Erməni hərbi birləşmələri ərazidən çıxarılmalıdır - PARTİYA SƏDRİ AÇIQLADI

30 Noyabr 2021 15:34 (UTC+04:00)

“Soçi görüşü say etibarı ilə üçüncü görüş idi, amma liderlər arasında həm telefon danışıqları, həm də bu kimi təmaslar, görüşlər olmuşdu”. Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə bildirib.

“Sadəcə konkret olaraq Qarabağda baş verən hadisələrlə bağlı 44 günlük müharibədən sonrakı dönəmdəki 10 noyabr bəyannaməsi ilə atəşkəs elan olundu və müharibə dayandı. Həmin bəyannamədə bir sıra müddəalar qeyd olundu və tərəflər üzərinə öhdəliklər götürdü. Bundan sonrakı dönəmdə Ermənistan faktiki olaraq məğlub olmuş tərəf kimi üzərinə bir sıra öhdəliklər götürmüş oldu. Ermənistan şərtlərə əməl etdi və Azərbaycanın üç rayonunu boşaltdı. Sadəcə olaraq Kəlbəcərlə bağlı 10 gün vaxt aldılar və 10 gün ərzində demək olar ki, dağılmayan yerləri də dağıtdılar, ekologiyaya ciddi zərərlər vurdular.

Təəssüflər olsun ki, bu hadisələr həmin ərazidə məsuliyyəti öz üzərinə götürmüş rus hərbiçilərinin gözü qarşısında baş verdi. Onlar müxtəlif obyektləri yandırdılar, meşələri, ağacları qırıb apardılar və sonradan da məlum olur ki, hətta getdikləri yerləri minalayıb getdilər. Bundan sonra media nümayəndələrimiz də daxil olmaqla bir neçə həm mülki vətəndaşlarımız, həm də hərbiçilərimiz olmaqla həmin ərazidə minaya düşdülər. Bundan sonrakı dövrdəki rus hərbiçilərinin orada yerləşməsindən, faktiki olaraq ermənilərə havadarlıq etməsindən ruhlanan Ermənistan, növbəti etapda artıq məğlub tərəf kimi deyil, sanki özünü məğlub olmamış kimi apararaq faktiki revanşist fikirlər səsləndirməyə başladılar.

Ermənistan tərəfi həmin 10 noyabr bəyannaməsində nəzərdə tutulan kommunikasiya xətlərinin açılması məsələsi ilə bağlı cığallıq etməyə başladılar. Təbii ki, Azərbaycan bu bəyannamənin bağlanmasında vasitəçi tərəf olan Rusiyaya öz iradlarını bildirdi və ondan sonra yanvarın 11-i Moskva görüşü oldu. Həmin üçtərəfli görüşdə də konkret olaraq kommunikasiya xətlərinin açılması ilə bağlı sənəd qəbul olundu. Orada digər məsələlər faktiki olaraq müzakirə olunmadı, hətta müzakirə olunsa belə mətbuata açıqlanmadı. Təbii ki, 10 noyabr bəyannaməsində bir sıra müddəalar var ki, qarşı tərəf onu pozub və həyata keçirməyib. Təəssüflər olsun ki, bu məsələdə vasitəçi rolunu oynayan Rusiya da üzərinə öhdəlikləri götürmüş Ermənistana bu məsələlər ilə bağlı elə də ciddi reaksiya göstərmir və o pozuntular faktiki olarq həmin o rus hərbiçilərinin gözü önündə baş verib. Konkret olaraq hər şeyi kənara qoyaraq bir müddəanın üzərində dayanmaq istəyirəm. 10 noyabr bəyannaməsinin 4-cü bəndində birmənalı olaraq göstərilirdi ki, rus hərbiçiləri əraziyə daxil olmaqla eyni zamanda erməni hərbi birləşmələri ərazidən çıxarılmalıdır”.