Putinin zeytun hədiyyəsində gizlənən ŞİFRƏLƏR NƏDİR? - MÜNASİBƏT BİLDİRİLDİ

29 Noyabr 2021 13:19 (UTC+04:00)

“Bildiyimiz kimi 44 günlük Vətən müharibəsində Azərbaycanın qələbə qazanması ilə regionda yeni reallıqlar yarandı. Bu reallıqların fonunda məğlub olan Ermənistan müəyyən bir vaxt istədi. Bu vaxt ərzində növbədənkənar seçkilər keçirildi və daha sonra ictimaiyyəti Azərbaycan ilə münasibətləri yaxşılaşdırılmasına hazırlaşdırdılar. Bu da istər-istəməz çox çətin və ağır prosesdir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Naqif Həmzəyev deyib.

Onun sözlərinə görə, bildiyimiz kimi sülh danışıqları birbaşa Rusiyanın vasitəçiliyi ilə həyata keçirilir və burada Rusiyanın məsuliyyəti var: “Rusiya da regionda sülhü dəstəkləyir. Bu baxımdan da Ermənistanı məcbur edir ki, Azərbaycanın təklif etdiyi sülh versiyası dəstəklənsin. Soçi görüşündə Vladimir Putinin hər iki ölkə rəhbərinə zeytun budağını hədiyyə etməsi simvolik məna kəsb edir. Bu birbaşa olaraq sülh simvoludur. Düşünürük ki, bu hədiyyəni verməklə məsələyə nə qədər ciddi yanaşdığını göstərmək istəyir”.

Deputat fikirlərinə davam edərək həmçinin qeyd edib ki, Rusiya dünyaya bir daha bildirmək istəyir ki, bu münaqişənin həllində hər kəsdən çox maraqlıyam və Azərbaycan ilə Ermənistan arasında sülhə nail olacayıq: “Biz Azərbaycan tərəfi olaraq bu günə qədər bütün öhdəliklərimizi yerinə yetirmişik. Faktiki olaraq qalib və diqtə edən tərəf bizik. Buna baxmayaraq cənab Prezident İlham Əliyev humanizm nümayiş etdirərək Ermənistana sülh təklif edib və kommunikasiyaların açılması üçün Azərbaycan faktiki olaraq bir il ərzində xeyli işlər həyata keçirdib. Artıq bu məsələdə Ermənistan tərəfinə iş düşür. Ermənistan tərəfi öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir. Cənab Prezident İlham Əliyevin sonuncu çıxışlarında Zəngəzur dəhlizi reallaşacaq fikirlərini açıq və aydın formada söyləməsi onu deməyə imkan verir ki, Soçidə üçtərəfli görüş zamanı demək olar ki, əsas məsələlər hər iki tərəf arasında razılaşdırılıb”.

Arzu Qurbanzadə