"İndiki gəlinlər müasir dövrdür deyib, iş görmürlər" - SORĞU

2 Dekabr 2021 16:11 (UTC+04:00)

Müasir dövrdə demək olar ki, hər kəs işləyir. Evdar xanımlar isə ev işləri ilə məşğul olurlar. Onların işləri də evləridir. Lakin indiki dövr texnologiya dövrü olduğu üçün texnoloji ev alətləri xanımlara olduqca köməklik göstərir. Buna baxmayaraq, texnologiyanın digər məhsulu olan smartfonlar bəzən insanın bütün vaxtını aparır. Bəzən telefonu əlimizə aldığımızda bütün işlərimizi kənara qoyub telefona fokuslanırıq. Evdar xanımlarda da bu belədir. Son dövrlərdə evdar xanımların tənbəllik etməsi məsələsi gündəmdədir. SİA olaraq şəhər sakinlərinin fikrini öyrənməyə çalışdıq:

Paytaxt sakini Zərəngiz Qüdrətova: "Fikrimcə, indiki gəlinlər iş görə bilmirlər yox, daha doğrusu, iş görmək istəmirlər. Başa düşürəm müasir dövrdür. Bu gün hər şey texnika ilə həll olunur. Amma indiki dövrün gəlinləri bir az tənbəldir. Heç bir iş görmürlər. Söz də deyəndə, adamın üzünə qayıdırlar. Amma keçmişdə belə deyildi. Telefon, internet yox idi. Ona görə də, indiki ailələrdə olan bu cür problemlər bizim dövrümüzdəki ailələrdə yox idi".

Paytaxt sakini Nərmin Pərvinzadə: "Məncə, xanımlarımız işgüzardır. Hətta elələri var ki, həm işə gedir, həm uşağa baxır, həm də ev ilə məşğul olur. Deməzdim ki, indiki gəlinlər iş görmür. Mən özüm də həm işləyirəm, həm də ev ilə məşğul oluram. Evə yetəri qədər vaxtımı ayırıram və bu, mənim üçün heç vaxt problem olmayıb".

Paytaxt sakini Könül Əliyeva: "Artıq müasir dövrdür. Hər kəs işini texnika ilə həll edir. Amma bu, gəlinlərin ev işini görmədiyi, ümumiyyətlə, heç bir iş görmədiyi demək deyil. Düşünürəm ki, bəzi xanımlarımız telefona, sosial şəbəkələrə, ev işlərinə, uşağına yetəri qədər vaxt ayırmalıdır. Mənə elə gəlir ki, belə olduqda ailədaxili problemlər də yaranmaz".

Paytaxt sakini Nərmin Əliyeva: "Gəlinlərin iş görmədiyini, sadəcə, qayınanaları deyir. Məncə, gəlinlər ev işlərini görür, yetəri qədər ev ilə, uşaq ilə maraqlanırlar. Sadəcə, 5 dəqiqə vaxt tapıb oturanda, əlinə telefonu alanda deyirlər ki, iş görmürsən, tənbəlsən. Mənim ailəmdə bu günə qədər bu cür problem olmayıb. Amma başqalarında eşitmişəm. Hətta əlinə 5 dəqiqəlik telefon aldığına görə boşananlar da var".

Paytaxt sakini Zenfira Quliyeva: "Mənim iki oğlum var. İkisi də ailəlidir. İki gəlinimdən də razıyam. Çünki ikisi də işgüzardır. Evə, uşağa, ümumiyyətlə, ailəyə yetəri qədər diqqət və qayğı göstərirlər. Onlar telefonla da məşğul olurlar. Amma bu, heç vaxt bizim ailəmizdə problem olmayıb".

Paytaxt sakini Aidə Qarayeva: "İndiki gəlinlər başlarını telefondan qaldırsalar, daha yaxşı olar. Çünki telefona baxmaqdan ev işi görmürlər, uşaq ilə maraqlanmırlar. Hətta elələri var ki, heç evdə yemək bişirmir. Müasir dövrdür deyib, iş görmürlər. Ümumiyyətlə, indiki gəlinlərimizin iş görməklə arası yoxdur. Uşağa belə baxmırlar, dayənin öhdəliyinə buraxırlar. Amma bu, düzgün deyil. Belə olmamalıdır".

Paytaxt sakini Şəlalə Hüseynova: "Başqalarını deyə bilmərəm, amma mən öz gəlinimdən çox razıyam. O, çox işgüzardır. Həm işləyir, həm ev, həm də uşaq ilə məşğul olur. Bəziləri telefonu, “Tik-Toku” bəhanə edir ki, guya heç bir gəlin iş görmür. Amma fikrimcə, elə deyil".

Paytaxt sakini Minarə Mehdiyeva: "İndiki gəlinlər iş görməməklə yanaşı, həm də adamla dilləşir. Etdiyi səhvini başa düşüb üzr istəməkdənsə, özündən böyüyə cavab qaytarır. Həqiqətən də, bizim dövrümüzdə belə deyildi. Abır-həya var idi. Bizdən böyük olanlardan çəkinirdik. Onlara hörmət edirdik. Çox heyif ki, indiki dövrün gəlinləri belə deyil".