Hormonların balans nisbətini NECƏ TƏNZİMLƏMƏLİYİK? - QİDA MÜTƏXƏSSİSİ AÇIQLADI

2 Dekabr 2021 15:40 (UTC+04:00)

“Adətən insanlarda bir çox səbəblərdən hormonal balans pozulmuş olur. Bu hallar bəzən xəstəliklər keçirdikdə baş verə bilər, bəzən isə qeyri-sağlam qidalanmadan və düzgün olmayan həyat tərzindən də qaynaqlanır”. Bu sözləri SİA-ya açıqlamasında sağlam qida mütəxəssisi Məhsəti Hüseynova söyləyib.

O, qeyd edib ki, ilk olaraq bunun hansı səbəbdən qaynaqlandığını bilmək lazımdır. “Bəzən də olur ki, insanlar bir çox dərmanlardan həkim məsləhəti ilə deyil, hər hansı bir tanıdığı insanın tövsiyə etdiyi dərmanı özündə istifadə etdikdə belə bu problemə gətirib çıxara bilər. Əgər ciddi bir xəstəlik yoxdursa qidalanmamızla və həyat tərzimizlə hormonlarımızı tənzimləyə bilərik. Bu halda mütləq şəkildə zərərli qidalardan uzaq durmalıyıq. Buna əsasən “fast-fud”, tez hazırlanan qidalar, qazlı içkilər, kolbasalar, sosislər, paketlənmiş məhsullar və s. bunlar atışdırmalıq kimi dediyimiz qidalardır ki, bu qidalar hormonal balansı pozur. Eyni zamanda da broyler toyuqları ən çox yetkinlik yaşında olan uşaqlara daha çox təsir edir və xüsusilə bu toyuqlardan qidalanan oğlan uşaqlarında qadın hormonlarının daha çox artdığı görülür ki, bu da süd vəzilərinin şişkinliyinə səbəb olur. Yaxşı olar ki, insanlar mümkün qədər broyler toyuqlarından istifadə etməsin, xüsusilə də 25 yaşına qədər olan orqanizmə daha çox zərər verir. Ona görə də bu dövrdə diqqət etməli olduğumuz məqamlardan biri də budur.

30 yaşdan sonra isə qadınlarda hormon pozuqluğu gözəllik kimi hesab etdiyimiz saçda, dəridə, dırnaqlarda problemlərə səbəb olur. Ona görə yaxşı olar ki, hormonlarımızı balansda saxlamaq üçün əsas qidalarımıza diqqət edək. Mütləq şəkildə biz mövsümi meyvə-tərəvəzlərə üstünlük verməliyik. Mövsümi meyvə-tərəvəzlərə üstünlük verdikdə hal-hazırda nar, heyva çox faydalıdır və hormonal balansını da tənzimləyir. Eyni zamanda kivi həm immun sistemini gücləndirməklə yanaşı orqanizmdə zərərli olan toksid maddələrin atılmasına da kömək olur. Brokolinin tərkibində olan təbii, faydalı kimyəvilər yenə də bədəndən toksid maddələrin atılmasına yardım edir ki, bu da çox faydalı hesab olunur. Çox yaxşı olar ki, çərəzlərdən də istifadə olunsun. İlk növbədə badam çox faydalı hesab olunur.

Hormonları tənzimləmək üçün yaxşı olar ki, gün ərzində 20-25 ədəd badamdan artıq yeyilməsin. Ancaq hormon tənzimlənməsində quru badamdan daha təzə badam faydalı olur. Quru badamı yedikdə hormonların tənzimlənməsi üçün qəbul ediriksə, onları bir müddət suda isladıb yeyildikdə daha faydalıdır. Bundan başqa mövsümünə görə giləmeyvələr həddindən artıq faydalıdır, onlar orqanizmin cavan qalmasına kömək edir. Böyürtkən, qarağat, qaragilə, moruq kimi qidalardandır ki, mütləq şəkildə bu qidalardan da istifadə etməliyik. Əlavə olaraq, ən əsası da ev üsulunda hazırlanan təbii qatıq çox faydalıdır ki, bunu da qəbul etmək hormonlar üçün çox faydalıdır. İnsanlar mümkün qədər aktiv həyat tərzi sürməlidirlər. Hormonlarında problem olan insanlar üçün ən azı hər gün 45 dəqiqə, 1 saat yürüyüş etmələri mütləqdir. Açıq havada olması vacibdir və əsas məsələ yuxu rejimidir ki, yuxu rejimini də unutmamaq lazımdır. Sağlam yuxu yatmayan insan hansı yaşda olursa-olsun onlarda mütləq hormonlar balansı pozulur”.