Magistratura imtahanında yeni qaydalar NƏ OLACAQ? - TƏHSİL EKSPERTİ AÇIQLADI

2 Dekabr 2021 15:24 (UTC+04:00)

"2022-ci ildə ali təhsil müəssisələrinin magistratura pilləsinə qəbul imtahanları keçiriləcək və təbii ki, əvvəlki illərdə olduğu kimi bu il də imtahan bir mərhələdən ibarət olacaq. Yəni, imtahan iştirakçıları bir mərhələdə məntiqi düşünmə, eyni zamanda informatika bilikləri və xarici dil biliklərini əks etdirən suallara cavab verəcəklər". Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.

Onun sözlərinə görə, müvafiq olaraq burada proqramlar üzrə keçid balları var və təbii ki, keçid balının bu müsabiqə şərtini ödəyən bakalavrlar magistratura pilləsi üzrə ixtisas seçiminə buraxılacaqlar: "Qeyd edim ki, Azərbaycan təhsil sistemi iki ilə yaxındır ki, artıq pandemiya dövründədir və bu birmənalı şəkildə tədrisin keyfiyyətli təşkilinə öz təsirini göstərir. Dövlət İmtahan Mərkəzi də bundan əvvəlki imtahanlarda yəni, 2020-ci ildə keçirilən, eyni zamanda 2021-ci ilin müvafiq dövründə keçirilən imtahanlarda təqdim edilən test tapşırıqları zamanı pandemiya dövrünü müəyyən qədər nəzərə alıb. Təbii ki, burada nəzərə alıb dedikdə test tapşırıqları arasında çətin, orta və asan tipli test tapşırıqlarının sayının bərabər paylanması əsas tutulur".

Ekspert sözlərinə belə davam edib: "Təbii ki, biz birmənalı şəkildə deyə bilmərik ki, burada bütün suallar asan olmalıdır. Bu belə deyil. Təqdim edilən test tapşırıqları öz ağırlıq səviyyəsinə görə təbii ki, pandemiya dövrünün çətinlikləri nəzərə alınmaqla həyata keçirilməlidir. Hesab edirəm ki, burada heç də bütün suallar ona görə asan olmamalıdır ki, bu süni şəkildə keçid ballarının qalxmasına gətirib çıxara bilər və yüksək ballı bizim bakalavrlarımız kənarda qala bilərlər. Ona görə də təbii ki, burada ən vacib diqqətə alınmalı məsələ test tapşırıqları arasında ağırlıq səviyyəsinin paylanmasını daha da genişləndirmək lazımdır".

"Birmənalı şəkildə keçirilən imtahanlarda tam olaraq sualların təbii ki, ağırlıq səviyyəsi dəyişməməlidir. Amma pandemiya dövrünün çətinlikləri, şagirdlərin hazırlıq kursuna gedə bilməməsi, öyrənməklə bağlı ortaya çıxan problemlər, hətta biz bilirik ki, bakalavrlar arasında yoluxma halları olanlar da olub. Yəni, bu amillər mütləq olaraq nəzərə alınmalıdır".

Ayşən Vəli