Ermənistan hər dəfə İrana daha çox ümid bəsləyirdi - MÜNASİBƏT BİLDİRİLDİ

30 Noyabr 2021 12:19 (UTC+04:00)

"Azərbaycan-İran prezidentlərinin Aşqabad zirvə toplantısındakı görüşü iki ölkə arasındakı narazılıqların, ortada gəzən şaiyələrin üzərinə su sərpmiş oldu. Mən hesab edirəm ki, artıq iki ölkə başçısının görüşündən irəli gələn müddəalar və tələblər üzərində bundan sonrakı məsələlər qurulacaq". Bunu SİA-ya açıqlamasında deputat Razi Nurullayev deyib.

O, qeyd edib ki, xeyli razılıqlar əldə olundu. Həm də bu görüşün müsbət cəhəti ondan ibarətdir ki, Azərbaycan və İran prezidentləri şəxsən görüşdülər. Yəni bu günə qədər şəxsi görüş olmamışdı. Şəxsi görüşün olması, şəxsi tanışlığın yaranması, şəxsi təmasın olması bir çox məsələlərdə xeyli gözəl şərait yaradır ki, problemlər aradan qalxsın. O baxımdan mən düşünürəm ki, bundan sonrakı məsələlərdə İran və Azərbaycanın rəsmi şəxsləri fikirlərində daha ehtiyyatlı davranacaqlar. Azərbaycan və İran rəsmilərinin fikirlərindən doğan bu və ya digər təklifləri verəcəklər. Həm də mən hesab edirəm ki, İranın Azərbaycan Prezidenti ilə görüşündə Azərbaycanın ərazi bütövlüyünü bir daha təsdiqləməsi, Azərbaycanın ərazi bütövlüyünə hörmət etməsi kimi ifadələri işlətməsi həm də Ermənistan üçün bir mesajdır.

Razi Nurullayev bu barədə fikirlərini belə bildirib: "Mənim Ermənistan mətbuatından oxuduğum fikirlər ona dəlalət edir ki, Azərbaycan və İran prezidentlərinin görüşündən ermənilər çox narahat olub. İran prezidentinin Azərbaycan Prezidenti ilə görüşündə müsbət mesajlar verməsi, Azərbaycanla dostluq və qardaşlıqdan danışması, müəyyən razılıqlar əldə olunması Ermənistanı yasa bürüyüb. Çünki Ermənistan hər dəfə İrana daha çox ümid bəsləyirdi ki, İran vasitəsilə Azərbaycana təsir göstərəcək. İranla Azərbaycanın münasibətlərinin pozulmasını Ermənmistan tərəfi arzu edirdi. Amma təbii ki, Azərbaycan da, İran da müdrik dövlətlərdir və onlar özlərinin xarici çıxarlarını ciddi nəzərə alırlar. Ermənistan isə bunları nəzərə ala bilmir. Dövlət kimi tam oturuşa bilmir. O baxımdan mən hesab edirəm ki, bu Ermənistanın əl-ayağının yığılmasında böyük rol oynayacaq. Çünki Ermənistan hər zaman İran kartından istifadə etməyə çalışırdı. Bunu dünya və Azərbaycan mətbuatına, eyni zamanda öz xalqına başqa yöndə təqdim etməyə çalışırdı. Bax, bu təhlükədə bu cür ritorikada aradan qalxır. Hər halda mən bunu yüksək qiymətləndirirəm. Düşünürəm ki, bundan sonrakı məsələlərdə ola bilsin ki, ikitərəfli münasibətlər daha da üst səviyəyə qalxsın".