Fahrettin Altun Azərbaycana başsağlığı verib

30 Noyabr 2021 21:51 (UTC+04:00)

Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin qəzaya uğraması ilə bağlı Azərbaycana başsağlığı verib.

SİA xəbər verir ki, Fəxrəddin Altun bu barədə sosial media hesabında paylaşım edib.

“Azərbaycan Dövlət Sərhəd Xidmətinə aid helikopterin qəzaya uğraması nəticəsində həlak olan qardaşlarımıza Allahdan rəhmət, yaralılarımıza şəfa arzulayırıq. Azərbaycanın kədəri Türkiyənin kədəridir. Bütün azərbaycanlı qardaşlarımızın başı sağ olsun!” - paylaşımda qeyd olunub.

Qeyd edək ki, noyabrın 30-da saat 10:40 radələrində DSX-nin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqo­nunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Hadisə nəticəsində 14 nəfər həlak olub, 2 nəfər xəsarət alıb.