Soçi görüşünün nəticəsi - etibarlı münasibətlərin bərpası olacaq

29 Noyabr 2021 12:12 (UTC+04:00)

Bu ilin noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli bəyanatın imzalanmasından bir il ötdü. Bu baxımdan dövlət başçılarının noyabrın 26-da Soçidə keçirilən görüşünü də həmin sənədin icra vəziyyətinin yoxlanması, monitorinqi kimi də dəyərləndirmək olar. Görüşdə əsasən, Azərbaycan və Ermənistan arasında sərhədlərin demarkasiya və delimitasiyası, regionda vəziyyətin sabitləşməsi və təhlükəsizliyin təmin edilməsi, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası kimi məsələlər müzakirə edilib.

Dorğudan da Azərbaycan ictimaiyyətini narahat edən bir sıra məsələlərin müzakirələr yolu ilə həll olunacağına ümid çox olduğundan bu toplantının nəticələri də müsbət qiymətləndirilir.

Prezident İlham Əliyev əvvəllər dəfələrlə münaqişənin bitdiyini, Qarabağa heç bir status status verilməyəcəyini bəyan edib. Soçidə keçirilən üçtərəfli görüşdə “münaqişə” və “status” kimi ifadələrin işlədilməməsi isə rəsmi Bakının mövqeyinin qəbul edildiyini, bölgədə fərqli şəraitin yarandığını bir daha təsdiqləyir.

Soçi görüşünə Azərbaycan tərəfi Ermənistanla dövlət sərhədlərinin müəyyənləşdirilməsi, işladan azad edilən ərazilərin minalardan təmizlənməsi, 2020-ci ilin noyabrın 10-da imzalanmış bəyanatda Ermənistanın üzərinə götürdüyü öhdəliklərin yerinə yetirməsi, qarşı tərəfin sərhəddə təxribatlarının qarşısının alınması, Zəngəzur dəhlizinin açılması, qaçqınların yurdlarına qayıtması kimi məsələlərlə getmişdi. Görüşdə avtomobil və dəmir yollarının açılmasını nəzərdə tutan layihələrə başlanması ilə bağlı qərar qəbul olunub.

Azərbaycanın dövlət başçısı humanitar məsələlərə toxunaraq hərbi əməliyyatlar bitəndən sonra saxlanılmış 100-dən çox erməni hərbi qulluqçunun Ermənistan tərəfə verildiyini, yaralanmış hərbi qulluqçulara azərbaycanlı həkimlər tərəfindən tibbi yardımın göstərildiyini, yolu azaraq qarşı tərəfə keçmiş bir erməni mülki şəxsin də geri göndərildiyini vurğulayıb.

Prezident İlham Əliyev həmçinin Azərbaycanın Ermənistanla çoxillik qarşıdurma səhifəsini çevirmək, normal qarşılıqlı fəaliyyət mərhələsinə başlamaq əzmində olduğunu da söyləyib.

Beləliklə, Soçi görüşü Azərbaycanın uzun illərdir əməkdaşlıq və regional sülhün təmin olunması ilə bağlı irəli sürdüyü təkliflərin doğruluğunu təsdiqlədi.

İsrafil Kərimov

Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Qızıl qələm” mükafatı laureatı