Maraqlara deyil, dəyərlərə əsaslanan Türkiyə-Azərbaycan qardaşlıq birliyi ŞƏRH

1 Dekabr 2021 16:15 (UTC+04:00)

Bu qardaşlıq bölgəyə sülh və sabitlik gətirir

Türkiyə ilə Azərbaycan arasında əlaqələrdə atılan hər addım regional əməkdaşlığın inkişafına, təhlükəsizliyin güclənməsinə xidmət edir. Azərbaycan torpaqlarının işğaldan azad edilməsi iki dövlətin əlaqələrinin genişlənməsinə müsbət təsir göstərib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın son bir ildə Azərbaycana ardıcıl olaraq səfərlər etməsi bunu təsdiqləyir. Əslində, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səfəri bir neçə baxımdan əhəmiyyətlidir. O, bununla işğaldan azad edilən torpaqlara Azərbaycanın nəzarət etdiyini bütün dünyaya təbliğ edir, bu ərazilərə sərmayə qoyulmasının riskli olmadığını isbatlayır. Türkiyə liderinin səfərləri iki dövlət arasında əməkdaşlığın artıq səmərə verdiyinin göstəricisidir. Prezident İlham Əliyev oktyabrın 26-da Zəngilanda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata birgə bəyanatla çıxış edən zaman deyib: “Sizin səfərinizin çox böyük önəmi var. Siz ikinci dəfədir ki, işğaldan azad edilmiş torpaqlara səfər edirsiniz. Dörd ay bundan əvvəl sizinlə bərabər Şuşa şəhərində olmuşuq. Bu gün isə Füzulidə və Zəngilandayıq. Şuşa şəhərində imzalanan Şuşa Bəyannaməsi tarixi sənəddir. Bu bəyannamə bizim əlaqələrimizi rəsmən müttəfiqlik səviyyəsinə qaldırmışdır. Bu gün Füzuli Beynəlxalq Hava Limanının açılışında birlikdə iştirakımız bir daha bizim birliyimizi göstərir, gücümüzü göstərir. Onu göstərir ki, Türkiyə və Azərbaycan iki qardaş ölkə kimi hər zaman bir-birinin yanındadır”.

Türkiyə xalqına, həm də bütün dünyaya bir mesaj: “Biz bir yerdəyik. Bizim birliyimiz sarsılmazdır və əbədidir”

Bu gün Türkiyə və Azərbaycan liderlərinin görüşləri iki dövlətin sarsılmaz birliyinin əyani təzahürüdür. Azərbaycan Prezidenti İlham Əliyev Zəngilanda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata birgə bəyanatla çıxışı zamanı bildirib ki, bu gün regional işlərdə, hətta dünya miqyasında Türkiyə və Azərbaycan birliyi, qardaşlığı önəmli faktora çevrilib: “Bu, əsl qardaşlıq nümunəsidir, əsl dostluq nümunəsidir. Həm Azərbaycan xalqına, həm Türkiyə xalqına, həm də bütün dünyaya bir mesajdır ki, biz bir yerdəyik. Bizim birliyimiz sarsılmazdır və əbədidir».

Çünki Azərbaycan və Türkiyə münasibətləri maraqlara deyil, dəyərlərə əsaslanır. Və bu bütün dünya üçün bir nümunədir. Öz maraqları üçün min oyunlar oynayan, hər cür addımlara gedən, mənəviyyatsızlıqları sərhəd tanımayan xarici siyasi dairələr qarşısına Azərbaycan və Türkiyə Prezidentləri bu dəyərlərin gücü ilə çıxırlar. Onlara öz yerlərini göstərirlər. Bu iki liderin uca şəxsiyyətinə, mənliyinə, mənəviyyatına, dəyərlərə bağlılığına yaraşan da elə məhz budur!

Prezident İlham Əliyevin Türkiyənin dövlət başçısı haqqında səsləndirdiyi səmimi sözlər bir liderin digəri haqqında rəyindən də çox, bir insanın öz doğma qardaşının uğurları ilə qürur duyması qədər xoş, sevindirici və fərəhlidir. Bu il oktyabrın 16-da Türkiyənin "A Haber” televiziya kanalına müsahibəsində ölkə rəhbərimiz demişdir: "Rəcəb Tayyib Ərdoğan mənim qardaşımdır. Bizim çox yaxın münasibətimiz var. Həm prezidentlər kimi, həm də iki insan kimi. Ona mənim çox böyük hörmətim var. O, dünya lideridir. O, Türkiyəni böyük zirvələrə qaldırdı. Türkiyəni ucaltdı. Türkiyəni ləyaqətli, qürurlu dövlət kimi bütün dünyaya tanıtdırdı. Ona qarşı çox böyük ədalətsizliklər, haqsızlıqlar edilir, həm bəzi ölkələr tərəfindən, həm də təəssüf ki, Türkiyənin içində də bəzi siyasi qüvvələr tərəfindən... Çünki siyasi mübarizə hər yerdə var. Bir də milli məsələ var. Milli məsələdə hər hansı bir siyasi mübarizə olmamalıdır. Biz təhdid qarşısında birləşməliyik. Bu gün Türkiyəyə də hər tərəfdən hücum edirlər. Ona tab gətirmək, onun qarşısında sipər kimi dayanmaq çox böyük cəsarət tələb edir. Böyük peşəkarlıq, bilik, iradə tələb edir. Mənim qardaşım, bax, belə insandır və mən onu yaxından tanıdığım üçün bunu tam səmimiyyətlə deyə bilərəm”.

Bəli, bu gün Azərbaycanla Türkiyə arasında uzun illərin sınağından çıxmış dostluq və qardaşlıq münasibətləri bir daha onu göstərir ki, iki ölkə arasındakı əlaqələr əbədidir və heç bir qüvvə Azərbaycan - Türkiyə dostluğunun, qardaşlığının qarşısını ala bilməz. İki qardaş ölkənin yaxından iştirakı ilə reallaşdırılan qlobal layihələr regionun mənzərəsini dəyişir. Cənubu Qafqazda sülh və təhlükəsizliyin təmin olunması, bu bölgənin yaxın gələcəkdə dünyanın inkişaf mərkəzlərindən birinə çevrilməsi üçün əsaslı zəmin formalaşdırır. Bu prosesə töhfə verən hər kəs bundan yalnız faydalanacaq. Çünki Azərbaycan və Türkiyə bu gün regionda yeni bir reallıq yaradır. Qarabağ savaşı Böyük Qələbəmizlə başa çatandan sonra Cənubi Qafqaz çox ciddi və mühüm bir başlanğıca qədəm qoyur. O başlanğıcın adı Sülhdür! Sabitlik və İnkişafdır!

Bir sözlə, Azərbaycan və Türkiyə qardaşlığı bölgəyə sabitlik gətirməklə yanaşı, bu birlik həm də regional güc kimi mühüm əhəmiyyətə malikdir. Bu gün öz liderlərinin sayəsində hər iki ölkə bütün dünyada böyük uğurlar əldə edən, prinsipial siyasət yürüdən güc kimi tanınırlar. Artıq şübhə yoxdur ki, iki xalq və dövlət arasındakı qardaşlıq daimidir və yaxın vaxtlarda biz hər iki ölkənin növbəti uğurlarına şahidlik edəcəyik.

RƏFİQƏ KAMALQIZI