Dövlətçilik tariximizin milli adət-ənənələrinin təbliği - TƏHLİL

2 Dekabr 2021 15:30 (UTC+04:00)

Xalqımız dünyanın ən qədim dövlətçilik ənənələrinə, dərin mədəni irsə malik olan xalqlarındandır. Azərbaycan xalqı təqribən 5 min illik dövlətçilik tarixinə malikdir və dövlətimizin qədim tarixə malik olduğunu bu günümüzə qədər qalan abidələrimiz də təsdiq edir. Əlbəttə ki, belə boyük, qədim bir tarix, mədəniyyətimizin, adət-ənənələrimizin, elm və təhsilimizin, eyni zamanda, ədəbiyyatımızın tərəqqisinə səbəb olub.
Millətin, xalqın adət-ənənələri və bu müstəvidə yüksək mənəvi dəyərlər sisteminə malik olması onu tanıdan və digər xalqlardan fərqləndirən ən önəmli xüsusiyyətlərindəndir. Elə bu baxımdan da demək olar ki, hər bir millətin, hər bir xalqın mənəvi, mədəni simasını göstərən məhz milli adət və ənənələr, eləcə də yüksək mənəvi dəyərlər sistemidir. Azərbaycan xalqı məhz özünün zəngin milli, əxlaqi və mənəvi dəyərlər sistemi ilə bəşər sivilizasiyasına əvəzsiz töhfələr verən ən qədim xalqlardandır, hansı ki, xalqımızın bu adət və ənənələri, yüksək mənəvi dəyərləri hər zaman bütün dünyanın diqqətini cəlb edib. Bütün dünya xalqları hər zaman xalqımızın milli adət və ənənələrinə maraq göstərib, mədəniyyətimizin zənginliyinə böyük dəyər verib və bunun da qədim tarixi köklərə bağlı olması qənaətindədir. "Milli adət və ənənələr hər bir xalqın milli mədəniyyətinin zənginliyindən, qədim tarixi kökə malik olmasından xəbər verir", deyən Ümummilli Lider Heydər Əliyev adət və ənənələrin hər bir millətin həyatında oynadığı əvəzsiz rolunu yüksək qiymətləndirib.
Güclü dövlətçilik quruculuğu ilə adət-ənənələr və onların formalaşdırdığı milli dəyərlər sistemi arasında sıx vəhdət var. Məhz hər bir dövlətin gücü adət və ənənələrin cəmiyyəti əxlaqi, milli vətənpərvərlik baxımından düzgün istiqamətə yönəltməsindən, onları saf təməllər üzərində tərbiyə etməsindən bilavasitə asılıdır. Elə ona görə də cəsarətlə deyə bilərik ki, adət-ənənələr hər bir dövlətin qüdrətli və uzunömürlü olmasında on minlərlə əsgərin görə bilmədiyi işi görür. Daha dəqiq desək, güclü və qüdrətli dövlətin meydana çıxmasında adət və ənənələr münasibətlərin tənzimləyicisi, istiqamətvericisi funksiyası ilə önəmli rol oynayır.
Azərbaycan milli-mənəvi dəyərləri, sənəti, mədəniyyəti, incəsənəti ilə dünyaya inteqrasiya olunduğumuz zamanda çox böyük heyrət doğura bilib və təbii ki, bu dəyərlərin əsasında xalqın tarixi köklərini, tarixini, mədəniyyətini, qəhrəmanlığını, məişətini, sosial həyatını əks etdirən faktorlar dayanır. Sözsüz ki, belə bir zəngin tarixi irsin daşıyıcısı olan xalqın qürürla səhifələdiyi vərəqlər də zənginləşir, Azərbaycanın dünyaya töhfələr verən abidəsi olduğunu isbat edir. Təbii ki, bu abidələr öz növbəsində fərdlər tərəfindən milli düşüncənin məhsulu olaraq ortaya qoyulur. Ümummilli Lider Heydər Əliyev siyasi kursunun davamçısı olan İlham Əliyev tərəfindən ardıcıl olaraq imzalanan sərəncamlarda bu ifadə təsdiqini bir daha tapır. Əlbəttə ki, cənab Prezidentin sərəncamı ilə Bakıda Beynəlxalq Muğam Mərkəzinin tikilməsi, Xalça Muzeyinin inşası, regionlarda yeni muzey və musiqi məktəblərinin yaradılması və digər işlər qədim və zəngin mədəni irsə olan diqqətin bariz nümunəsidir. Azərbaycanın dünyaya inteqrasiya tempinin artmasına töhfələrini verən, milli-mənəvi dəyərlərin keşiyində duran və onun inkişafına ömrünü həsr edən ziyalıların yubiley mərasimlərinin keçirilməsi, fəxri ad və mükafatların verilməsi ilə bağlı ölkə başçısının, cənab İlham Əliyevin imzaladığı sərəncamlar milli dəyərlərimizə verilən dəyərin, qiymətin təzahürüdür.
Onu da vurğulamaq lazımdır ki, Azərbaycanin milli dəyərlərini, tarixi irsini dünyada təbliğ edən Heydər Əliyev Fondunun da əvəzsiz xidmətləri var və bu fondun təşəbbüsü ilə nəşr olunan kitablarda Azərbaycan mətbəxi, mədəniyyəti, təbiəti və sair barədə məlumatlar yer alır. Fondun təşəbbüsü ilə Fransanın San-Trope şəhərində "Azərbaycanın mədəni zənginlikləri" adlı sərginin təşkili, Fransanın Mejev şəhərində, Afinada, Hannoverdə və başqa yerlərdə Azərbaycan mədəniyyəti günlərinin keçirilməsi, Parisdə Reza Deqatinin Azərbaycana həsr olunmuş fotosərgisinin açılışı və digər tədbirlər Azərbaycan milli dəyərlərinin, tarixi irsinin təbliğində olduqca əhəmiyyətli hesab olunur. Heç şübhəsiz ki, Qərb və Şərq sivilizasiyalarının kəsişməsində yerləşən Azərbaycanın mədəniyyətinə, milli dəyərlərinə bu şəkildə yanaşma yetişməkdə olan nəslin mövcud dəyərlərə münasibətini müsbət istiqamətdə dəyişir və məhəbbət yaradır. Ölkəmiz və onun paytaxtı Bakı şəhəri dünya mədəni irsinə hər zaman layiqli töhfələr verdiyi heç kim üçün sirr deyil və bu proses hələ də davam edir. Təsadüfi deyil ki, paytaxt Bakı Şərqin bütün gözəlliklərini özündə əks etdirən Qərb şəhəri, yaxud Qərb cazibəsini özündə əks etdirən Şərq paytaxtı kimi tanınır. Əlbəttə ki, gördüyümüz kimi, müxtəlif tədbirlərin Azərbaycanda təşkili də öz növbəsində ölkəmizin beynəlxalq nüfuzunu daha da, olduqca artırır.
Azərbaycan bu və ya digər nailiyyətlərlə yanaşı, mövcud olan dinlərarası, millətlərarası münasibətlərdə belə artıq dünya üçün örnək, tolerantlıq və dözümlülük ənənələri ilə zəngin olan dövlətdir. Ölkədə son 11 il ərzində 250-yə yaxın məscidin tikilməsi, təmir edilməsi dini kökə bağlılığın, adət-ənənələrə sadiqliyin nümunəsidir. Bu sırada Bibiheybət, Təzəpir, Əjdərbəy, Şamaxı kimi məscidləri vurğulamaq yerinə düşər. Bu yaxınlarda isə Qafqazın ən böyük məscidi olan möhtəşəm, əzəmətli Heydər Məscidinin tikilməsi Azərbaycanda dini ənənələrə sadiqliyinin göstəricisidir.
Bu gün artıq ölkəmiz müxtəlif beynəlxalq tədbirlər məkanına çevrilib. Tolerantlığı, multikulturalizmi, bərabərliyi, ümumilikdə, mənəvi dəyərləri təbliğ edən beynəlxaql tədbirlərə, bir sıra beynəlxalq miqyaslı mədəniyyət tədbirlərinə, idman yarışlarına Azərbaycan ev sahibliyi edir. Bir çox ölkələrin nümayəndələri, məhz ölkəmizdə təşkil olunan beynəlxalq tədbirləri, idman yarışlarını, eləcə də mədəniyyət tədbirlərini izləmək üçün məhz bizim ölkəmizə səfər edirlər. 2017-ci ilin Azərbaycanda "İslam Həmrəyliyi ili" elan edilməsi də təsadüfi deyildi. İslam həmrəyliyi Azərbaycandakı multikultural mühitin özlüyündə təbii olaraq davamıdır. İslam həmrəyliyi ancaq İslam aləmi daxilində olan həmrəyliyi nəzərdə tutmur, bu, həmçinin islam aləmi ilə digər konfessiyalar arasında həmrəyliyin də harmoniyası deməkdir.
Azərbaycan dövləti milli-mənəvi dəyərlərimizin, qədim adət və ənənələrimizin qorunması, daha da inkişaf etdirilməsi üçün təkcə beynəlxalq səviyyədə deyil, eyni zamanda ölkəmizin hər bir guşəsində, hər bir bölgəsində də məqsədyönlü işlər görür və məqsəd də, ilk növbədə ondan ibarətdir ki, xalqımız öz keçmişini yaddan çıxarmasın. Qədim ipəkçilik, dulusçuluq, xalça mədəniyyəti kimi sənətkarlıq nümunələrinin qorunub, inkişaf etdirilməsinə dövlət tərəfindən böyük dəstək verilməsi də təsadüfi və əbəs yerə deyil. Eyni zamanda əbəs yerə deyil ki, qədim memarlıq abidələrimiz, o cümlədən qədim dini məbədlərimiz olan Alban kilsələri, pir və ocaqlarımız yenidən bərpa edilərək xalqın ixtiyarına verilir. Çünki, milli-mənəvi dəyərlər Azərbaycan xalqının ortaq mədəniyyət nümunələridir və bu milli-mənəvi dəyərləri cəmiyyət formalaşdırır.
Ölkəmizdə müxtəlif dinlərin, konfessiyaların nümayəndələrinin, müxtəlif mədəniyyətlərə mənsub insanların birgə yaşadığı günümüzün reallığıdır və heç zaman onlara qarşı dözümsüzlük nümayiş etdirilmədiyi də bəllidir ki, məhz bu da tolerantlıq nümunəsidir. Azərbaycan dövlətinin, xalqımızın bu ölkə ərazisində yaşayan insanlara tolerant münasibəti qədim dövlətçilik ənənələrimizə sadiqlikdən irəli gəlir. Bu gün də öz dövlətçilik tarixinin, milli mədəniyyətinin, mültikulturalizminin və tolerantlığının qorunması, təbliği və inkişafı üçün Azərbaycan dövləti üzərinə düşən bütün vəzifələri ən yüksək səviyyədə həyata keçirir. Bu isə təbii ki, nəticə etibarı ilə ölkəmizdə iqtisadi inkişafa, stabilliyə, sabitliyə, insanların rifahının yüksəlişinə zəmin yaradır, səbəb olur və bütün bunlar da öz növbəsində dövlətin məqsədyönlü, düşünülmüş şəkildə uğurla idarə olunduğunu təsdiqləyir.

İnam Hacıyev

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən onlayn media subyektlərinin (veb-saytların) inkişafı, iqtisadi müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, habelə dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsi məqsədilə təşkil edilən müsabiqənin mövzusuna uyğun dərc edilir.