Soçi görüşü böyük irəliləyişlərə səbəb olacaq - DEPUTAT ŞƏRH ETDİ

29 Noyabr 2021 11:26 (UTC+04:00)

"Bildiyimiz kimi noyabr ayının 26-da Soçidə Rusiya prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş baş tutdu. Üçtərəfli görüşdən əvvəl Vladimir Putinlə İlham Əliyev arasında keçirilən ikitərəfli görüşdə hər iki dövlət başçısı Rusiya ilə Azərbaycan arasında bu cür münasibətlərin çox yüksək səviyyədə olduğunu, həm siyasi, həm də iqtisadi əlaqələrin dinamik şəkildə inkişaf etdiyini qeyd etdilər". Bu sözləri SİA-ya açıqlamasında deputat Kamilə Əliyeva deyib.

Onun sözlərinə görə, Rusiya ilə Azərbaycan arasındakı münasibətlər dostluq və müttəfiqlik vəziyyətindədir, daha doğrusu cənab Prezident İlham Əliyev səviyyəsindədir: "Cənab İlham Əliyev Vladimir Putinə Azərbaycan və Ermənistan arasında münaqişədə göstərdiyi xidmətlərə görə minnətdarlığını bildirdi. Öz növbəsində Vladimir Putin Azərbaycanda Rusiya dövlətinə, eləcə də rus dilinə böyük hörmətin olduğunu qeyd etdi və buna görə də həm Azərbaycan xalqına, həm də cənab İlham Əliyevə öz minnətdarlığını bildirmiş oldu".

Deputat sözlərinə belə davam etdi: "Üçtərəfli görüşün mətbuat üçün açıq keçirilən hissəsindən sonra İlham Əliyev Azərbaycanla Ermənistan arasında münasibətlərin müsbət istiqamətdə inkişaf etdiyini, 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixlərində qəbul edilmiş bəyannamələrin müddəalarının yerinə yetirilməsi üçün işlərin davam etdirildiyini vurğuladı. Paşinyan isə öz köhnə adətinə uyğun olaraq şikayətlənməyə və guya Azərbaycan ordusunun Ermənistan torpaqlarına girdiyini söylədi. Paşinyan yenə də münasibətlərin normallaşmasına beynəlxalq qurumların xüsusilə də münaqişə zamanı heç bir müsbət rolu olmayan ATƏT-in Minsk qrupunun iştirakının labüdlüyünü vurğulayırdı. Paşinyan bu görüşdə də öz millətinin xüsusiyyətinə uyğun olaraq ağlamağı, sızlamağı ilə gündəmdə qalmış oldu".

"Görüşdən sonra hər üç tərəf görüşün konstruktivliyini bildirdilər. Görüşün əsas məqsədi 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci ildə imzalanmış bəyannamələrin icrasının sürətləndirilməsi idi. Üçtərəfli görüşdə münasibətlərin normallaşdırılması üçün 3 əsas istiqamət müzakirə olundu. Birinci sərhədlərin delimitasiyası və demarkasiyası, ikinci humanitar məsələlər, üçüncü isə kommunikasiyaların açılması məsələsi idi. Sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı bu ilin sonuna kimi mexanizmlərin işlənib hazırlanması nəzərdə tutuldu. Bu məsələ ilə bağlı ən önəmli məsələlərdən biri kimi Azərbaycanla Ermənistan arasında ikitərəfli komissiyanın yaradılması nəzərdə tutulur. Humanitar sahədə də nəzərdə tutulur. Kommunikasiyaların bərpası istiqamətində dövlətlər arasında avtomobil və dəmiryol xəttlərinin açılmasının tezləşdirilməsi də qeyd olunurdu və bu görüşdə də şərtləri diqtə edən Azərbaycan tərəfi idi".

"Cənab İlham Əliyev müharibə bitdikdən sonra bəyan etmişdi ki, ilk növbədə Ermənistanda sərhədlərin delimitasiyası və demarkasiyası aparılmalı, bütün kommunikasiya xətləri açılmalıdır. Bu görüşdə də əsas müzakirələr bu məsələlərin həll olunmasına yönəlib. Bütün kommunikasiyaların açılması dedikdə burada ilk olaraq Zəngəzur dəhlizinin açılması nəzərdə tutulurdu. Sonda üç tərəfin iştirakı ilə sənəd imzalandı və bu görüş Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına mənə elə gəlir ki, böyük irəliləyişlərə səbəb olacaq".

Ayşən Vəli