3 dekabr - Beynəlxalq Əlillər Günüdür

2 Dekabr 2021 16:41 (UTC+04:00)

2021-ci ilin ötən dövründə 50 mindən çox şəxsə əlillik təyin edilib

Beynəlxalq Əlillər Günü bütün dünyada hər il dekabrın 3-də qeyd edilir və bu barədə 1992-ci il dekabrın 14-də BMT Baş Assambleyasının qətnaməsi qəbul olunub. Əlbəttə ki, onun hədəfi - ictimai həyatın bütün sahələrində əlillərin hüquqlarının qorunması və geniş ictimaiyyətin diqqətini onların problemlərinə yönəltməkdir. Statistik məlumatlara əsaslanıb deyə bilərik ki, müasir dünyada təxminən bir milyard əlil yaşayır və onlar cəmiyyətin həyatında tamhüquqlu üzv kimi iştirak etmək üçün fiziki, ictimai-iqtisadi və davranış məhdudiyyətləri ilə üzləşirlər. Ölkəmizdə bu kateqoriyadan olan insanlara həssaslıqla yanaşılır.Azərbaycan BMT Baş Məclisi tərəfindən 2006-cı ildə qəbul edilmiş "Əlillərin hüquqları haqqında" Konvensiyaya qoşulub. Ölkəmizdə əlillərin sosial müdafiəsi ilə bağlı həyata keçirilən geniş miqyaslıi tədbirlərin əsası Heydər Əliyev tərəfindən qoyulub. İnsan amilini xüsusi diqqətdə saxlayan görkəmli dövlət xadimi, Ümummilli LiderHeydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə əlillərin sosial müdafiəsi, onların cəmiyyətə inteqrasiyası ildən-ilə gücləndirilib. Ölkədə əlillərin sosial müdafiəsi ilə bağlı dövlət proqramı hazırlanıb. Həmin proqramda əlilliyin qarşısının alınması, əlillərin reablitasiyası və sosial müdafiəsi haqqında qanunun bütün müddəaları öz əksini tapıb. Bakıda və regionlarda əlillər üçün reablitasiya mərkəzləri, protez-ortopedik müəssislər yaradılıb.

Əlilliyi olan insanlara Ümummilli Lider Heydər Əliyevin vaxtilə göstərdiyi diqqət və qayğı 2003-cü ildən etibarən Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilir. "Hər bir vətəndaş bizim üçün qiymətlidir, dəyərlidir. Fiziki cəhətdən qüsurlu insanlar isə xüsusi qayğıya layiqdirlər və biz çalışırıq ki, bunu edək"- deyən dövlət başçısının bu sözləri əlilliyi olan şəxslərin sosial müdafiəsinin daim gücləndirilməsində öz əməli təsdiqini tapır. Son illərdə bu sahədə qanunvericilik bazası daha da təkmilləşdirilir. Cəmiyyətin ümumi inkişaf prosesinə uyğun olaraq, bu kateqoriyadan olan şəxslərin sosial təminatını daha da yaxşılaşdıran, habelə ayrı-ayrı sosial məsələlərin həllinə imkanlar yaradan qanunlar qəbul edilir, eyni zamanda, onların maddi təminatını gücləndirmək məqsədilə yeni təqaüd və müavinətlər təsis edilir, pensiyaların və digər sosial ödənişlərin məbləği mütəmadi artırılır. Azərbaycanda əlil hüquqlarının qorunması, onların sağlamlıqlarının bərpası, sosial rifahının yaxşılaşdırılması, mənzillə təminatı, peşə ixtisasına yiyələnməsi, bir sözlə, tam hüquqlu üzv kimi cəmiyyətə inteqrasiya olunması üçün tədbirlər görülür. Həmin sahələrin hər biri üzrə lazımlı addımlar atılır.

"QARABAĞ QAZİLƏRİ BİLMƏLİDİRLƏR Kİ, BİZ DAİM ONLARIN YANINDAYIQ, SÖZDƏ YOX, ƏMƏLDƏ"

Bu gün 44 günlük Vətən müharibəsində sağlamlığını itirmiş oğulların sağlamlığının bərpası və normal həyata qayıtmağı üçün dövlətimiz tərəfindən addımlar atılır. Dövlət başçısının çıxışlarının birində bildidiyi kimi "Siz yaralanmısınız. Amma bilin ki, biz sizi sağaldacağıq. Ən ağır yaralanmış hərbçilərimizi həyata qaytaracağıq. Bizim həkimlərimiz indi gecə-gündüz çalışırlar. Bundan sonra da normal həyata qayıtmaq üçün bütün lazımi tədbirlər görüləcək. Bilirsiniz ki, Birinci Qarabağ müharibəsində əlini, qolunu, ayağını itirmiş hərbçilərimiz üçün Mehriban xanımın şəxsi təşəbbüsü və nəzarəti altında müasir protezlər gətirilir. O protezlər ki, insanlar o protezlərdən istifadə edib futbol da oynaya bilərlər. Bütün bunlar təmin ediləcək".

Əlbəttə ki, vəd və əməl hər zaman özünü təsdiqləyib. Müharibənin qurtarmasından ötən müddət ərizində döyüş meydanında sağlamlığını itirmiş hərbçilərin sağlamlığının tam bərpa məqsədi ilə 4-cü nəsil müasir protezlərlə təmin edilib. Vurğulamaq yerinə düşr ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu "2016-cı ilin Aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin edilməsi" layihəsini həyata keçirib. Aprel döyüşlərində yaralanmış əsgər və zabitlərimiz Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Fondun icra etdiyi xüsusi layihə çərçivəsində Almaniya, İslandiya, İngiltərənin dünyada müasir protez istehsalçıları kimi tanınan şirkətlərinin yüksək texnologiyalı məhsulları ilə təmin ediliblər.Qarabağ müharibəsi əlillərinə dövlət qayğısı siyasətinə dəstək məqsədi daşıyan bu layihə çərçivəsində 2018-ci və 2019-cu illərdə daha bir qrup Qarabağ müharibəsi əlili Heydər Əliyev Fondunun dəstəyi ilə yüksək texnologiyalı protezlərlə təmin olunub. Döyüşlərində əlil olmuş şəxslər yüksək texnologiyalı reabilitasiya vasitələri, hərəkət edən son - 4-cü nəsil müasir protezlərlə təmin edilib. "Bax, bunu biz edirik... Biz artıq bir neçə reabilitasiya mərkəzi yaratmışıq və yaralanmış hərbçilərimiz orada öz sağlamlıqlarını bərpa edirlər. Bu, çox genişmiqyaslı, böyük vəsait tələb edən proqramlardır. Ancaq biz bunu edirik və bundan sonra da edəcəyik. Bütün şəhid ailələri, Qarabağ qaziləri bilməlidirlər ki, biz daim onların yanındayıq, sözdə yox, əməldə", - Prezident qeyd edib.

Dövlət başçısının "Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş şəxslərin yüksək texnologiyalı reabilitasiya vasitələri ilə təmin olunmasına dair əlavə tədbirlər haqqında" 30 mart 2017-ci il tarixli Sərəncamı bu istiqamətdə mühüm addımın atılmasına imkan verib. Ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı sağlamlıqlarını itirmiş qəhrəman Vətən övladları hər zaman diqqət və qayğı ilə əhatə olunub. Onların hər birinin aktiv həyat tərzinin təmin edilməsi istiqamətində ardıcıl tədbirlər görülür.

YARALANAN 164 HƏRBÇİ 172 ƏN MÜASİR 4-CÜ NƏSİL ELEKTRON PROTEZLƏ TƏMİN EDİLİB

Prezident İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə "YAŞAT" Fondunun yaradılması, Fond tərəfindən qısa müddətdə ciddi işlərin görülməsinə başlanılması nəticəsində davamlı olaraq müharibə əlilləri və şəhid ailələrinin, o cümlədən müharibə veteranlarının sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən intensiv tədbirlər artıq öz təsirli nəticələrini verməkdədir. Eyni zamanda, şəhid ailələri və müharibə əlillərinin mənzil və fərdi evlə, müharibə əlillərinin avtomobillə təminatı tədbirləri yüksək səviyyədə davam etdirilir. Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyindən verilən məlumata görə, 2021-ci ilin ötən dövründə artıq 50 mindən çox şəxsə əlillik təyin edilib. Vətən müharibəsinin 2200 qazisinə ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyinatı aparılır. Prezident İlham Əliyevin tapşırığına əsasən, 2019-2021-ci illərdə Agentliyin 12 reabilitasiya və sosial xidmət müəssisəsi əsaslı təmir olunaraq yenidən qurulub və ən müasir avadanlıqlarla təchiz edilərək istifadəyə verilib. Müasir tələblərə uyğun qurulmuş reabilitasiya sistemi möhtəşəm Zəfərimizlə başa çatan Vətən müharibəsində yaralanmış hərbçilərimizin də yüksək səviyyədə reabilitasiya xidmətləri ilə təminatında mühüm bazadır. Agentliyin reabilitasiya müəssisələrində 1600 qaziyə, bu ilin 11 ayında əlilliyi olan şəxslər, habelə müharibə əlillərindən ibarət 7500-dən çox şəxsə reabilitasiya xidmətləri göstərilib. Yaxın günlərdə isə Qəbələ Uşaq Reabilitasiya Mərkəzi, gələn il isə Şəmkir Uşaq Reabilitasiya Mərkəzi də istifadəyə veriləcək. 2021-ci ilin 11 ayı ərzində Agentlik tərəfindən 8 minə yaxın əlilliyi olan şəxsə 41 mindən çox protez-ortopedik və digər reabilitasiya vasitəsi, o cümlədən 953 mühərrikli təkərli oturacaq verilib. O cümlədən, 1084 müharibə əlilinə 10823 reabilitasiya vasitəsi təqdim edilib. Vətən müharibəsində yaralanmış, aşağı və yuxarı ətrafları amputasiya edilmiş 164 hərbçi 172 ən müasir 4-cü nəsil elektron protezlə təmin edilib. Hazırda dünyada pandemiyanın davam etməsinə, bir çox ölkələrdə iqtisadi-maliyyə çətinliklərinin olmasına baxmayaraq, Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu dövlət siyasəti sayəsində heç bir sosial layihə təxirə salınmayıb. Əksinə, ölkəmizdə sosialyönümlü layihələrin sayı genişləndirilib, əhalinin həssas təbəqəsinin sosial məsələlərinin həlli istiqamətində genişmiqyaslı işlər görülür. İcra olunan sosial xarakterli layihələr arasında şəhid ailələri və müharibə əlillərinin sosial şəraitinin daha da yaxşılaşdırılmasına xüsusi diqqət göstərilir. Sağlamlıqlarını torpaq uğrunda itirən Qarabağ əlillərinin mənzil-məişət şəraitləri yaxşılaşdırılır. Əlillərə mütəmadi olaraq yeni mənzillər, avtomobillər verilir.

Onların müalicəsi üçün reabilitasiya mərkəzləri açılır və lazım gələndə isə müalicə olunmaq üçün xarici ölkələrə göndərilirlər. Bir sözlə, dövlətin bu təbəqəyə göstərdiyi qayğı göz önündədir.

Zümrüd BAYRAMOVA