Ermənistan gömrükçüləri Gorus-Qafan yolunda, amma...

1 Dekabr 2021 12:40 (UTC+04:00)

"Ötən müddət ərzində Gorus-Qafan yolunda bir ədəd də olsun Azərbaycan avtomobili görünməyib". Bunu parlamentdə jurnalistlərə açıqlamasında Ermənistanın Dövlət Gəlirləri Komitəsinin (DGK) sədri Rüstəm Badasyan deyib.

Azərbaycan tərəfinin Gorus-Qafan yolunda gömrük postu yaratmasından sonra Ermənistan da həmin yolda gömrük postları yerləşdirib. Amma kimin üçün, məlum deyil. Çünki həmin yoldan hələlik Azərbaycana aid heç bir avtomobil istifadə etmir. Belə görünür ki, Ermənistan bu yolda gömrük postu yaratmaqla adekvat addım atdığını düşünüb.

Bildiyiniz kimi, noyabrın 11-də Azərbaycan tərəfi Gorus-Qafan yolunda gömrük-keçid məntəqələri qurub və bu səbəbdən də həmin yolda hərəkət faktiki olaraq dayandırılıb. Üç gün sonra, noyabrın 14-də Qafan-Çakaten yolunda da gömrük məntəqəsi peyda oldu. Bundan sonra altı erməni kəndinin ölkənin digər hissələri ilə əlaqələri qismən kəsilib. Baş nazir Nikol Paşinyan da bəyan edib ki, Ermənistan tərəfi də öz gömrük məntəqələrini yerləşdirəcək.

R.Badasyanın sözlərinə görə, gömrükçülər artıq yol hissələrində xidmət göstərirlər, baxmayaraq ki, məsələ hələ onların birbaşa funksiyalarını yerinə yetirmək səviyyəsinə çatmayıb: "Bu mərhələdə gömrük işçiləri əvvəllər orada olan digər strukturlarla birlikdə eyni binalarda yerləşirlər. Tezliklə onlar üçün xüsusi məntəqələr yaradılacaq".

DGK-nin rəhbəri Azərbaycanın nə vaxtsa bu yoldan istifadə edib-etməyəcəyini söyləməkdə çətinlik çəkib.