Avropa məhkəməsi saxta balans yaratmaq istəyir - SİYASİ ŞƏRHÇİ AÇIQLADI

1 Dekabr 2021 15:23 (UTC+04:00)

“Avropanın bir sıra strukturlarından, o cümlədən də Avropa İnsan Haqqları Məhkəməsindən biz dəfələrlə Azərbaycana və Ermənistana fərqli və qərəzli yanaşmaların şahidi olmuşuq. Hələ Qarabağ münaqişəsinin həll olunmadığı dövrdə Azərbaycandan Avropaya İnsan Haqqları Məhkəməsinə gedən şikayətlərə baxılması və Ermənistandan gedən şikayətlərə baxılmasının dinamikası və qəbul olunmuş qərarların müqayisəsi belə bir qənaətə gəlməyə xeyli əsas verir”. Bu sözləri SİA-ya açıqlamasında siyası şərhçi Aydın Quliyev deyib.

Onun sözlərinə görə, illər boyu Avropa məhkəməsi digər Avropa strukturları kimi guya Azərbaycanın və Ermənistanın arasında bir saxta balans yaratmaq məqsədilə hər iki ölkəyə eyni münasibət sərgiləməklə məşğul olub: “O cümlədən də Avropa məhkəməsi adətən Azərbaycandan Ermənistanın əleyhinə Avropa məhkəməsinə verilmiş bir şikayətə baxılan kimi dərhal Ermənistandan da verilən bir şikayətə baxılırdı. Beləliklə də Avropa məhkəməsi sanki Azərbaycanın və Ermənistanın arasında saxta bir balans yaratmaq istəyirdi. Halbuki, Azərbaycanlıların Ermənistandan 1988-1990-cı illərdə qovulmuş 250 min azərbaycanlının təkcə məruz qaldıqları maddi itki, onlara vurulan əmlak ziyanlarını hesablamaq üçün dəhşətli rəqəmlər işlətməyə ehtiyac var. Hansı ki, bu insanlar bütün ömür boyu topladıqlarını Ermənistanda qarətçilərə təhvil verib çıxmağa məcbur olmuşdular. Amma buna baxmayaraq onların çox cüzi bir hissəsinin Avropa məhkəməsində qaldırdıqları məhkəmələr, iddialar icraata qəbul olundu. Halbuki, Azərbaycandan heç vaxt heç bir erməni qovulmayıb, sadəcə olaraq ermənilər bütün əmlaklarını rahat şəkildə Bakıdan, eləcə də digər bölgələrdən sataraq bu ölkəni tərk ediblər. Ona görə də sonuncu dəfə noyabrın 16-da Azərbaycana qarşı sərhədlərdə təxribat törədərkən Ermənistanın bir neçə əsgərinin Azərbaycan silahlı qüvvələri tərəfindən mühasirəyə alınaraq saxlanması indi Avropa məhkəməsini çox "ciddi" bir hərəkətə keçməyə məcbur edir”.

Aydın Quliyev sözlərinə belə davam edib: “Mən bu ciddi sözünü dırnaqda işlədirəm çünki, təkcə birinci Qarabağ müharibəsi vaxtı Azərbaycanın 4 mindən artıq vətəndaşının qeyri-müəyyən şəraitdə itkin düşməsinə baxmayaraq ancaq indiyə qədər Avropa məhkəməsi digər Avropa strukturları kimi o insanların taleyinə heç bir lazımi və həssas münasibət göstərməyib. Baxmayaraq ki, dəfələrlə bununla bağlı müraciət olunub. Amma indi 16 nəfər, həm də təxribatçı və Azərbaycanın dövlət sərhədlərini cinayətkarcasına pozaraq bizim ərazilərimizə basqın etmiş erməni əsgərinin əsir düşməsi Avropa məhkəməsini və başqa Avropa strukturlarını narahat edir. Bir sözlə, Avropa məhkəməsi hazırkı şəraitdə də noyabrın 16-da əsir düşmüş erməni əsgərlərinin taleyinə də münasibətdə siyasi yanaşır. Burada həmin əsgərlərin hansı şəraitdə əsir düşmələrinin araşdırılmasından daha çox Ermənistanın tərəfini saxlamaq motivi hiss olunur. Halbuki, həmin əsgərlər məhz bizim ərazilərimizə hücum etdiklərinə və təcavüzkar olduqlarına görə ordumuz tərəfindən zərərsizləşdirilib”.

Ayşən Vəli