"Vətən haqqı ana haqqıdır" FOTOLAR

1 Dekabr 2021 15:10 (UTC+04:00)

Vətən - doğma diyar, ana yurd... babaların, dədələrin əmanəti... tariximiz, ənənəmiz, azadlığımız... bir millətin illər uzunu yaşadığı, adətinin, ənənəsinin, varlığının, şüurunun, birliyinin torpağı ilə birləşdiyi məkan! Elə bir məkan ki, ana qucağı kimi isti, ata qoynu kimi əmin və etibarlı.

Vətəni sevmək hissi Tomris mərdliyini, Cavanşir yenilməzliyini, Dədə Qorqud hikmətini, Nizami poeziyasını, Tusi elmini, Füzuli kədərini, Koroğlu cəngisini, Xətai qılıncını, qələmini, Babək cəsarətini, Nəsimi qətiyyətini, Üzeyir musiqisini, Səməd Vurğun şeiriyyətini sevmək deməkdir. Ana laylalarıyla başlayan vətənpərvərlik hissi, körpə böyüdükcə onun torpağa, elə-obaya bağlılığı, Vətənə əsgər olmağın ülviliyi haqqında düşüncələri daha da dolğunlaşır. Vətənpərvərlik tərbiyəsi, hər şeydən əvvəl, Vətəni dərin məhəbbətlə sevmək və onun mənafeyini qorumaqdır. Vətən torpağının müqəddəsliyi, onun yağılardan qorunmasının vacibliyi dastanlarımızın əzəli ulusu "Kitabi - Dədə Qorqud"da böyük məhəbbətlə tərənnüm edilir. Vətən ana ilə bərabər tutulur. Torpaq-uğrunda ölən varsa, Vətəndir! Vətənə sadiq olmaq, Vətəni sevmək, torpağa bağlı olmaqdır vətənpərvərlik! Vətənpərvər olan şəxs Vətənini sevən, ona sadiq, torpağına, millətinə bağlı olan, bütün mənəvi sərvətlərə malik hərtərəfli şəxsdir.
Vətən təkcə yurd deyil. Vətən mənəm, Vətən sənsən, Vətən bizik. Vətənin dünəninə, bu gününə, sabahına hamımız cavabdeh olmalıyıq. Vətənpərvər, Vətənini, yurdunu sevən, dövlət atributlarına hörmətlə yanaşan, onu qoruyan, hər vaxt üçrəngli bayrağını uca tutan cəsur oğullar millətin qürur mənbəyidir. O insan vətənpərvərdir ki, doğma elin evi, dayağı olan Vətənini müdafiə etsin, mədəniyyətinin, adət-ənənələrinin qorunmasının cəfakeşi olsun, bayrağını uca tutsun.

"Vətən haqqı ana haqqıdır" - kəlamının işığında Vətənin keşiyində ayıq-sayıq dayanıb, onu göz bəbəyi kimi qoruyan qardaşlarımız “Vətən bizim varlığımızdır, fəxrimizdir, qürurumuzdur” deyib, torpaqlarımız uğrunda canlarından keçməyi gözə almışlar.

"Öncə Vətən, ikinci xalq, sonra mən" kəlamını həyat amalına çevirən, Vətənin bir qışını qürbətin yüz baharından üstün tutan, Vətən ocağının tüstüsünü yad ocağın alovundan dəyərli bilən İkinci Qarabağ Müharibəsində – Füzuli, Cəbrayıl, Xocavənd və Şuşa döyüşlərində igidliklə döyüşən Vətən övladlarından biri də, Murad Şahin oğlu Şükürlüdür. 04.01.1996-cı il tarixində Bakı şəhərində doğulmuş, 2017-2018-ci il tarixində həqiqi hərbi xidmətdə olan Murad Şükürlü 21 sentyabr 2020-ci tarixdə Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidməti Xəzər rayon şöbəsi tərəfindən hərbi təlimlərə cəlb olunmuş, 27 sentyabr 2020-ci il tarixindən 10 oktyabr 2020-ci il tarixinə qədər İkinci Qarabağ müharibəsində qəhrəmanlıqla döyüşmüş və qalibiyyətlə qayıtmışdır.

10 oktyabr 2020-ci ildən 31 dekabr 2020-ci tarixə qədər dislokasiya üzrə N-saylı hərbi hissədə olmuş və Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə tərxis olunmuş Murad Şahin oğlu Şükürlü 27 sentyabr 2020-ci il tarixindən 10 noyabr 2020-ci il tarixinədək torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən “VƏTƏN MÜHARİBƏSİ”-ndə fəal iştirak etdiyimə görə 877 nömrəli hərbi hissə komandiri, polkovnik Rəşad Salmanov tərəfindən “FƏXRİ FƏRMAN”-la təltif edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli Sərəncamları ilə “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. Vətən uğrunda, onun azadlıq və istiqlaliyyəti yolunda canını qurban verməyə hazır olan və qurban verən qəhrəmanlar heç vaxt unudulmur, ölümsüzlüyə qovuşurlar.

Qeyd edək ki, Murad Şükürlü DİN-in Polis Akademiyasının polkovniki, hüquq üzrə fəlsəfə doktoru, dosent Şahin Teyyub oğlu Şükürovun oğludur. Doğru deyiblər ki, vətənpərvərlik, torpaq sevgisi, yurd-yuvaya sevginin əsası ailədə qoyulur. Vətən sevgisi, Vətənə məhəbbət insanın daxilindən, qanından, genindən gəlir. Vətən sevgisi insana ana südü ilə verilir. Dövlətimizə, xalqımıza, Vətənimizə belə bir oğul qazandırdıqları üçün Murad Şükürlünün simasında vətənin dar günündə sinəsini sipər edib, canını qurban verməyə hazır olan bütün vətən övladlarının VALİDEYNLƏRİ qarşısında baş əyirik. Şəhid ailələrinə səbr, qazilərimizə sağlıq diləyirik. Var olsun Vətənin dar günündə onunla olan VƏTƏN ÖVLADLARI!

Aynur Səfərli