Ermənilər cinayətlərinə görə beynəlxalq hüquq qarşısında məsuliyyət daşıyırlar - DEPUTAT ŞƏRH ETDİ

30 Noyabr 2021 15:58 (UTC+04:00)

“Azərbaycan öz tarixi zəfəri ilə ərazi bütövlüyünü bərpa etsə də, çox təəssüf ki, müharibə bu və ya digər formada və formatda davam edir. Bunların bir qismi siyasi, diplomatik, informasiya və s. platformalarda bir növ yumşaq güc vasitələri ilə aparılır. Azərbaycan bütün bu strateji sferalarda da müvafiq uğurlar əldə etməyi bacarır. Ancaq təəssüf ki, bir sahə var ki, biz orada uduzuruq. Bu ermənilərin 30 il müddətində bizə qarşı hazırladıqları “mina müharibəsi”dir”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Deputatın sözlərinə görə, hazırda postmüharibə mərhələsində davam edən mina müharibəsi, yaxud terroru sayəsində biz 24 nəfər mülki şəxs itirmişik: “50-yə qədər vətəndaşımız isə bu və ya digər dərəcədə xəsarət alıb, bəziləri əlil olub. Əlbəttə ki, hər bir Azərbaycan vətəndaşının həyatı olduqca qiymətlidir. Onun qorunması üçün dövlətimiz mühüm tədbirlər görsə də, işğaldan azad olunmuş ərazilərimizin minalardan təmizlənməsi istiqamətində bu sahədə hərbi texniki tərəqqinin ən müasir avadanlıqlarından da istifadə etməklə çox böyük işlər həyata keçirsə də, bəzi vətəndaşlarımızın diqqətsizliyi və səhlənkarlığı ucbatından itkilərə məruz qalırıq. Dolayısı ilə bir növ özümüzü könüllü şəkildə erməni faşizminin və ya terror müharibəsinin qurbanlarına çeviririk. Dövlət qurumlarının ən müxtəlif inzibati tədbirlərinə, təbliğat və təşviqat fəaliyyətinə baxmayaraq, bu, hələ də davam edir”.

H.Babaoğlu vurğulayıb ki, çıxış yolu isə hər şeydən öncə vətəndaş məsuliyyətinin və intizamının dərk edilməsindədir: “Biz elə davranmalıyıq ki, övladlarımız, əzizlərimiz, valideynlərimiz üçün qiymətli olan həyatımızı ani səhlənkarlıq, yaxud məsuliyyətsizlik ucbatından itirərək onlara da faciə yaşatmayaq. Ona görə də dünən ön cəbhədə intizam və məsuliyyət nümayiş etdirməyi bacaran şanlı Azərbaycan əsgərinin etdiklərini sivil vətəndaşlarımız bu gün mina cəbhəsində nümayiş etdirməyi bacarmalıdır. Əks təqdirdə həm həyatımızı itirəcəyik, həm də düşmənlərimizi sevindirəcəyik. Torpaqlarımız minalardan tam azad edilənədək, səbrli olmalı, ermənilərin mina müharibəsini ifşa etməliyik. Çünki bütün bunlar üçün erməni terrorçu ordusu və dövləti məsuliyyət daşıyır. Özü də təkcə Azərbaycan qarşısında deyil, həm də beynəlxalq humanitar və cinayət hüququ qarşısında. Əlbəttə onlar bir gün bu əməllərinə görə də cavab verməli olacaqlar. Necə ki, xalqımıza qarşı törətdikləri ən müxtəlif müharibə cinayətlərinə görə müzəffər ordumuza cavab verməli oldular. Ancaq hazırkı şəraitdə ümdə vəzifə özümüzü bu terrordan qorumaq və ermənilərin mina terrorunu dünyaya çatdırmaqdır”.