Azərbaycan belə böyük bir oğlunun olması ilə fəxr etməlidir - MÜNASİBƏT BİLDİRİLDİ

30 Noyabr 2021 17:00 (UTC+04:00)

“Əlbəttə ki, Lütfi Zadə Azərbaycan adına qlobal səviyyəli bir dəyərdir. Ona "Google" şirkəti tərəfindən bu cür qiymət verilməsi, ümumiyyətlə ona bu cür hörmətin göstərilməsi bir azərbaycanlı olaraq şəxsən məni də çox qürurlandırır”. Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Azər Həsrət deyib.

"Bilirsiniz ki, Lütfi Zadə Azərbaycanda doğulub. Amma ömrünün sonrakı mərhələlərində İranda və daha sonra da ABŞ-da yaşayıb. Lakin bununla belə o, bütün ömrü boyu həmişə özünü azərbaycanlı sayıb və azərbaycanlı olduğunu qürurla dilə gətirib. Lütfi Zadə, dünyasını dəyişməzdən öncə də vəsiyyət edib ki, onu Azərbaycana gətirib öz torpağında dəfn etsinlər. Yəni o, bütün varlığı ilə azərbaycanlı idi, Azərbaycana bağlı idi və əbədiyyətə məhz Azərbaycanda qovuşmağı üstün seçmişdi. O baxımdan Lütfi Zadəyə bu cür dəyərin verilməsi bir azərbaycanlı olaraq şəxsən məni qürurlandırır.

Həqiqətən də bu gün səhər “Google”u açdıqda istənilən bir axtarış öncəsi onun şəklini görmək mənim üçün doğrudan da qürurvericidir. Hər halda Azərbaycan belə böyük bir oğlunun olması ilə fəxr etməlidir”.