"Taliban" Avropa İttifaqından yardım istəyib

30 Noyabr 2021 08:08 (UTC+04:00)

Avropa İttifaqı və müvəqqəti "Taliban" hökuməti Qətərin paytaxtı Dohada bir araya gəlib. SİA xəbər verir ki, i "Taliban" Aİ-dən ölkədə hava limanlarının açıq qalması üçün yardım istəyib. Avropa İttifaqının nümayəndə heyəti terrorla mübarizə mövzusunda həssaslığını bir daha bəyan edib.
Həftəsonu iki günlük danışıqlarda Aİ nümayəndə heyətinə Əfqanıstan üzrə xüsusi səfir Tomas Niklasson, Əfqanıstan nümayəndə heyətinə isə i "Taliban" müvəqqəti hökumətinin xarici işlər nazirinin müavini Emirhan Muttaki başçılıq edib.

Aİ Komissiyasının bəyanatında bu görüşün “Aİ-nin müvəqqəti i "Taliban" hökumətini tanıması demək olmadığı” xüsusilə vurğulanıb.

Bəyanata görə, hər iki tərəf Əfqanıstanda hava limanlarının açıq saxlanmasının vacibliyini vurğulayıb. Müvəqqəti hökumət hava limanlarının fəaliyyətini davam etdirmək üçün Aİ-dən yardım istəyib.

Tərəflər həmçinin Əfqanıstanda humanitar vəziyyətin pisləşməsi ilə bağlı narahatlıqlarını ifadə ediblər. Aİ tərəfi əfqan xalqına humanitar yardım göstərmək niyyətini ifadə edərkən, müvəqqəti hökumət dövlət işçilərinin aylardır ödənilməyən maaşlarını ödəmək öhdəliyini xatırladıb.

Humanitar yardımdan əlavə, Aİ beynəlxalq təşkilatlar və qeyri-hökumət təşkilatları vasitəsilə təhsil və səhiyyə kimi sahələrdə birbaşa əfqan xalqının xeyrinə əhəmiyyətli maliyyə yardımı göstərmək istəyini bildirib.