əlbəttə, hadisəni törədənləri hüquq-mühafizə orqanları ciddi şəkildə araşdırıb, tədbir görməlidir. Burada bütün ehtimallar diqqətə alınmalıdır. Çünki əgər aksiya edən və edənlərə haqq verənlər iddia edirlərsə, bu hakim partiyanın birinci şəxsinin göstərişi ilə olub, onda əks tərəfin də tam əsası var ki, “o fiziki zorakılığı da bilavasitə özləri edib” ehtimalının üzərinə getsinlər.

Dünən baş verənləri oturduqları “isti qucaqlardan” sosial şəbəkənin verdiyi imkanlardan gen-bol bir “...şüvənliklə” dünya ictimaiyyətinə çatdırmağa cəhd edən bir neçə başıpozuq “zurnalist”lər, blogerlər dövlətin, xalqın və onun rəhbərinin ünvanına hər cür hədyan fikirlər səsləndirdilər. Xüsusən, Azərbaycan qadınına yaraşmayan tərzdə, məişət söhbətləri, tərbiyəsiz davranışları ilə tanınan Osmanın qızı Sevincin özfəaliyyət internet televiziyasında “Kaşki bizim prezidentimiz Paşinyan olardı, İlham Əliyev Paşinyanın ayağının tozu ola bilməz” kimi heç bir əxlaq normasına uyğun gəlməyən fikirləri adamı belə bir düşüncəyə qərq edir ki, sən ancaq və ancaq faşist xislətli adamabənzər məxluq olasan ki, başqasını demirəm, atanın qisasını erməni vəhşilərindən alan ölkənin birinci şəxsi bu formada aşağılayasan. Təsəvvür edirsiniz, söhbət 30 illik işğala son qoyan, xalqımızın alnına yazılmış qara ləkəni təmizləyən, bizi məğlub edilmiş ölkədən qalib ölkənin vətəndaşına çevirən bir lideri dəyərləndirə bilməməkdən gedir. Ancaq sonra xatırlayıram ki, dəfələrlə “Xocalı soyqırımı”nı törədənlərə haqq qazandıran, müharibədəki erməni itkilərinə azərbaycanlılardan daha çox üzülənlərdən bundan artıq hansı hərəkəti gözləmək olar ki...

Yaxşı, başa düşürük ölkəmizin, dövlətimizin, millətimizin, xalqımızın, vətəndaşlarımızın gələcəyi ilə bağlı bədbin proqnozlarınız alt-üst olub. Həmişə məğlub xalq kimi yaşayacağımızı ehtimal edirdiniz. Dünənə qədər “bu hakimiyyət Qarabağı satıb, işğal altında olan bir qarış torpaqlarımızı azad edə bilməyəcəklər” deyə düşünən, danışan sizlər gözləmədiyiniz halda ərazilərimizin tam azad olunması, bütövlüyümüzün bərpa olunması faktı ilə qarşılaşdınız.

Bilirsiniz “bədbəxt” adamlar təkcə özü sevinmir, yox, həm də başqalarının sevinməsini qəbul edə bilmir. İstədikləri odur ki, ətrafındakılar da həmişə kədərli olsunlar.

Uzaqdan-yaxından yaxşı tanıyanlar bilir ki, 20 noyabr 1991-ci ildə Qarakənddə ermənilər tərəfindən vurulan vertolyot qurbanlarından Osman Mirzəyev təpədən-dırnağadək vətənpərvər insan idi. Hədsiz vətəni sevdiyinə görə də şəhid oldu. Əgər o yaşasaydı, əminik ki, ermənilərə haqq verən, onların başsız başçılarını bizim türk dünyasının liderlərindən biri kimi qəbul olunan müzəffər rəhbərdən üstün tutan qızına görə utanc hissi keçirərdi. Bəlkə də şanslı atadır ki, qızının düşdüyü rəzil durumuna, sərgilədiyi eybəcər davranışlarına şahidlik etmir.

Maraqlı təzaddır, bir tərəfdə “öz oğlunun məzarında “Xocalı”nın qisasını almısan, buna görə ağlamıram” və ya oğlunun cənazəsi gələn yolu əyilib öpən və "südüm sənə halal olsun oğul" deyən analarımız, əli-ayağı olmaya-olmaya “mən vətən üçün heçnə edə bilmədim” deyən qəhrəman əsgərimiz, hospitalda can verərkən “axı niyə Şuşanı görmədim” deyib Suqovuşanda yaralanan igidimiz, köhnə ayaqqabı, nimdaş geyimi ilə “Asan Xidmət”ə gəlib, pensiyasını əsgərlərə hədiyyə edən ağsaqqalımız, ağbirçəyimiz, döyüş bölgəsinə könüllü yollanan neçə-neçə həkim xanımlarımız, canından-qanından keçməyə hazır könüllü yazılmış cəsur qadınlarımız, digər tərəfdə də xalqımızı, onun birinci şəxsini və ailə üzvlərini, alimini, müəllimini, məmurundan sıravi vətəndaşına qədər hamını yalan və ifitralarına inandıra bilmədikləri üçün adi məişətdə işlətdikləri “jarqon” ifadələrlə, küçə söyüşləri ilə təhqir edən bir qrup ünsürlər. Birinciləri düşünəndə adamın qəlbinə fərəh hissi dolur, qürurlanırsan və nə yaxşı bu millətin övladıyam, azərbaycanlıyam deyirsən. İkinciləri düşünəndə xəcalət hissi keçirirsən, bu zatıqırıqlarla eyni millətin nümayəndəsi olduğuna təəssüflənirsən.

Allah Məhəmməd Hadiyə rəhmət etsin:

Heyhat, yazıqlar sənə, ey tinəti-xunxar!

Əgər bütün insanlar mələk olsaydı, doğurdan cahan cənnət olardı.

Əfsun Sucayev

YAP İdarə Heyətinin üzvü