İctimai nəqliyyatda xanımlara yer verilməlidir? - ARAŞDIRMA

29 Noyabr 2021 19:39 (UTC+04:00)

Bir çox insanlar ictimai nəqliyyatda olan sıxlıqdan ayaq üstə qalır. Bu da günün xüsusi pik saatları var ki, o zamanlar daha çox olur. Belə olan halda qadınlar, əlil vətəndaşlar və qocalar avtobusda bir-biri ilə toqquşaraq yol getməli olurlar. Bəzən belə məqamlarda kimsə gəlib oturmaq üçün ətrafa baxır. Bəzilərinin qulaqları qulaqcıqla bağlanıb, gözləri isə oyun oynadıqları telefonlardadır. Bəzi insanlar həqiqətən fərqinə varmır, bəziləri də hiss etməmiş, sanki görmürmüş kimi davranmağa üstünlük verir. Yaşlı və əlil vətəndaşların niyə yerləşdirilməli olduğunu deməyə və izah etməyə ehtiyac yoxdur. Amma gəlin qısaca izah edim ki, niyə qadınlara yer verilməlidir. Məlum olduğu kimi qadının 3 vəziyyəti burada mühüm rol oynayır. Birincisi qadının ictimai nəqliyyatda ayaqda qalması daha çətindir. İkincisi, bu xanım müəyyən şəxsi günündə ola bilər və digər hal hamilə ola bilər, qarnı böyüməmiş ola bilər, çünki hamiləliyinin ilk aylarındadır.

İngiltərədə körpəsinə ayaq üstə süd vermək məcburiyyətində qalan Keyt Hitkens buna görə insanla dolu sıx bir qatarda ayaq üstə dayandığını deyir. Amma bir çox insanlar başqa səbəblərdən də oturmağa ehtiyac duyurlar. Lakin digər sərnişinlər bunu edə bilməyə bilər.

Oksford Universitetinin insan davranışı üzrə mütəxəssisi Oliver Skott Kurri deyir ki, eqoizm və diqqətsizlik burada rol oynayır.

Sosial şəbəkədə bu mövzuda paylaşım edən qadın, "4 aylıq hamilə olanda ürəyim bulanır deyə bir kişidən qatarda yer istədim. O, mənə "Əgər bərabərlik istəyirsənsə, ayaqda qalma" dedi. Sonra onun üstünə qusdum. Üzündə şok ifadəsi var idi.

SİA məsələ ilə bağlı araşdırma apararaq ekspert, sosioloq və şəhər sakinlərinin fikirlərini öyrənib:

Yazıçı-kulturoloq, analitik ekspert Aydın Xan Əbilov məsələyə öz münasibətini bildirib: “İctimai nəqliyyatda davranış normaları ümumiyyətlə, dünyanın hər yerində demək olar ki, eynidir. Amma bir çox ölkələrdə məxsusi mental dəyərlərə uyğun olaraq o davranış normalarına redaktə edilə bilər. Tutalım, Azərbaycanda qadın, uşaq və yaşlı adama xüsusən də elanda göstərildiyi kimi hamilə, uşaqlı qadına oturmaq üçün yer vermək həm normativ sənədlərə görə tələb olunan normaya görə, həm də mental dəyərlərə görə etik normanın bir hissəsinə çevrilib. Amma dünyanın bir çox ölkələrində hamilə qadından başqa digərlərinə yer vermək hətta bəzi ölkələrdə hamilə qadının özünə belə yer vermək kimi bir tələb yoxdur və insanlar bunu qəbul etmirlər. Bu davranış normasına daxil deyil.

Bir çox ölkələrdə həm dini, həm mental dəyərlər, həm də tibbi baxımdan bu dəyərlər fərqlidir. Tutalım, Azərbaycanda qadına mütləq yer vermək lazımdır, o qadın cavandır, gəncdir, yaşlıdır fərqi yoxdur. Amma əgər siz bunu Avropa ölkələrində etsəniz sizi ən azı ictimai qınaq edəcəklər, məhkəməyə verə bilərlər, polisə sizi şikayət edə bilərlər ki, mənim qadınlığımı, zəifliyimi ətrafdakılara büruzə verirsiniz.

Tibbi baxımdan biraz fərqlidir. Tibbi baxımdan son vaxtlar Avropada bir çox beynəlxalq tibb və beyin mərkəzləri də bunu xüsusi vurğulayırlar. İnsanlara, qadınlara, yaşlılara ictimai nəqliyyatda yer verilməsinin qəti əleyhinədirlər. Çünki, onsuz da insan az hərəkət edir, fiziki hərəkətin demək olar ki, minimuma endiyi bir dövrdə yaşayırıq. Təsəvvür edin ki, iki otaqlı evdir hərəkət etmək imkanı yoxdur, liftlə aşağı düşürük və ictimai nəqliyyata minib hər hansı bir yerə gedirik, məkan dəyişirik, işə, ofisə, maqazinə və s. və liftlə qalxırıq, təkrarən yenə də ictimai nəqliyyat, lift bu hərəkətsizlik insanları məhv edir və böyük problemlər yaradır. Bunun qarşısını almaq üçün Avropa ölkələrində deyirlər ki, heç kimə yer vermək olmaz və eyni zamanda onlarda bir ictimai düşüncə tərzi də var ki, əgər mən bilet alıb, biletə pul verib nəqliyyat vasitəsindən taksidən, metrodan istifadə edirəmsə bu mənim haqqımdır və bu haqqı heç kimlə bölüşməmək də mənim hüququma daxildir. Əslində, burada həqiqət var. Yəni, doğrudan da kimsə 40-30 qəpik verib ictimai nəqliyyatla getmək üçün müəyyən məbləğ sərf edirsə onun haqqı var ki, otursun və digərlərinə yer verməsin.

Üstəlik, Avropada bildirirlər ki, hamilə qadınların özünə belə fiziki hərəkət həddindən artıq çox lazımdır ki, o doğuş zamanı asan dünyaya uşaq gətirə bilsin. Bizdə əksinə hamilə qadınlara hər yerdə otur, hərəkət etmə və s. deyib sıxışdırırlar. Amma onlar deyirlər ki, lazım gələndə idman edin. Hətta lazım olanda ictimai nəqliyyatda ayaq üstə gedin ki, fiziki hərəkət etmiş olarsınız. Bu baxımdan da müəyyən fikir və mental ayrılıqları var.

Bir çox şərq ölkələrində, xüsusən müsəlman ölkələrində ərinin yanında kiməsə yer vermək etik sayılmır. Yəni, bu qədər mürəkkəb bir sistem var. Azərbaycanda əlbəttə ki, yenə də bizim mental dəyərlərdən irəli gələn, həm dini, həm milli, həm etnik xüsusiyyətlərimizdən irəli gələn amillərdən biri də bağlı və açıq məkanlarda istənilən yerdə yaşından asılı olmayaraq qadına, yaşlı adamlara, uşaqlara xüsusi qayğı və xüsusi ehtiram, sayğı nümayiş etdirmək imkan daxilində özünün mənafeyini həmin insanların mənafeyinə qurban vermək məsələn, ictimai nəqliyyatda ona yer vermək və yaxud qatarda gedirsinizsə, plaskartda gedirsinizsə yuxarı yerə bilet alan qadına öz yerinizi, aşağıdakı yeri vermək etik sayılır. Bunun gözəl xüsusiyyətləri də var. Amma digər tərəfdən bayaq qeyd etdiyim kimi bu insanlara həddindən artıq nəvaziş göstərmək ona gətirib çıxarır ki, istər oğlan uşaqlarımız, istər qadınlarımız həm kökəlirlər, həm də az hərəkət edən qocalarımız tez ölür. Yəni, bunu da mütləq nəzərə almaq lazımdır.

Mənim yadıma gəlir ki, hətta biz uşaq olanda indinin özündə də bəzi kəndlərdə var ictimai nəqliyyatın özü iki yerə bölünürdü. Qabaqda xanımlar, arxa oturacaqda isə kişilər oturardılar və çıxışda da bu belə idi. Kişilər arxadan çıxırdılar, qadınlar isə qabaqdan çıxırdılar. Xüsusi bir ehtiram nümayiş olunurdu. Amma indi vəziyyət başqa cürdür. İndi artıq gənc qızlar, oğlanlar buna fikir vermirlər.

Fikir vermisinizsə, artıq sosial şəbəkədə bir neçə dəfə yaşlı qadınlar işi var ya yoxdu, ora-bura gedən zaman işdən gəlmiş yorğun, xəstə, bəzən halsız cavanları təhqir edir, ona niyə yer vermədiyini deyir, onun ailə tərbiyəsində problem olduğunu bildirirlər. Bunlara kim haqq verib. Kim haqq verib ki, hansısa bir gənc kiməsə yer verməyəndə ona ictimai qınaq edəsiniz. Bu hansı qanunvericilikdə var. Yəni, bu məsələlərdə biraz ehtiyatlı olmaq lazımdır.

Son vaxtlar gənclərin polisə düşməsinin bir çox hadisələrində biz belə faktlar görürük. Qadınlar xüsusən də əllərində cürbəcür insanı, digər sərnişinləri bulaşdıra biləcək maddələr tutaraq, xüsusən də lap əvvəllər xlor satanlar, süd, qatıq satanlar avtobusun bu başından o başına sürtünə-sürtünə gəlib orada bir cavan oğlanın başının üstündə durur və onu hətta söyürlər ki, çıx buradan mən orda oturum. Ona kim haqq verib?! Bu hansı qanunvericilikdə var?! Ona görə də belə şeylərdə biraz ehtiyatlı olmaq lazımdır.

İctimai nəqliyyatda son vaxtlar çox böyük dəyişikliklər var. Avropa ölkələrində əgər 20 nəfərlik oturacaq yeri varsa, 25 nəfər o avtobusa minə bilməz, öz növbəsini gözləyər, növbəsi gəlib çatanda digər avtobusa minib çıxıb gedər. Bizdə isə təəssüflər olsun ki, hələ bu mədəniyyət yoxdur".

Sosioloq Asif Bayramov isə məsələnin sosial yanlarına toxunub: “Hər bir millətin milli simasını onun tarixən yaranmış və formalaşmış milli dəyərləri, milli ənənəsi, milli mədəniyyəti müəyyən edir. Azərbaycan xalqının dünyanın digər xalqlarından fərqləndirən bir çox xüsusiyyətləri var ki, onlardan da biri yaşlı, əlil, şikəst, fiziki qüsuru olan insanlara, körpələrə münasibətimizdir və tarixən formalaşmış bu ənənə bizim bir millət olaraq tarixin keçməkeşlərindən çıxıb bugünə çatmağımızda mühüm faktor rolunu oynayır. Məsələn, bizim xalqın gözəl bir deyimi var. Deyir ki, qız uşağını körpəliyində ata, gəncliyində ər, qocalığında oğul qoruyar. Yəni, qız uşağını oğul saxlayar. Bu o deməkdir ki, qız uşağının həmişə yardıma, köməyə ehtiyacı var və bütün hallarda qoruyucu faktor kişidir. Deməli, kişi güc rəmzidir, hakimiyyət rəmzidir və ona görə istər ictimai nəqliyyatda, istər məişətdə, istər ictimai həyatımızın digər sferalarında oğlan uşaqlarının və kişilərin qadınlara və yaxud fiziki baxımdan köməyə ehtiyacı olanlara diqqət və sayğı göstərməsi bizim milli dəyərlərimizin prinsiplərindən biridir və o qorunub saxlanılmalıdır”.

Şəhər sakini Fatimə Əzizli: “İctimai nəqliyyatda xanımlara yer verilməlidir. Bu həm qadına hörmət, həm də etikadır. Dünyada nəqliyyat xətləri sürətlə işləyir. Azərbaycanda isə nəqliyyat az və gec çalışır, tıxaclar şəraiti gecikdirir. Etik qaydalara riaət edilmir. Covid-19 ilə mübarizədə tam tədbir alınmalıdır. Ən əsası isə sərnişinlər bəlli saya uyğun olaraq əyləşdirilməlidir”.

Şəhər sakini Mariya Məmmədova: “İctimai nəqliyyatda bir yaşlı nəslin nümayəndəsi kimi bildirirəm ki, gənclər özlərindən böyüklərə yer və yol verməlidir. Avtobus sürücüsü də öz növbəsində yol qaydalarına riayət etməlidir. Qoyulan sürətə uyğun sürməlidir, sərnişinlərlə və şoferlər arasında etika olmalıdır. Yüksək səslə, təhqir dolu ifadələrlə danışmamalıdırlar, ən əsası isə karantin qaydalarına uyğun hərəkət etməlidirlər”.

Şəhər sakini Zərintac Mayisqızı: “Əslində, cinsiyyət bərabərliyi burada da özünü göstərməlidir. Xanımlara özəl münasibət bəsləməyə ehtiyac yoxdur, onlar zəif deyil. Lakin, bu məqamına görə dəyişir. Məsələn, ola bilər ki, ictimai nəqliyyat o qədər basabas olur ki, xanım əks cinsin nümayəndələrinin əhatəsində sıxıla bilər, narahat ola bilər bu anda əyləşən bir bəy ona yer göstərməlidir. Sözsüz yaş kateqoriyasını da qeyd edək, yaşlı xanımlara da yer vermək etik davranışdır. Hamilə xanımlara mütləq və mütləq yer göstərilməlidir. Amma ümumiyyətlə yəni normal şərtlərdə mən həmişə cinsiyyət bərabərliyinin tərəfində oluram. Dünyanın bir çox ölkələrində də bizim ölkədə olduğu kimi xanımlara özəl münasibət sərgiləyirlər. İstər ictimai nəqliyyatda, istər digər nüanslarda bunun etik sayılması məqamına və şərtlərə baxır”.

Şəhər sakini Ləman Quliyeva: “Həyat müştərəkdir. Hər kəs eyni haqq və hüquqa malikdir. Bu nəinki ictimai nəqliyyatda, hər yerdə keçərlidir. Doğrudur, mentalitet və etika deyilən bir anlayışımız var və ictimai nəqliyyatda xanmlara yer verilməsi etik cəhətdən doğru hesab edilə bilər. Amma hüquq cəhətdən yanlış hesab edilə bilməz. Hər kəs ictimai nəqliyyatdan istifadə etmək üçün müəyyən bir məbləğdə ödəniş edir və hər kəs əyləşmə haqqına malikdir. Xanımlara yer verilib-verilməməsi isə şəxsi davranış tərzidir”.

Şəhər sakini Ləman İdrissoy: “Mentalitet və mədəniyyət gərəyi bir çox hallarda ictimai nəqliyyatda nəinki qadınlara, eyni zamanda uşaqlara və yaşlılara da yer verildiyinin şahidi ola bilərik. Hətta bəzi hallarda yer vermədiyi üçün qınaq obyektinə çevrilir. Bu düzgün deyil. Çünki hər kəs ictimai nəqliyyatdan təyin olunmuş gediş haqqını ödəmək şərti ilə istifadə edir. Bu halda fikrimcə, heç kim heç kimə yer verməyə borclu deyil”.

Şəhər sakini Fidan Məmmədova: “Məncə, ictimai nəqliyyatda xanımlara yer verməkdə qeyri-etik bir şey yoxdur. Düzdür, bu xarici ölkələrdə baş vermir, bəlkə də baş verirsə çox az rast gəlinən bir haldır, amma bizdə bu hal olduqca geniş baş verir. Bir nəqliyyatda xanımlar olduğu halda kişiləri əyləşmiş görə bilmərik. Bu centilmenlik əlamətidir. Amma bundan istifadə edib heç bir kişi deyə bilməz ki, qadınlara bizdə olduqca hörmət olunur. Bizdə qadın cinayətləri, qadınlara mənəvi və cinsi zorakılıq da yetərincədir. Bunların tarazlığı tutulsa çox gözəl olar. Elə son dəfə 2 gün öncə azyaşlı qız mənəvi şiddətə məruz qalıb intihar etdi. Bu halların qarşısını almaq üçün mübarizə aparmaq lazımdır”.

Ayşən Vəli