“Rusiya dəhlizin açılması məsələsində Azərbaycanın mövqeyini anlayır” - SİYASİ EKSPERT AÇIQLADI

28 Noyabr 2021 17:51 (UTC+04:00)

“Soçi görüşündə qismən aydınlıq gətirilən məsələlərdən biri Azərbaycan ilə Ermənistan arasında dəhlizin açılması ilə bağlı oldu. Həqiqətən də üçtərəfli görüşdə, bundan əvvəlki ikitərəfli görüşdə və mətbuat açıqlamalarında Rusiya prezidenti Vladimir Putin dəfələrlə dəhlizlər ifadəsi işlətdi. Məsələ burasındadır ki, bu təsadüfi deyil”. Bu sözləri SİA-ya açıqlamasında “Bakı xəbər” qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.


Onun sözlərinə görə, Ermənistanın görüşə qədər ki, mövqeyi ondan ibarət idi ki, Zəngəzur sözü ümumiyyətlə işlədilməsin və dəhliz sözü siyasi bir termin olaraq ortaya gətirilməsin: “Dəhliz terminindən Ermənistanın narahat olmasının kökü bundan ibarətdir ki, Ermənistan noyabr ayının 10-da əldə olunmuş razılaşmaya uyğun olaraq Azərbaycanın böyük bir hissəsi ilə Naxçıvanın dəhliz vasitəsilə birləşməsini istəmir. Eləcə də bu dəhlizin Zəngəzur dəhlizi adlandırılmasını qəti şəkildə istəmir. Ona görə də Ermənistan nə Zəngəzur, nə də dəhliz sözlərinin işlədilməsində maraqlı deyil. Bu baxımdan Soçi görüşündə Rusiya prezidentinin dəhlizlər ifadəsini işlətməsi olduqca maraqlıdır”.

Aydın Quliyev fikirlərinə davam edərək həmçinin qeyd edib ki, Rusiya prezidenti Vladimir Putin dəhlizlər ifadəsini işlətdi və ən yaxın vaxtlarda Azərbaycan ilə Ermənistan arasında dəhlizlərin fəaliyyətinin bərpa olunması və ilk növbədə avtomobil və dəmir yollarının bərpa olunması kimi zərurətdən danışdı. Göründüyü kimi burada söhbət təkcə Laçın dəhlizindən getmir. Rusiya Qafqazda müharibədən sonra yaranmış yeni reallıqların sırasında təkcə Laçın dəhlizindən danışmır, eyni zamanda Azərbaycanın böyük bir hissəsini Naxçıvan ilə birləşdirən Zəngəzur dəhlizindən danışır. Rusiya prezidenti Vladimir Putinin dəhlizlər ifadəsini işlətməsi həm Azərbaycanın mənafeyinə uyğundur, həm Ermənistanın vacib arqumentlərindən birindən məhrum edilməsi deməkdir, həm də Azərbaycanın böyük hissəsindən gələcəkdə Naxçıvana açılacaq kommunikasiyanın dəhliz qədər geniş mənada başa düşülməsinin əsasının yaradılması deməkdir. Artıq heç bir şübhə yoxdur ki, Rusiya da bu istiqamətdə sadəcə bir yolun, bir cığırın yox, geniş mənada dəhlizin açılması məsələsində Azərbaycanın mövqeyinin perspektivli olduğunu anlayır və bunu həyata keçirmək üçün müəyyən şanslar axtarır”.