ABŞ-ın parçalanması reallığa çevrilə bilər - BLOOMBERG YAZIR

30 Noyabr 2021 19:46 (UTC+04:00)

ABŞ-ın dağılma ehtimalı indi minilliyin əvvəli ilə müqayisədə xeyli yüksəkdir. SİA xəbər verir ki, bu barədə “Bloomberg”-in köşə yazarı Maks Hastinqs bəyan edib.

Hastinqs xatırladıb ki, SSRİ-nin dağılması, Banqladeşin Pakistandan ayrılması, Sinqapurun Malayziyadan ayrılması, Çexoslovakiyanın bölünməsi fonunda iyirminci əsrdə dünyanın müxtəlif ölkələrinin sərhədləri ciddi şəkildə dəyişdirilib. O, gələcəkdə, məsələn, Kataloniyanın ayrılması halının mümkün olduğunu da qeyd edib.

"ABŞ niyə istisna ola bilər?" deyə jurnalist sual edib.

O izah edib ki, yarandığı gündən bu günə qədər ştatlar davamlı şəkildə genişlənsə də, həmişə siyasi və digər prinsiplərə görə bölünüblər.

"İki əsrdən çoxdur ki, amerikalıları birləşdirən şey onları ayırandan daha yüksək olub", deyə Hastinqs fikirlərini davam edib.

Onun sözlərinə görə, ABŞ-ın bəzi hissələri ölkədən ayrılmaq istəyə bilər. İlk növbədə, söhbət Kaliforniya və Texasdan gedir. Müşahidəçi etiraf edib ki, Amerika cəmiyyətindəki parçalanmanın kökündə son illərdə kəskinləşən irqi problem dayanır. Bundan əlavə, ABŞ-da digər azlıqlara fərqli münasibət göstərilir və bu, parçalanmalar yaradır.

"Ölkə elə bir qəzəb dalğası yaradır ki, bunun necə bitəcəyini təxmin etmək mümkün deyil", deyə Hastinqs yazır.

O, Brexit-in mənfi nəticələrini xatırladıb və onun sözlərinə görə, bir anlıq qazanc bütün britaniyalılar üçün problem yaradıb.

"Eyni şey, yalnız Amerika Birləşmiş Ştatlarında parçalanma halında daha geniş miqyasda baş verəcək", deyə müəllif xəbərdarlıq edib.

Hastinqsin fikrincə, ABŞ-ın dərhal parçalanmasını gözləmək lazım deyil, lakin onun ehtimalı indi 20 il əvvəlkindən qat-qat çoxdur. Üstəlik, hadisələrin bu cür inkişafı təkcə Amerika üçün deyil, bütün Qərb üçün çox baha başa gələcək.