YAP Xətai rayon təşkilatının hesabat-seçki yığıncaqları davam edir - FOTO

30 Noyabr 2021 18:54 (UTC+04:00)

Azərbaycanda həyata keçirilən siyasətin alternativsizliyi beynəlxalq qurumların hesabatlarında da aydın ifadəsini tapır

Noyabrın 30-da YAP Xətai rayon təşkilatı Telnov küçəsi 6, Məzahir Rüstəmov küçəsi 2 və Məzahir Rüstəmov küçəsi 39 ünvanlarında yerləşən ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqlarını keçirib. Hesabat məruzələri dinlənilib, çıxışlar əsasında ərazi partiya təşkilatlarının hesabat dövründəki fəaliyyətləri qiymətləndirilib.

Yığıncaqlarda çıxış edən YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə bildirib ki, dünənin, bugünün və gələcəyin partiyası olan Yeni Azərbaycan Partiyasının yaranması ilə müstəqil Azərbaycanımızın dövlətçilik tarixində yeni bir yüksəliş mərhələsinin əsası qoyuldu: "Ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev partiyanın keçdiyi yolu yüksək dəyərləndirərək bildirmişdir ki, YAP güclü təşkilatdır, Azərbaycanın həyatında müstəsna rola malikdir. Heç bir siyasi qüvvə Yeni Azərbaycan Partiyası ilə rəqabət aparmaq iqtidarında deyil. Partiyamızın Sədri bu əminliyi də ifadə etmişdir ki, hamımız birlikdə həm partiyamızı daha da gücləndirəcəyik, həm də ölkəmizi daha da inkişaf etdirəcəyik. Azərbaycan müasirləşəcək, güclənəcək, çox zəngin və qüdrətli dövlətə çevriləcəkdir".

Vüqar Rəhimzadə qeyd edib ki, son 18 ilin uğurları verilən hər vədin reallıqda öz əksini tapdığını təsdiqləyir: "Bu gün Azərbaycanın istənilən sahədə əldə etdiyi uğurlara diqqət yetirsək zəngin təcrübənin, təkmil inkişaf modelinin mövcudluğunu görərik. Tariximizə Zəfər səhifəsini yazan 44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycanın bütün imkanlarının təqdimatı oldu. Bu Qələbə fonunda ölkəmizdə xalq-iqtidar birliyinin möhkəmliyi, sarsılmazlığı bir daha dünyaya çatdırıldı. Azərbaycanda həyata keçirilən siyasətin alternativsizliyi beynəlxalq qurumların hesabatlarında, ekspertlərin, siyasətçilərin rəylərində də özünün aydın ifadəsini tapır. Prezident İlham Əliyevin dövrün, zamanın tələblərinə uyğun təkmil islahatları davamlı uğurlara yol açır. Bu günlərdə Türkmənistanın Aşqabad şəhrində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə Toplantısında da əsas diqqət Azərbaycana yönəldildi. Ölkəmizin son 18 ildə qazandığı uğurların qısa təhlilini diqqətə çatdıran dövlət başçısı İlham Əliyev səylərin birləşdirilməsinin hədəflərə yüksək səviyyədə nail olmağa böyük əsaslar yaratdığını diqqətə çatdırdı".

YAP Xətai rayon təşkilatının sədri qeyd edib ki, Yeni Azərbaycan Partiyasının bu ilin martında keçirilən VII qurultayında qəbul olunan qərarlar məhz yeni dövrün reallıqlarını özündə əks etdirir ki, onların gerçəkləşdirilməsi istiqamətində hər bir şəhər və rayon təşkilatı səylərini daha da artırmalıdır.

Sonra hesabat-seçki yığıncaqlarında təşkilati məsələlərə baxılıb.

Reyhan Ələkbərova Telnov küçəsi 6 ünvanında yerləşən ərazi partiya təşkilatının sədri, İradə Bağırova sədr müavini, Fəridə Şərifova Məzahir Rüstəmov küçəsi 2 ünvanında yerləşən ərazi partiya təşkilatının sədri, Lətafət Alcanova sədr müavini, Nəzakət Əsgərova Məzahir Rüstəmov 39 ünvanında yerləşən ərazi partiya təşkilatının sədri, Kifayət Rzayeva isə sədr müavini seçiliblər.

YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə yeni tərkiblərə fəaliyyətlərində uğurlar arzulayıb.