“Qarabağ Azərbaycandır” ! deməklə Ali Baş Komandan xalqına şanlı Zəfəri yaşatdı - MƏQALƏ

29 Noyabr 2021 13:16 (UTC+04:00)

Son 30 ildə xalqımızın ən böyük nailiyyəti torpaqlarımızın mənfur ermənilərin işğalından azad olunmasıdır. Zəfərlə başa çatan 2-ci Qarabağ müharibəsi hər bir azərbaycanlının ürəyində sonsuz qürur hissi yaradır. Xalqımız hələ də bu qələbə sevincini yaşamaqdadır. Ali Baş Komandanın “Vətən müharibəsi” adlandırdığı bu müharibə cəmi 44 gün sürdü. Qısa müddət ərzində erməni işğalçı və muzdlu əsgərlərinə havadan və qurudan ağır zərbə vuraraq bütün istiqamətdə üstünlüyü əldə edən müzəffər Ordumuz “erməni işğalçı qüvvələri” mifini darmadağın etdi. Ermənistan hakimiyyətini və onun işğalçı qüvvələrini 44 gün ərzində 3 dəfə atəşkəs yalvarmalarına və nəhayət təslim olmağa məcbur etdi. Bugünədək tarixdə bərabəri olmayan qısa zaman kəsiyində Ali Baş Komandanın “dəmir yumruq” adlı öncədən qələbəyə hesablanmış, planlı müharibə ilə elə bil zəfər səlnaməsi yazdı ki, bu barədə xarici dövlətlər bundan sonra da öz hərbi qərargahlarında, hərbi tədqiqat müəssisələrində və hərb dərsliklərində çox yazacaq və araşdıracaqdır. Başqa heç bir yol Ermənistanı qalib ölkəyə çevirmək iqtidarında deyil. Vətən müharibəsində qədirbilən xalqımızın Ali Baş Komandanın ətrafında sıx birləşərək, 30 ilə yaxın müddətdə işğal altında olan torpaqlarımızın azad olunması həm də xalq-iqtidar birliyinin parlaq təcəssümüdür.

Yaşadığım Saatlı rayonunda, sakinlərin müharibə başlayan ilk gündən, böyük əhval-ruhiyyə və hər gün səbrlə qələbə çalacağı ümidi ilə Ali Baş Komandanın bütün tapşırıqlarına səfərbər olaraq necə həvəslə əməl etmək istəyinin açıq-aşkar şahidi olurdum. Ali Baş Komandanın isə qətiyyətli açıqlaması və ordumuzun öncə strateji əhəmiyyətli torpaqlarımızı azad etməsi sakinlərimizi hamılıqla həddindən artıq çox sevindirirdi. O günləri unutmaq mümkün deyil və unutmayacağıq. Rayon rəhbərliyindən başlamış sıravi sakinin böyük həvəslə, yorulmadan müharibənin zəfərlə bitməsi üçün əlindən gələn hər şey etdiyini görürdüm. Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatı üzvlərinin sadə insanlarla birlikdə ön cəbhədə işğaldan azad olunmuş səngərlərin möhkəmlənməsi üçün böyük maşın təkərlərinin yol kənarındakı piyada səkilərə necə həvəs və enerji ilə yığdıqlarını, yorulmadan cəbhə xəttinə daşınmasını görür və qürur hissi keçirirdim. Hətta müharibə başladığı ilk üç-dörd gündən sonra rayonda hər beş-on metrdən bir məsafədə milli kimliyimiz, qürurumuz olan üçrəngli bayrağımızın ucaltmasını rayon İcra Hakimiyyətinin alqışlaması və buna şərait yaratması, özünün bu məsələdə nümunə olması ruh yüksəkliyi yaradır və insanları qələbəyə ruhlandırırdı. Mən bu əhval-ruhiyyəni evlərin damında, küçələrdə, qapılarda, maşınlarda dalğalanan bayraqlarımızdan da açıq-aşkar görür və hiss edirdim. Pandemiya statistikasının günbəgün artmasına baxmayaraq, rayon əhalimizin rəhbərlik ilə bir yerdə rayonumuza gətirilən, vətən uğrunda ən uca zirvəyə, şəhidlik zirvəsinə ucalan qardaşlarımızın dəfnində demək olar ki, hamılıqla iştirak etməsi və bu istəyi şəhid ailələrinə yaxından dəstək olmasını və ölkəmizin Ali Baş Komandanımızın siyasi-hərbi təcrübəsi ilə qələbənin yaxında olacağını göstərirdi.

Prezident İlham Əliyev yürütdüyü uğurlu həm daxili, həm də xarici siyasəti nəticəsində şanlı zəfərimizlə bitən vətən müharibəsindən sonra ölkəmizdə görünməyən düşmən və bütün dünya ölkələrini öz ağuşuna alaraq məhv etməyə çalışan, iqtisadiyyatını çökdürən Covid 19-u nəzarətə götürdü yaratdığı və Operativ Qərargahın fasiləsiz səyi ilə yoluxma sayı az vaxtda minimuma endi. Qələbə üstündən xalqına qələbə qazandıran uzaqgörən lider Xalqın ona olan sevgisini və inamını dahada artırdı. Pandemiyanın qarşısında aciz qalan, hər gün yoluxma və ölüm sayının dayanmadan artdığı, iqtisadiyyatının çökdüyü Avropa və böyük güc dövlətləri Azərbaycanda bu virusa yoluxma halının ciddi nəzarətə götürülərək, azalmasına böyük təəcüblə baxır və öz ölkələrində bu təcrübəni həyata keçirməyə çalışırdılar. Möhtərəm prezidentimiz bu problemin həllində də bütün dünyaya nümunə oldu və yeni təcrübə nümayiş etdirdi.

Məlumunuz olduğu kimi, möhtərəm Prezidentimiz 2021-ci ili dahi Azərbaycan mütəffəkkiri Nizami Gəncəvi ili elan etmişdir. Bu il pandemiya imkan verəcəyi vaxtda Nizami Gəncəvinin 880 illiyi ilə bağlı Nazirlər Kabinetinin qərarı ilə müxtəlif tədbirlər keçiriləcəyini düşünürəm. Nizami Gəncəvi dövrünün ən görkəmli şairi olub və bütün dünyaya ədəbiyyatımızı tanıtmışdır. Mən deyərdim ki, dahi Nizami Gəncəvini Azərbaycan dünyaya bir söz xəzinəsi olaraq bəxş etmişdir. Nizami Gəncəvinin əsərlərindən bütün dünya yararlanmış və bu böyük zəngin xəzinəyə hələ də istinad olunur. Mən vətən müharibəsində Ali Baş Komandanın qətiyyəti və Ordumuzun qəhrəmanlığı ilə əldə etdiyi o möhtəşəm qələbədə iştiraklarına, tariximizin yeni səhifəsinin şahidləri olduqlarına və nəhayət daima qalib xalq kimi yaşayacağımıza görə fəxr edirəm, qürur hissi keçiriəm. Mən bir daha Vətən müharibəsində qazandığımız möhtəşəm qələbədə şəhid olmuş bütün şəhidlərimizə Allahdan rəhmət, valdeynlərinə isə səbr diləyirəm. Fəxrlə qeyd edirəm ki, ölkəmizdə xalqımızın sosial-rifah halına, işıqlı sabahına hesablanmış bu siyasətin əsasını müstəqil və müasir Azərbaycanın memarı və mənim idealım Ulu öndər qoymuşdur. Hazırda isə həmin siyasəti yeniləşdirərək, inkişaf etdirərək, müasir formada Azərbaycanda bütün sahələri dinamik inkişaf etdirən və uğurla yürüdən Ulu Öndər məktəbinin layiqli davamçısı, qətiyyətli Prezident İlham Əliyevdir.

Hörmətli Prezidentimiz mən əminəm ki, xalqımız sizinlədir. Bütün saatlılar sizinlə qürur duyur. Var olun Ali Baş Komandanımız! Allah müzəffər Ordumuzu qorusun! Siz adınızı Azərbaycan tarixinə qızıl hərflərlə yazdırdınız.Əziz Ali baş komandanım, Siz eyni zamanda,bütün Türk Dünyasının qəhrəmanısınız. Nəhayət,cənab Prezident, rəhbərliyinizlə 30 illik torpaq həsrətinə son qoyulduğuna, Müzəffər Ordumuzun şücaəti ilə qazandığı qələbəyə görə sizə təşəkkür və minnətdarlığımızı bildirirəm. Mən düşünürəm ki, Siz Azərbaycan Respublikasının “Milli qəhrəman”ısınız. Qarabağ Azərbaycandır!

Vüqar Məmmədov

Yeni Azərbaycan Partiyası Saatlı rayonu 15 saylı partiya təşkilatının sədri