Soçi görüşündə təxribatçı ermənilərə tutarlı SİLLƏ - TƏHLİL

29 Noyabr 2021 18:04 (UTC+04:00)

Rusiya, Azərbaycan və Ermənistan rəhbərlərinin Soçidə keçiriləcən üçtərəfli görüşünün nəticələrinə dair imzalanan Bəyanatın müddəaları hər şeydən əvvəl, Azərbaycanın gözləntilərinin doğrulduğunu təsdiqləyir. Görüş zamanı Rusiya lideri tərəfindən səslənən fikirlər Azərbaycanın haqlı mövqeyinin dəstəklənməsi deməkdir ki, buna Nikol Paşinyanla yanaşı, bütün Ermənistan ictimaiyyəti də əmin oldu. Soçi görüşünün ardınca Ermənistan cəmiyyətinin öz rəhbərlərinin növbəti dəfə diplomatik məğlubiyyətinə görə qıcıqlanmsı, yenə də orada bəzi qüvvələrin xaos yaratması heç də təsadüfi deyil və işğalçı ölkənin diplomatik müstəvidə də məğlubiyyətini həzm edə bilməməsi deməkdir. Sözsüz ki, Soçidə səsləndirilən fikirlər, bu fikirlərdən qıcıqlanan Ermənistana, ermənipərəst qüvvələrə, ermənilərin bütün xarici havadarlarına çox ciddi mesaj oldu ki, qarşı tərəf üçün bunu etiraf etmək çox ağrılı-açılıdır.

Ermənistanda bəzi qüvvələri ən çox qıcıqlandıran Rusiya Prezidentinin əsasən Azərbaycan Prezidenti ilə görüşdə toxunduğu məqamlara və mövqeyinə istinadə etməsidir. Çünki, bütün bunlar ondan xəbər verir ki, rəsmi Moskva postmünaqişə dövründə məhz Bakının siyasi xəttini dəstəkləyir və bunu bəyan etməkdən də çəkinmir. Rusiya liderinin hər iki dövlətin bir-birilərinin ərazi bütövlüyünü, suverenliyini tanımalı olması zərurəti barədə vurğulaması bir çox məqamlardan xəbər verir. “Gecikmədən sərhədləri müəyyənləşdirmək, yekun sülh müqaviləsi bağlamaq lazımdır”, deməklə, Putin əvvəla, bir növ Azərbaycanın konstruktiv mövqeyinə müsbət münasibət bəslədiyini, hətta Azərbaycanın tərəfində olduğunu erməni baş nazirə çatdırdı. Digər tərəfdən də Azərbaycanın konstruktiv təkliflərini əngəlləməyə çalışan erməni tərəfinə və şəxsən Ermənistanın baş nazirinə xəbərdarlıq etdi ki, öz cızığından çıxmasın və heç də bu kontekstdə Rusiyadan dəstək gözləməsin.

Nəzərə almaq lazımdır ki, görüşün nəticələrinə dair mətbuat konfransında Rusiya prezidenti Vladimir Putin dəfələrlə "dəhliz" ifadəsini işlədib və bu heç də əbəs yerə deyil. Dəhliz ifadəsinin səsləndirməsi Zəngəzur dəhlizinin açılmasının Moskva tərəfindən dəstəkləndiyini təsdiqləyir. Təsdiq edir ki, Rusiya Azərbaycanın Ermənistandan keçməklə Naxçıvana, oradan da Türkiyəyə çıxış almasını nəzərdə tutan bu layihəni dəstəkləyir. Bu həm də Ermənistan tərəfə bir ehyam da hesab oluna bilər və artıq ermənilər bilməlidirlər ki, güvəndikləri Rusiya belə Zəngəzur dəhlizi məsələsində onların mövqeyini müdafiə etməyəcək, əksinə, Azərbaycanın yanındadır və ölkəmizin mövqeyindən çıxış edir.

Müşahidələr təsdiq edir ki, erməni baş naziri Paşinyanın mövqeyinə ölkəsindəki müxalif qüvvələrin fikirləri ciddi təsir edir. Daha dəqiq desək, müxalifət qüvvələrindən qorxan Nikol onların hədəfinə tuş gəlməmək üçün hər dəfə onların arzuladıqları kimi sərsəm fikirlər səsləndirmək məcburiyyətində qalır və bunu da edir. Əlbəttə, nəticəsi təkcə Paşinyanın özü üçün deyil, ümumilikdə erməni cəmiyyəti üçün bu çox baha başa gəlir, amma reallıq budur. Həmçinin daha bir reallıq ondan ibarətdir ki, Rusiya Ermənistanda müxlifətin belə ağzını bağlaya, səsini kəsə, susdura bilir. Bunun üçün Rusiyanın kifayət qədər rıçaqları var. Yəni, onsuz da Rusiyanın əlinə baxan bir ölkənin, müstəqil siyasət yürüdə, öz ayaqları üzərində dayana bilməyən, daim Rusiyadan asılı olan bir ölkənin ipinin məhz böyük qardaş adlandırdıqları rusların əlində olduğu kimin üçünsə sirr deyil və bunun da fonunda ermənilərin hansı mövqedə olmalarından asılı olmayaraq cızıqlarından çıxma etimalları sıfıra yaxınlaşır. Məhz belə olan halda gün kimi aydın olur ki, Ruisyanın da marağında olan bir məsələ ətrafında ermən tərəfin siyasi spekulyasiyaları mümkünsüzdür, hətta olsa belə mənasızdır. Daha dəqiq desək, Zəngəzurla bağlı məsələ Rusiyanın marağında olduğu halda, Emənistanın nə hakimiyyəti, nə də müxalifəti bunu müzakirə mövzusu belə etmək iqtidarında ola bilməz. Buna cürətləri belə çatmaz. Bir sözlə, Soçidə avtomobil və dəmir yollarının açılmasını nəzərdə tutan layihələrə başlanması ilə bağlı qərarların qəbul olunması sıradan bir hadisə hesab oluna bilməz və birmənalı olaraq, revanş arzusunda olanlara, revanşistlərə tutarlı sillə sayılır.

Soçi görüşü, görüşə dair yekun Bəyanat Azərbaycanın haqlı mövqeyinə dəstək olmaqla yanaşı, həm də revanşist ermənilərin təxribatçı mövqelərinə tutarlı zərbə oldu, hansıki bu, özünü bir neçə istiqamətdə biruzə verdi. Əvvəla, Bəyanatda Qarabağ ifadəsi yer almadı. Bu da təsadüfi deyildi və bunu ermənilər çox yaxşı başa düşürlər. Başa düşürlər ki, hansısa spekulyasiyaları üçün onlara şans belə Rusiya tərəfindən, onların arxa hesab etdikləri tərəfdən verilmədi. Bu onlar üçün çox ağır zərbə oldu və çətin ki, bundan sonra nəyə isə cürət edələr. Digər tərəfdən, əsir və ya girovlar məsələsinə hətta toxunulmadı, hansıki, bunu erməni tərəfi, onların xarici havadarları daim sövdələşmə predmetinə çevirməyə çalışıblar. Yəni, bundan sonra hansısa bir əsir, hərbi əsir mövzusu da təxribatçı ermənilərin əlində bəhanı ola bilməz və bunun üçün də şans verilmədi. Reallıq bundan ibarətdir ki, Soçi görüşündə təxribatçı ermənilərə tutarlı sillə dəydi.
Doğrudur, bundan sonra hadisələrin öz istiqamətini dəyişəcəyi, yəni ermənilərin məsələlərə yanaşmalarının Azərbaycan tərəfinin diqtə etdiyi kimi olacağı zərrə qədər şübhə doğura bilməz, amma təxribatçıların hələ daha nəyə, yaxud nələrə əl atacaqları da bəlli deyil. Hər bir halda ermənilər bilməlidirlər ki, belə tutarlı sillə ilə bir də qarşılaşmamaları üçün özlərini tələb olunan formada aparmalıdırlar. Əks halda, mütəmadi olaraq bunun təkrarı ilə qarşılaşmalı olacaqlar. Hərb meydanında dəmir yumruq, diplomatik cəbhədə sillə ilə qarşılaşmamaq üçün Ermənistan təxribatçı hərəkətlərinə son qoymalı, danışıqlara əməl etməli, özlərini daha çətin duruma sürükləməməlidirlər. Gümün edirik ki, xam xəyallara qapılanların elə həmin o xəyallardan ayılmaları, gerçəklikləri dərk etmələri üçün belə bir sillə yerinə düşdü və bundan sonra yadda qalan olar, ermənilər bunu unutmazlar.

Soçi görüşü, görüşə dair yekun Bəyanat Azərbaycan Prezidentinin, ölkə başçısı cənab İlham Əliyevin növbəti, mükəmməl diplomatik qələbəsi olaraq dəyərləndirilir. Bu qələbə Ali Baş Komandanın hərb meydanında imza atdığı qələbənin ardınca əldə etdiyi növbəti diplomatik qələbə kimi bütün dünyada xarakterizə olunur, çünki, Azərbaycan Prezidentinin mövqeyi bu dəfə də dəstəkləndi və qarşı tərəfə diqtə edildi. Sadalananlar özü-özlüyündə ölkə başçısının həqiqətən də liderlik keyfiyyətlərini təsdiq edir. Təsdiq edir ki, həqiqətən də cənab Prezident İlham Əliyev məqsədyönlü siyasət yürüdərək, iradə nümayiş etdirərək, milli maraqlardan çıxış edərək mükəmməl qələbə qazanıb, bu qələbələr diplomatik müstəvidə də davam edir və ölkə rəhbərimiz hər zaman da düşmən üzərində qələbə qazanmaq əzmindədir. Ermənilər bu həqiqətin, bu reallığın bir daha şahidi oldular, əyani şəkildə bunu gördülər ki, bu reallıqları görmək özü də onlar üçün növbəti, həm də kifayət qədər tutarlı bir sillədir.