Rusiya Paşinyanı üçtərəfli görüşə məcbur gətirdi - QHT RƏSMİSİ AÇIQLADI

29 Noyabr 2021 14:39 (UTC+04:00)

“Noyabr ayının 26-da baş tutmuş Soçi görüşündə Rusiya tərəfi birmənalı olaraq sərhədlərin delimitasiyası və demarkasiyasını və eyni zamanda Zəngəzur dəhlizinin açılması ilə bağlı məsələni olduqca konkret bir şəkildə Ermənistan qarşısına qoydu”. Bu sözləri SİA-ya açıqlamasında Demokratiya və İnsan hüquqları üzrə komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə deyib.

Onun sözlərinə görə, bu onu göstərdi ki, Rusiya 10 noyabr 2020-ci il sazişinin icrasında maraqlı görünür: “Bildiyimiz kimi Paşinyan çox çalışırdı ki, görüş Brüsseldə olsun, Şərq tərəfdaşlığı toplantısında və bölgədəki məsələnin həllində Qərbi də cəlb etsin. Görünür ki, Rusiya həmişə olduğu kimi bölgəyə digər qüvvələrin daxil olmasını arzu etmədiyini Soçi görüşündə nümayiş etdirdi. Əslində Rusiya Paşinyanı üçtərəfli görüşə məcbur gətirdi. Hesab edirəm ki, Rusiya Zəngəzur dəhlizinin açılmasında maraqlıdır. Çünki Rusiyanın bu dəhliz vasitəsilə Türkiyəyə və digər ölkələrə çıxışı əldə olunacaq. Ümid edirəm ki, Rusiya dəhlizin açılmasında maraqlı olacaq. Eyni zamanda sərhədlərin tanınması və son olaraq Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin bağlanması ilə məsələ bitəcək”.

Arzu Qurbanzadə