Sergey Markov: “Paşinyan Zəngəzur dəhlizinə Rusiyanın nəzarət etməsini istəmir” - MÜSAHİBƏ

30 Noyabr 2021 13:16 (UTC+04:00)

Tanınmış rusiyalı politoloq Sergey Markov “Caliber” analitik mərkəzinə müsahibəsində Soçi görüşü və orada regional kommunikasiyalar və nəqliyyat dəhlizlərinin açılmasının sürətləndirilməsi məsələləri müzakirə olunarkən Ermənistanın mövqeyinin səbəbləri haqda maraqlı məqamlara toxunub. Müsahibəni oxucularımıza təqdim edirik.

- Məlum olduğu kimi, Soçidə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli görüşü keçirildi, onun yekununda tərəflər 3 əsas məsələ üzrə razılığa gəliblər. Birincisi, Azərbaycanla Ermənistan arasında sərhədin demarkasiyası və delimitasiyası mexanizmlərinin yaradılmasıdır. İkincisi, humanitar məsələlər, üçüncüsü isə nəqliyyat dəhlizlərinin açılmasıdır. Rusiya prezidentinin dediyi kimi, bu, həm dəmir yoluna, həm də avtomobil yoluna aiddir. Bundan əlavə, tərəflər regionun iqtisadi potensialının üzə çıxarılması üçün konkret layihələrin mümkün qədər tez işə salınmasının vacibliyini vurğulayıblar. Soçi görüşündə Zəngəzur dəhlizinin açılmasına qarşı çıxan Paşinyan nəhayət ki, bu layihəyə yaşıl işıq yandırdı deyə bilərikmi?

- Hələ yox, bu haqda hələ danışa bilmərik. Görürük ki, nəqliyyat dəhlizlərinin açılmasının zəruriliyi elan edilib, amma bu, əvvəllər də açıqlanıb. Yalnız normal işləyən strukturlar yaradılanda vəziyyətin irəli getdiyini deyə bilərik. Üçtərəfli bəyanat imzalanandan bəri kommunikasiyaların bloklanmasında vəziyyət dəyişməyib. Amma bu məsələ ilə bağlı baş nazir müavinlərinin toplantısının baş tutması çox yaxşı əlamətdir.

Amma ola bilər ki, vəziyyət yenidən donacaq, Paşinyan onu qıcıqlandırmamaq üçün Putinlə razılaşıb, sonra da danışıqlara mane olmaq üçün baş nazirin müavininə siqnal verəcək.

Mən Azərbaycanın danışıqlarda irəli getdiyinə dair kifayət qədər şərhlər görürəm, amma vicdanlı bir insan kimi sizə açıq deyim: bu gün biz bu barədə dəqiq danışa bilmərik. Bəli, müəyyən ümidlər var, ancaq üç baş nazirin müavininin görüşündən sonra dəqiq əminlik barədə danışmaq mümkün olacaq.

Ona görə də, hələlik, nikbinliyimiz cilovlanmalıdır, amma mən iki nikbinlik əlavə edəcəyəm.

Birincisi, bir çox insanlar adətən bu bəyannamənin haradan başladığına diqqət yetirmirlər. Tərəflər 9-10 noyabr sazişinin tam icrasına sadiq olduqlarını təsdiqləyiblər. Əbəs yerə liderlər bunu birinci məqam kimi qoymurlar, çünki ictimaiyyət əslində bunların bir növ vəzifə sözləri olduğunu düşünür. Amma bu sözlər ən mühüm və bəyannaməyə sadiqlik ən mühüm nəticədir, çünki Qarabağla bağlı üçtərəfli bəyanatdan sonra Ermənistanda çox ciddi tənqidlər və nümayişlər olmuşdu. Bu, optimizmin ilk yaxşı nümunəsidir.

İkinci nöqtə. Düşünürdük ki, Ermənistan-Azərbaycan münaqişəsinə görə Rusiya ilə Avropa İttifaqı arasında hansısa çəkişmə olacaq. Üstəlik, Aİ-nin yalnız Rusiyaya qarşı pis nəsə etmək üçün bu razılaşmanı pozmağa çalışacağı qorxusu var idi. Lakin prezident Vladimir Putin bu məsələ ilə bağlı Aİ rəhbərliyi ilə əlaqə saxladığını və hər hansı bir çəkişmənin sülh prosesinə xələl gətirməyəcəyinə ümid olduğunu bildirib.

- Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan Ermənistanla uzunmüddətli qarşıdurmanın səhifələrini vərəqləməmək və normal qarşılıqlı fəaliyyət mərhələsinə başlamaq əzmindədir. Öz növbəsində Paşinyan bildirib ki, o, Ermənistanın ölkə və region üçün dinc inkişaf erası açmağa hazır olduğunu təsdiqləyir. Sizcə, Soçi görüşündən sonra Bakı və İrəvan sülh müqaviləsinin əldə olunmasında irəli gedə biləcəkmi? Ermənistan tərəfi bununla razılaşacaqmı?

- Sülh müqaviləsində adətən sərhədlərin qarşılıqlı tanınması nəzərdə tutulur ki, bu da o deməkdir ki, əslində Ermənistan Azərbaycanın Qarabağ da daxil olmaqla sərhədlərini tanımalıdır. Amma hesab edirəm ki, bu gün bu, hələ reallıq deyil.

Ermənistan ümid edir ki, Qarabağın həmin hissəsi- Laçın dəhlizi və Xankəndi Ermənistanda qalacaq. Üstəlik, bunu necə edəcəyinə dair bir plan hazırlamaq istəyirlər. Bu bölgəni yavaş-yavaş beynəlxalq protektorata təqdim etmək istəyirlər ki, onu Ermənistan yox, hansısa başqa xalqın əsgərləri, məsələn, ATƏT bayrağı altında Rusiya və ya Fransa sülhməramlıları qorusun. Ona görə də hələlik nə erməni ictimaiyyəti, nə də Ermənistan rəhbərliyi Azərbaycanın bütün Qarabağı əhatə edəcək sərhədlərini tanımağa hazır deyil.

Ümumiyyətlə, bütün müqavilələr konkretlik tələb edir. Bu, Zəngəzur dəhlizinin açılmasına da aiddir. Ermənistan nəzəri olaraq bunun əleyhinə deyil, lakin qorxur ki, Azərbaycanın xeyli gücləndiyi şəraitdə gələcəkdə bu dəhliz ekstraterritorial olacaq və hansısa böhran zamanı ondan Zəngəzuru Azərbaycanın, xüsusən də Azərbaycanın bir hissəsi etmək üçün istifadə etmək olar. Çünki ora çox qədim Azərbaycan torpağıdır. Bu əsasla da Zəngəzur dəhlizinin qarşısını kəsir.

Ermənistan İrandan dəstək alır və o, ekstraterritorial nəqliyyat dəhlizlərinin olmasını istəmədiyini açıq şəkildə bildirir. Və əgər bu nəqliyyat dəhlizləri ekstraterritorial deyilsə, o zaman azərbaycanlılar və türklər bu dəhlizlərdən necə istifadə edə biləcəklər? Belə olan halda onlar daim bu yolla qisas alacaq erməni diversiya və terror qruplarının hücumu təhlükəsi altında olacaqlar. Ona görə də konkret məsələlər var ki, onları həll etmək lazımdır.

- Amma Zəngəzur dəhlizinə nəzarəti Rusiya FTX-nin Sərhəd Xidmətinin həyata keçirəcəyi deyilir. Bəs Ermənistanda qorxular nədən ibarətdir?

- Razıyam ki, belə bir qərar var və doğru, düzgün qərar idi, amma ola bilsin ki, qərbyönlü siyasətçi olan Paşinyan Rusiyanın bu dəhlizə nəzarət etməsinin əleyhinədir və yəqin ki, ona Fransadan deyirlər ki, bunu etməməlisən, Zəngəzur dəhlizinə nəzarəti Rusiyaya verməyə ehtiyac yoxdur. Üstəlik, bu halda Zəngəzur dəhlizi həm də Rusiya ilə Türkiyə arasında çox güclü bir əlaqə rolunu oynayacaq və belə yaxınlaşma ABŞ və Avropa İttifaqını da çox narahat edir. Ona görə də, dəhlizin açılması qərarını Ermənistan da təsdiqləməlidir.

Tərcümə - Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri vədigər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi" istiqaməti çərçivəsində hazırlanıb.