Qasırğa nəticəsində ölənlərin sayı 4 NƏFƏRƏ ÇATIB

29 Noyabr 2021 19:46 (UTC+04:00)

İstanbulda qasırğa qurbanlarının sayı 4 nəfərə çatıb. SİA xəbər verir ki, bu barədə şəhər qubernatorunun administrasiyası məlumat yayıb.

Məlumatda həmçinin qeyd olunur ki, qasırğa nəticəsində 19 nəfər yaralanıb.

Qeyd edək ki, bir qədər əvvəl Türkiyə mediası damın uçması nəticəsində iki sakinin öldüyünü, 9 nəfərin yaralandığını yazmışdı.

"Fövqəladə Hallar və Təbii Fəlakətlər Departamentinin məlumatında deyilir ki, İstanbulda başlayan güclü külək nəticəsində 4 nəfər ölüb, 19 nəfər yaralanıb, hansıki onlardan üçünün vəziyyəti ağırdır", deyə səlahiyyətlilər bildiriblər.

Xatırladaq ki, təbii fəlakət 33 evin damını dağıdıb, 192 ağacı və 52 işıqforu aşırıb. Bundan əlavə, onlarla avtomobilə ziyan dəyib. Türkiyənin Sahil Mühafizəsi külək səbəbindən Bosfor boğazında gəmilərin hərəkətinin dayandırılması ilə bağlı da məlumat yayıb. Eyni səbəbdən Türk Hava Yollarına məxsus 6 təyyarə İstanbula enə bilməyib, Ankara və İzmirə yönləndirilib.