BMT-dən Azərbaycanla Ermənistana təklif

27 Noyabr 2021 20:33 (UTC+04:00)

BMT-nin Baş katibi Antonio Quterreş Rusiya, Azərbaycan və Ermənistanın üçtərəfli görüşünün keçirilməsini alqışlayır.

SİA TASS-a istinadən xəbər verir ki, bunu Quterreşin rəsmi nümayəndəsinin müavini Fərhan Haq deyib.

“BMT-nin Baş katibi noyabrın 26-da Ermənistanın Baş naziri Nikol Paşinyan, Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında üçtərəfli görüşü yüksək qiymətləndirir. Quterreş Azərbaycan və Ermənistanı bütün mövcud formatlardan, o cümlədən, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Minsk Qrupundan istifadə etməklə qalan məsələləri həll etməyə çağırır”, – Haq bildirib.

Fərhan Haq əlavə edib ki, Baş katib davamlı sülhün yalnız dialoq yolu ilə əldə oluna biləcəyi ilə bağlı BMT-nin mövqeyini təsdiqləyir və tərəfləri qalan məsələləri bütün mövcud formatlar, o cümlədən, ATƏT-in Minsk Qrupu həmsədrlərinin himayəsi altında həll etməyə çağırır:

“BMT bu cür səyləri, o cümlədən, humanitar yardım göstərmək, yenidənqurma və bölgədə sülhün bərqərar edilməsinə kömək göstərməklə dəstəkləməyə hazırdır”.