Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının fəal üzvüdür

30 Noyabr 2021 15:30 (UTC+04:00)

Vətən müharibəsindən sonra Azərbaycan Cənubi Qafqazda yeni reallıqlar yaratdı. Bu reallıqlar postmüharibə dövründə bütün region ölkələri və qonşu dövlətlər üçün yeni iqtisadi inkişaf istiqamətləri yaradıb. Lakin hər kəsə məlumdur ki, bu imkanların reallaşması yalnız regionda dayanıqlı sülhün və təhlükəsizliyin mövcud olacağı halda mümkündür. Bizim qələbəmiz regionun inkişafı üçün dayanıqlı zəmin yaradır. Azərbaycan bu gün Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizləri kimi regional layihələrdə fəal iştirak edir və hazırda Azərbaycan öz ərazisindən Asiyanı Avropa ilə birləşdirən Şərq-Qərb dəhlizinin tərkib hissəsi olacaq “Zəngəzur nəqliyyat dəhlizi” üzrə çalışmalar həyata keçirir. Həyata keçirilən bu lahiyələr ölkəmizin Avrasiyanın nəqliyyat və logistika mərkəzi kimi önəmli mövqeyini daha da gücləndirməyə imkan verəcək və iştirakçı ölkələrin hər birinin qarşısında yeni inkişaf perspektivləri açacaq. Bu il noyabrın 28-də Aşqabadda keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə Toplantısında bu məsələlərin vacibliyi qeyd olunub, Azərbaycanın istər Cənubi Qafqaz regionuna, istərsə də Avrasiya məkanı ölkələrinin inkişafına verdiyi töhfələr yüksək qiymətləndirilib.

İqtisadi Əməkdaşlıq Təşkilatının əsas məqsədi region ölkələrinə məxsus resurslardan tam istifadəni təmin etməklə təşkilatın dünya iqtisadiyyatında payını artırmaqdır. İqtisadi Əməkdaşlıq Təşkilatı həmçinin iqtisadiyyatı liberallaşdırmağa və üzv ölkələrlə digər ölkələr arasında ticarət maneələrini aradan qaldırmağa çalışır. Bu baxımdan İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə Toplantısı iqtisadi inkişaf sahəsində əsas prioritetləri müəyyən etmək, yeni əməkdaşlıq layihələrini reallaşdırmaq üçün mühüm əhəmiyyət daşıyırdı. 10 ölkəni birləşdirən bu təşkilat İran, Türkiyə, Pakistan, Türkmənistan, Qırğızıstan, Özbəkistan, Qazaxıstan, Tacikistan, Əfqanıstan və Azərbaycanın daxil olduğu hökumətlərarası regional qurumdur. Qeyd edək ki, 1964-cü Türkiyə, Pakistan və İran tərəfindən “Regional İnkişaf üçün Əməkdaşlıq” kimi yaradılan təşkilat, 1985-ci ildə İqtisadi Əməkdaşlıq Təşkilatı olaraq yenidən qurulub və Azərbaycan 1992-ci ildə təşkilata üzv olub. 2006-cı ildə İqtisadi Əməkdaşlıq Təşkilatının Bakıda keçirilmiş 9-cu Zirvə Görüşündə Mərkəzin Bakı şəhərində təsis edilməsi təklifi Prezident İlham Əliyev tərəfindən təkrar olaraq irəli sürülüb və 2021-ci ilin mart ayında İqtisadi Əməkdaşlıq Təşkilatı Türkiyənin sədrliyi ilə video-konfrans vasitəsilə görüş keçirilib. Nəticə etibarilə 14-cü Zirvə Görüşündə Mərkəzin nizamnaməsi imzalanıb. Noyabrın 28-də Aşqabadda keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə Toplantısı maraqlı müzakirələr və görüntülərlə yadda qalıb. Prezident İlham Əliyevin İqtisadi Əməkdaşlıq Təşkilatının tribunasından bir çox mühüm məqamlara toxunub, əhəmiyyətli mesajlar səsləndirib.

Möhtərəm Prezident İlham Əliyev digər beynəlxalq platformalarda olduğu kimi, İqtisadi Əməkdaşlıq Təşkilatının tribunasından da Azərbaycanın əldə etdiyi tarixi qələbəyə, regionda yaratdığı yeni reallıqlara diqqət çəkdi. Bir daha bəyan etdi ki, Azərbaycan özü öz ərazi bütövlüyünü bərpa etdi. Ölkə başçısı çıxışında erməni vandalizminə diqqət çəkərək bildirdi ki, işğal dövründə həmin ərazilərdə bütün şəhər və kəndlər, o cümlədən mədəni və dini irs abidələri Ermənistan tərəfindən yerlə-yeksan edilib. İşğal altında olan ərazilərimizdə 67 məsciddən 65-i tamamilə dağıdılıb, digər iki məscidə isə ciddi zərər dəyib.

Prezident İlham Əliyev həmçinin Zəngəzur dəhlizi ilə bağlı açıqlama verdi. Ölkə başçısı qeyd etdi ki, Zəngəzur dəhlizi reallığa çevrilir və bu yeni nəqliyyat infrastrukturu Şərq-Qərb, Şimal-Cənub dəhlizlərinin önəmli hissəsinə çevriləcək. Ölkə başçımız İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrin bu dəhlizdən istifadə edəcəyinə əminliyini ifadə etdi.

Cənab Prezident koronavirusla mübarizə mövzusuna öz çıxışında geniş yer verdi. O, Azərbaycanın bu mübarizədə beynəlxalq müstəvidə töhvəsindən danışdı. Qeyd etdi ki, bir çox beynəlxalq təşkilatlar və dövlətlər tərəfindən hələ də davam etdirilən ikili standartlar siyasəti vaksinlərin inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında ədalətsiz bölgüsünə yol açır və bu Azərbaycan dövlətini ciddi şəkildə narahat edir. Ölkə başçısı koronavirusa qarşı mübarizənin daha da güclənməsinin və vaksinlərin ədalətli şəkildə bölgüsünün vacibliyini qeyd etdi.

Əli Kərimov

Pirallahı rayonu Ağsaqqallar Şurasının sədri