“Böyük Zəfər” məhəllələrarası mini futbol yarışlarına start verilib - FOTOLAR

2 Dekabr 2021 15:06 (UTC+04:00)

Azərbaycan xalqı Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində Şanlı Qələbə qazanıb. Böyüməkdə olan gənc nəslə bu şanlı qələbənin təbliği, doğma vətənə sevgi və məhəbbət hisslərinin aşılanması, eyni zamanda yeniyetmə və gənclərdə sağlam həyat tərzinin tərbiyə olunması və onların idmanla məşğul olmağa cəlb edilməsi məqsədi ilə həyata keçirilən tədbirlər çərçivəsində Bakı Şəhər İcra Hakimiyyəti və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinın birgə təşkilatçılığı ilə Bakı şəhərinin bütün rayonlarını əhatə edən 2007-2009-cu il təvəllüdlü yeniyetmələr arasında “Böyük Zəfər” məhəllələrarası mini futbol turnirinə start verilib. SİA-nın verdiyi məlumata görə, 2 mərhələdən ibarət olan futbol yarışmasında ümumilikdə 1056 gənc idmançının yer aldığı 88 komanda iştirak edəcək. Olimpia sistemi üzrə keçirilən yarışda iştirakçı komandalar Şanlı Qələbəmizin şərəfinə “Zəfər”, “Qələbə”, “Qarabağ”, “Şuşa”, “Vətən”, “Zəngəzur”, “Dəmir yumruq” və s. bu kimi vətənpərvər ruhlu adlar daşıyırlar.

Yarışlar paytaxtın qəsəbə və yaşayış məntəqələrində əsaslı təmir olunan və sakinlərimizin sevimli isrirahət yerlərinə çevrilən 46 abad məhəllədəki hər cür şəraiti olan mini stadionlarda keçirilir. Yarışların birinci turu dekabrın 8-nə kimi paytaxt rayonlarında baş tutacaq, daha sonra isə rayon yarışlarının qalibləri Bakı şəhər mərhələsində yarışacaqlar. Respublika səviyyəli hakimlərin iştirakı ilə təşkil edilən turnirə dekabrın 20-24-ü tarixlərində final oyunları ilə yekun vurulacaq.

Yarışların qalibləri Fəxri Fərman və qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar. Turnirin açılışı ilə bağlı tədbir və ilk oyun Nizami rayonunda Əli Vəliyev küçəsindəki abad məhəllədə təşkil edilib. Açılış mərasimində çıxış edən rəsmilər, idman mütəxəssisləri yarışlar barədə məlumat verib və yeniyetmələrə turnurdə uğurlar arzulayıblar.

İlk oyun günü Nizami rayonunun “Dəmir yumruq” və “Zəfər” komandaları qarşılaşıb və oyun 11:8 hesabı ilə “Dəmir yumruq” komandasının qələbəsi ilə başa çatıb.

Paytaxtın digər rayonlarında da turnir çərçivəsində keçirilən yarışlara start verilib.