Hamı öz məsuliyyətini başa düşməlidir - JURNALİST TƏNQİD ETDİ

1 Dekabr 2021 18:34 (UTC+04:00)

“İnsanların ekstrimal situasiyalarda həyəcanlanması, soyuqqanlılığını itirməsi başa düşüləndir. Xüsusilə hərbi qəzalarda bu tendensiya daha qabarıq şəkildə müşahidə olunur. Vəziyyətdən yeganə çıxış yolu cəmiyyəti vaxtında məlumatlandırmaq, şayiələrin ayaq tutub yeriməsinin qarşısını almaqdır”. Bu sözləri SİA-ya açıqlamasında Jurnalist Araşdırmaları Mərkəzinin sədri, Yenisabah.az saytının baş redaktoru Seymur Verdizadə deyib.

Jurnalisti dünənki vertolyot qəzası ilə bağlı sosial şəbəkələrdə aparılan müzakirələr onu məyus edib: “Hərbi mövzuda danışanda bir qədər ehtiyatlı olmaq lazımdır. Rəsmi məlumat olmadan fikir yürütmək, hadisəyə qiymət vermək naşılıqdır. Düzdür, Azərbaycanda əksər dövlət qurumları çevik deyil, cəmiyyəti vaxtında məlumatlandırmır. Amma bu məsələdən xəbəri olmayan adamların meydana çıxıb insanları qorxuya salmasına, ölkədə xof yaratmasına əsas vermir. Hərbi mütəxəssis olmayan, hətta hərbi xidmətdə olmayan adamlar bu cür mürəkkəb qəzaları şərh edə bilməz. Söhbət insan taleyindən, dövlətimizin təhlükəsizliyindən gedir. Hamı öz məsuliyyətini başa düşməlidir”.