Soçi görüşü: Azərbaycanın növbəti diplomatiyasının qələbəsi TƏHLİL

30 Noyabr 2021 14:10 (UTC+04:00)

Bu qələbənin müəllifi Prezident İlham Əliyevdir

Bu gün Azərbaycanın əldə etdiyi uğurlar göz önündədir. Qarşılıqlı səfərlər və görüşlər fonunda bu əlaqələr daha da möhkəmlənir, yeni çalarlar əlavə olunur. Xüsusilə də, bu gün ölkə və dünya mətbuatının əsas müzakirə mövzularından biri Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Soçidə keçirilən üçtərəfli görüşdür.

Noyabrın 28-də Rusiyanın “Rossiya-1” telekanalında efirə gedən “Kreml. Putin. Moskva” verilişində Rusiya Federasiyasında işgüzar səfərdə olarkən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdən Soçi hava limanında bu veriliş üçün alınan müsahibə zamanı dövlət başçımız görüşün çox böyük əhəmiyyət kəsb etdiyini deyib: «Biz Azərbaycanda bunu çox müsbət qiymətləndiririk. Mən bunu bu gün görüşdə də demişəm. Rusiya Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşması üçün çox mühüm rol oynayır. Görüşün yekunlarına əsasən qəbul etdiyimiz, nəqliyyat şəbəkələrinin açılması, delimitasiya üzrə komissiyanın işə hazırlaşması üçün atılan addımlar barədə Birgə Bəyanat buna dəlalət edir. Azərbaycan bütün bu məsələləri dəfələrlə irəli sürüb və Rusiya bunu həmişə dəstəkləyib. Buna görə, bugünkü görüş də çox böyük əhəmiyyət kəsb edir».

Üçtərəfli görüş Azərbaycanın qələbəsinin, Ermənistanın bundan sonra sülh müqaviləsindən yayına bilməyəcəyinin təsdiqi oldu

Bəli, üçtərəfli görüş bir daha Azərbaycanın qələbəsinin, Ermənistanın isə məğlub dövlət kimi bundan sonra da Bəyanatda nəzərdə tutulan müddəalardan yayına bilməyəcəyinin təsdiqi oldu. Görüş zamanı Prezident İlham Əliyev Rusiyanın səylərini yüksək qiymətləndirərək bildirdi ki, Azərbaycan savaşdan ötən bir il ərzində müharibənin fəsadlarının aradan qaldırılması və kommunikasiyaların açılması məsələlərində maksimal konstruktivlik nümayiş etdirib. 2020-ci il 10 noyabr Bəyanatında əksini tapmış digər məsələlər artıq icra olunub. Ölkəmiz dəfələrlə rəsmi şəkildə Azərbaycan ilə Ermənistan arasında sərhədlərin təxirəsalınmaz delimitasiyasının vacibliyini bəyan edib. Azərbaycan qarşıdurmaya son qoymaq, bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanımaq və gələcəkdə qonşu kimi yaşamağa öyrənmək üçün Ermənistana sülh razılaşması üzərində işə başlamağı təklif edib. Prezident İlham Əliyev üçtərəfli görüşdən sonra mətbuata bəyanatında bildirmişdir ki, Ermənistanla Azərbaycan arasında müharibəyə son qoymuş məlum üçtərəfli Bəyanatın qəbul edilməsindən ötən bir ili bütövlükdə müsbət səciyyələndirə bilərik. Başqa sözlə desək, Soçi görüşündə imzalanan Bəyanat prinsip etibarı ilə 10 noyabr və 11 yanvar bəyanatlarının məntiqi davamıdır.

Soçidə Azərbaycanın əldə etdiyi diplomatik nailiyyətlər Zəngəzur dəhlizinin artıq bir reallıq olduğunu göstərir

Dövlətimizin başçısı dəfələrlə bəyan etdi ki, biz Zəngəzur dəhlizini açacağıq - istər danışıqlarla, istərsə güc yolu ilə. Bu il noyabrın 16-da Ermənistanın təxribatına verilən layiqli cavab və Soçidə Azərbaycanın əldə etdiyi diplomatik nailiyyətlər Zəngəzur dəhlizinin artıq bir reallıq olduğunu göstərir. Xüsusilə, qəbul olunan Bəyanatda Rusiya Prezidentinin dəfələrlə “dəhliz” ifadəsini işlətməsi, “Qarabağ” ifadəsinə yer verilməməsi, Ermənistan tərəfinin hər zaman iddia etdiyi əsirlər və ya girovlar məsələsinə toxunulmaması, sərhədlərin delimitasiya və demarkasiyasına çağırışlar edilməsi, bütövlükdə müzakirə olunan məsələlər Azərbaycanın mövqeyini tam əks etdirir.

Dövlət başçısı: “Zəngəzur dəhlizi reallığa çevrilir”

Prezident İlham Əliyev Aşqabadda İƏT-in XV Zirvə toplantısında çıxışında bildirib ki, bu yeni nəqliyyat infrastrukturu Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin önəmli hissəsinə çevriləcək: «2020-ci ildə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən 30 ilə yaxın davam edən işğalına son qoydu. 44 günlük Vətən müharibəsi Ermənistanın məğlubiyyəti və 2020-ci il noyabrın 10-da kapitulyasiya aktını imzalamasına məcbur edilməsi ilə nəticələndi. Azərbaycan özü öz ərazi bütövlüyünü bərpa etdi. Azərbaycan özü BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamənin icrasını təmin etdi”.Dövlət başçısı onu da vurğulayıb ki, Zəngəzur dəhlizi reallığa çevrilir: «Bu gün deyə bilərəm ki, Zəngəzur dəhlizi reallığa çevrilir. Bu yeni nəqliyyat infrastrukturu Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin önəmli hissəsinə çevriləcək. Əminəm ki, İƏT-ə üzv ölkələr bu dəhlizdən istifadə edəcəklər”.

Bəyanatda “Dağlıq Qarabağ münaqişəsi” ifadəsi və Minsk Qrupunun adı qeyd edilməyib

Bir məsələyə xüsusi olaraq diqqət çəkmək lazımdır ki, Soçi görüşündə imzalanan Bəyanatda “Dağlıq Qarabağ münaqişəsi” ifadəsinə rast gəlinmir. Eyni zamanda, ATƏT-in Minsk qrupunun da adı çəkilmir. Bu, artıq həm Dağlıq Qarabağ münaqişəsinin, həm də 1992-ci ildə problemin həllində vasitəçilik missiyasını yerinə yetirmək məqsədilə yaradılan, amma 28 illik fəaliyyəti dövründə missiyasının nədən ibarət olduğunu tam dərk etməyən, neytrallığı qorumayaraq Ermənistana dəstək funksiyasını yerinə yetirən, qısaca desək, fəaliyyətsiz Minsk qrupunun tarixdə qaldığını təsdiqləyir.

Ulu Öndər Heydər Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişənin həllini şərtləndirən amillərdən bəhs edərkən daim bildirirdi ki, dövlətin qətiyyəti, xalqın iradəsi, beynəlxalq dəstək əsasdır. Dövlətimizin qətiyyətli mövqeyi hər kəsə məlumdur. Xalqımız daim Ali Baş Komandanın hücum əmrini gözləyirdi. Bir qarış torpağımızı belə, düşmənə verməyəcəyimiz nəinki dövlət başçısının bəyanatlarında, eyni zamanda, xalqımızın Ali Baş Komandana ünvanlanan məktublarında da öz əksini tapırdı. Dövlətimiz, xalqımız bir il deyil, iki il deyil, 30 il sülh danışıqlarının nəticəsini gözlədi. Amma hər dəfə Ermənistana beynəlxalq dəstək gördükdə sərt münasibətini bildirsə də, bu dəstəyə müxtəlif adlar altında haqq qazandırdılar. Azərbaycanı yalanları ilə sülh danışıqlarının nəticə verəcəyinə inandırmağa çalışan həmin dövlətlər, qurumlar da bu gün bu düşüncələrinin nə qədər yanlış olduğunu gördülər. Ermənistanın baş naziri planlarını həyata keçirmək üçün sentyabrın 27-də hərbi təxribata başlayanda belə bir qarşılıq görəcəyini düşünmürdü. Azərbaycan Ordusu Ermənistanı çökdürdü, hərbi texnikalarını məhv etdi, qənimət kimi götürdü. Azərbaycan Ordusu 44 gündə işğalçı dövlətə tarixdə heç zaman unutmayacağı dərsi verdi. Aciz duruma düşən Paşinyanın Vətən müharibəsinin getdiyi 44 gündə üz tutmadığı, yalvarmadığı dövlət, beynəlxalq təşkilat qalmadığını xatırlamaq kifayətdir. “Dağlıq Qarabağın müstəqilliyinin” tanınması üçün yalvarışlar etdi. Hansı ki, münaqişə tarixə qovuşduğu halda Fransa «qondarma Dağlıq Qarabağ Respublikası»nın müstəqilliyinin tanınmasını gündəmə gətirməklə Ermənistana 30 il işğal dövründə olduğu kimi, müharibədən sonra da dəstəyini əsirgəmədiyini nümayiş etdirdi. Bütün bunlar onu deməyə əsas verir ki, ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistanı Azərbaycana qarşı hərbi təcavüzə son qoymağa məcbur etmək üçün qətiyyətli addımlar atsaydılar, onda üzərlərinə düşən vəzifələrin icrasına nail ola bilərdilər. Tarixi bilməyən, hər zaman dövlət başçısı İlham Əliyevdən tarix və hüquq dərsi alan Ermənistanın baş naziri 44 gündə Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində Qarabağın Azərbaycanın əzəli torpağı olduğunu etiraf etdi. Və bu etiraflar Soçi görüşündə, həmçinin görüşdən əvvəl Nikol Paşinyanın onlayn mətbuat konfransında da səsləndi.

Ümumilikdə Soçi görüşü Azərbaycanın diplomatik qələbəsidir. Bu qələbənin müəllifi Prezident İlham Əliyevdir. Və bu reallıqlar kontekstində hələ də bəzi qüvvələr işğalçı Ermənistanın təxribatlarına, sərsəm bəyanatlarına dəstək verərək guya problemin həll edilmədiyi, status məsələsinin gündəmdə olduğu barədə əsassız müzakirələrə yol açır, bununla da hadisələrin gedişatına təsir etməyə çalışırlar. Unudulmamalıdır ki, Azərbaycan münaqişənin həlli prosesində daim sülh siyasətinə üstünlük verdiyi üçün 30 ilə yaxın bir müddət ərzində səbrlə danışıqlara davam etdi. Bu danışıqların bir nəticəsi olmadıqda 44 gün kifayət etdi ki, işğalçı Ermənistana layiq olduğu dərs verilsin. Bununla da Azərbaycan beynəlxalq hüquqa əsaslanan mövqeyini bütün dünyaya təqdim etdi. Bu gün reallıq başqa cürdür. Ermənistan qəbul etməsə də kapitulyasiyasını bəyan edib. Çünki Azərbaycan öz haqlı, beynəlxalq hüquqa əsaslanan prinsiplərini əsas götürərək diqtə edən tərəfdir, heç bir şərt qoyulmadan Azərbaycan Prezidentinin mövqeyi bu sənəddə əksini tapıb. Bir sözlə, Soçi görüşü Azərbaycan Prezidenti İlham Əliyevin intellektual üstünlüyü ilə keçən növbəti diplomatik uğurumuzdur.

Əgər Paşinyana verilən növbəti şansdan istifadə etməsə: Ya xoşluqla sülhyaratma prosesinə töhfə verəcək, ya da...O zaman “Dəmir yumruq” işə düşə bilər. Bu, o «Dəmir yumruq» əməliyyatıdır ki, Ermənistanı mühairbə meydanında darmadağın etdi, Bakının qazandığı böyük üstünlüklər İrəvan üzərində də güclü siyasi təsir rıçaqları yaratdı. İndi Paşinyan Ermənistanın müharibənin nəticə olan itkilərindən dərs çıxarmasa, başında ikinci “Dəmir yumruq” əməliyyatını görəcək. Qısası, Soçi görüşü nəticəsiz qalsa, Azərbaycan güclü əlinin cüzi bir hissəsi ilə Ermənistana növbəti dərs verəcək.

RƏFİQƏ HÜSEYNOVA