Samuxda şəhid Taleh Yusifovun ildönümü qeyd olunub

29 Noyabr 2021 10:41 (UTC+04:00)

27 noyabr 2020-ci il tarixdə vətən müharibəsində qəhrəmanlıq göstərərək tarix yazan şəhidlərimizdən biri olan Yusifov Taleh Gündüz oğlunun doğulduğu Samux rayonu Ziyadlı kəndində ildönümü qeyd olunub. Anım mərasimində Samux rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev, YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidin ailə üzvləri, dindarlar, ağsaqqallar və kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Şəhidimizin məzarı ziyarət olunub, məzarı üstünə gül dəstələri düzülərək əziz xatirəsi böyük ehtiramla yad edilib, şəhidimizin ruhuna dualar oxunub.

Mərasim zamanı şəhidimizin keçdiyi qəhrəmanlıq yolundan, döyüşlər zamanı göstərdiyi şücaətdən danışılıb. Vətənimizdə mənfur düşmənlərə qarşı mübarizədə torpaqlarımızın azad olunmasına qismən səfərbərlik elan edilən zaman Taleh könüllü olaraq ordu sıralarına yazılmış və sentyabrın 21-də ordu sıralarında xidmətə başlamışdır. İlk günlər Murovdağ yüksəkliyinin alınmasında fəal iştirak etmiş, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı uğrunda gedən döyüşlərdə cəsur, qorxmaz bir snayperçi kimi qəhrəmancasına döyüşmüşdür. Bu döyüşlərdə ordumuz düşməni məğlubiyyətə uğratmışdır. Talehin son döyüşü isə Laçında olub. Laçın dəhlizi uğrunda gedən gərgin döyüşlər zamanı yaralı yoldaşını xilas edərkən özü düşmən gülləsinə tuş gəlmiş və 05 noyabr 2020-ci il tarixində qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlmişdir.

Şəhid Yusifov Taleh Gündüz oğlu 27 noyabr 2020-ci ildə Ziyadlı kənd qəbiristanlığında uğrunda canından keçdiyi torpağa tapşırılıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirən Taleh Gündüz oğlu Yusifov Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ölümündən sonra “Vətən uğrunda”, “Hərbi xidmətlərinə görə”, “Qubadlının azad olunmasına görə”, “Laçının azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib. Allah şəhidimizə rəhmət eləsin! Ruhu şad olsun!

İLHAM