Laçın rayonunun işğaldan azad edilməsi İlham Əliyevin zəkasının təntənəsidir ŞƏRH

29 Noyabr 2021 13:09 (UTC+04:00)

Azərbaycanımızın, tarixi, əbədi və əzəli torpağımız olan Qarabağımızın dilbər guşələrindən biri də Laçın rayonudur. Təəssüflə və böyük kədər hissə ilə bildiririk ki, Laçın rayonu da erməni işğalçılarının məkrli niyyətlərinin və planlarının qurbanı olmuş tarixi ərazilərimizdən biridir. Belə ki, 1992-ci ilin 18 may tarixində Laçın rayonu Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunmuş və buradakı etnik azərbaycanlılar məcburi şəkildə, müxtəlif işgəncələrə məruz qalaraq qovulmuşdur. Rayonun işğalı zamanı yüzlərlə soydaşımız amansızlıqla qətlə yetirilmiş, əsir götürülmüş, qeyri-insani üsullarla işgəncələrə məruz qalmışdır. 300-dən artıq hərbi və mülki şəxs həlak olmuş və itkin düşmüşdür. Laçın rayonunun işğalı nəticəsində etnik təmizləməyə məruz qalmış, öz ata-baba yurdlarını itirmiş həmvətənlərimizdən 79.1 min nəfər olmaqla respublikanın 57 şəhər və rayonunda müvəqqəti məskunlaşmışdır.

Laçın rayonu Şuşadan sonra erməni işğalına məruz qalmış ikinci rayonumuzdur. Ermənilərin rayona Laçın dəhlizi vasitəsilə daxil olması və rayonun işğal altına düşməsi faktiki olaraq Ermənistanla keçmiş Dağlıq Qarabağ arasında coğrafi bağlantı yaratmışdır. Bundan sonra Azərbaycan tarixi üçün son dərəcə ağır, məşəqqətli və kədərli faciələr yaşanmışdır. Yenicə müstəqillik qazanmış Azərbaycanın düşdüyü çox ağır vəziyyətdən istifadə etməyə başlayan faşist Ermənistan və onun məkrli əməllərinə ortaq olan havadarları digər tarixi torpaqlarımızı işğal etməyə başlamışdır.

İşğal altında olan digər şəhər və kəndlərimiz kimi Laçın rayonu da erməni vandalizminə məruz qalaraq vəhşicəsinə dağıdılmış, talan edilmiş, bütün tarixi, dini, mədəni abidələrimiz, yaşayış məntəqələrimiz yerlə-yeksan edilmişdir. Statistikaya nəzər salsaq, bu rəqəmlərin nə qədər böyük və ürəkağrıdıcı olduğunun bir daha şahidi olarıq. Belə ki, Laçın rayonunda işğal zamanı və işğaldan sonra 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 133 idarə və müəssisə, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə məktəbi, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri, 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə məhv edilmişdir. Laçın Tarix Muzeyi və onun qızıl, gümüş və tunc sikkələrdən ibarət qədim kolleksiyası talan edilmişdir. Ermənistan işğalçı tərəf olaraq, Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Laçın rayonunda coğrafi adların dəyişdirilməsi, məqsədyönlü məskunlaşma siyasətini apararaq demoqrafik tərkibin dəyişdirilməsi kimi qeyri-qanuni əməllər ilə məşğul olmuşdur.

Tarixi abidələrimizlə yanaşı qeyri-insani, qeyri-bəşəri üsullarla hərəkət edən, törətdikləri vəhşiliklərin hüdudu olmayan ermənilər qəbiristanlıqları dağıdaraq, ölmüş insanların cəsədlərinə işgəncələr verməkdən çəkinməmişdir. Bütün video, foto çəkilişlər, tarixi sənədlər erməni vandalizminin əsl mahiyyətini sübut edir. Ermənistanın Azərbaycanın torpaqlarını işğal etməsi, həmin ərazilərdəki misli görünməmiş qəddarlıqları təkcə Azərbaycana qarşı deyil, əslində bütün dünya ölkələri və bəşəriyyət üçün təhdiddir. Çünki Ermənistanın qonşu ölkəsinə, eləcə də digər bir neçə ölkəyə qarşı əsassız ərazi iddiaları ilə çıxış etməsi və dənizdən-dənizə "Böyük Ermənistan" xülyaları gələcəkdə daha böyük və məkrli cinayətlərə səbəb ola bilər. Ermənistanın və havadarlarının bu oyunlarının qarşısı dünya dövlətləri tərəfindən tez bir zamanda qətiyyətlə alınmalı, beynəlxalq öhdəliklərini və məsuliyyətini yerinə yetirməyə məcbur edilməli, bu cinayətləri cəzasız qalmamalıdır. Dünyada və regionda sülhə, təhlükəsizliyə təhdid olan erməni faktoru tamamilə aradan qaldırılmalıdır.

Azərbaycan tarixinin qəhrəmanlıq salnaməsinə çevrilmiş 2020-ci ilin 27 sentyabr tarixində başlayan 44 günlük Vətən müharibəsində Azərbaycan xalqı tarixi zəfərə imza ataraq, beynəlxalq qanunlarının aliliyini və tarixi ədaləti bərpa etdi. Noyabrın 9-u Laçın rayonunun Güləbürd, Səfiyan və Türklər kəndləri Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edildi. Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, dekabrın 1-də Laçın rayonu silah işlədilmədən, bir güllə belə atılmadan Azərbaycana təhvil verildi. Bütün bu qalibiyyətlər, Azərbaycanın tarixi torpaqlarının, o cümlədən Laçın rayonunun azadlığı Prezident, Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ordumuzun rəşadətinin, peşəkarlığının, dövlət-xalq-iqtidar-ordu həmrəyliyinin nəticəsi idi.

Laçın rayonunun işğaldan azad edilməsində əsgər və zabitlərimizin şücaətini, qəhrəmanlığını hər zaman yüksək dəyərləndirən müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə döyüş əməliyyatlarında iştirak edərək, şəxsi igidlik nümayiş etdirmiş 8395 hərbi qulluqçumuz 2020-ci il noyabrın 26-da təsis edilmiş "Laçının azad olunmasına görə2” medalı ilə təltif olunmuşdur.

İşğaldan azad edilmiş tarixi ərazilərimizə davamlı səfərlər edən və oradakı real mənzərəni bütün dünyaya göstərən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu ilin 14 fevral və 16 avqust tarixlərində Laçın rayonunda səfərdə olmuş, fevralın 14-də Güləbürd kəndində Azərbaycan bayrağını qaldırmışdır. İşğaldan azad edilmiş digər şəhər və kəndlərimiz kimi Laçın rayonu da yenidən qurulur, dirçəldilir və çox keçməyəcək ki, torpaqlarımız əvvəlki görkəminə dönəcək, əsl gülüstana çevriləcək. Yeni infrastruktur obyektlərinin, yolların, körpülərin, tunellərin, eyni zamanda, azad edilmiş torpaqlarda ümumilikdə tikiləcək üç beynəlxalq hava limanından biri olacaq Laçın beynəlxalq hava limanının inşasına artıq start verilib.

Məlumat üçün bildirək ki, Azərbaycan Respublikasının füsunkar guşələrindən biri olan, ölkəmizin cənub-qərbində, Kiçik Qafqazda yerləşən Laçın rayonu 1930-cu ildən inzibati ərazi vahidi statusu alıb. Rayonun ərazisi şimaldan Kəlbəcər, cənubdan Qubadlı, şərqdən Xocalı, Şuşa və Xocavənd rayonları, qərbdən isə Ermənistanla həmsərhəddir. Ümumi sahəsi 1835 kvadrat kilometri olan rayonun 1 şəhər, 1 qəsəbə, 125 kəndi var. Laçın rayonu zəngin faydalı qazıntılarla zəngindir.

VÜSAR İSMAYILOV

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri