Bu ənənələr bizim həyat tərzimiz üçün adi və normaldır - SOSİOLOQ AYDINLIQ GƏTİRDİ

30 Noyabr 2021 16:17 (UTC+04:00)

“Heyvanların bir-biri ilə döyüşdürülməsi və bu cür yanaşma tərzi əslində Azərbaycan coğrafiyasına kənardan gətirilmiş bir şüur formasıdır. Bu kimi döyüşlər Azərbaycanın ən qədim adət-ənənələrindəndir”. Bu sözləri SİA-ya açıqlamasında sosioloq Asif Bayramov deyib.

“Məgər bizim əcdadlarımız, ulu babalarımız keçmişdə heyvanları bir-biri ilə boğuşdurmayıb? Ümumiyyətlə bu döyüşlər 100 il öncə heyvanlar üzərində hər hansı bir zülm hesab olunmurdu, amma artıq bu bir işgəncə və əzab kimi qəbul olunur. Çünki, əslində Qərbdən Azərbaycana ixrac olunan şüurlardan biri məhz ondan ibarətdir ki, insanın əzabından, iztirabından diqqəti yayındırıb, bu diqqəti, bu şüuru heyvanların üzərində cəmləşdirək. Nəticədə insanın əzabı, iztirabı, insana verilən zülm arxa plana çevrilir.

Mən hesab edirəm ki, bu yanaşma Azərbaycan xalqının ənənəvi düşüncəsinə, əxlaqına yalançı bir yanaşmadır. İtləri, xoruzları döyüşdürmək də olar. Necə ola bilər ki biz boks və s. kimi idman yarışları təşkil edirik və idmançıların başına vurulan ağır zərbələri işgəncə hesab etmirik, ancaq heyvanlara qarşı bu münasibəti fərqli dəyərləndiririk. Hər halda bu və buna bənzər şüur formaları Azərbaycana Qərb cəmiyyətindən məqsədyönlü şəkildə eksport olunan zərərli şüur formalarıdır. Burada başlıca məqsəd sosial-ictimai bəlalardan diqqəti yayındırmaqdır.

Gəlin biz diqqətimizi öz insanlarımızın əzabına yönəldək. Xoruz və ya it döyüşdürmək Azərbaycanın ən qədim ənənələrindən biridir, bu ənənələr bizim həyat tərzimiz üçün adi və normaldır”.